Xəlifə Həftərin dəstəklədiyi Şərqi Tobruq Nümayəndələr Palatasında Əbdülhəmid Dibeybe hökumətinin səlahiyyət müddətinin başa çatması üçün səsvermə keçirildi. Parlamentdə şərqdə yerləşən Usamə Hammad hökuməti yeni və vahid hökumət seçilənə qədər yeganə “qanuni” hökumət elan edildi. Bundan əlavə, Nümayəndələr Palatası Həftər tərəfdarı olan parlament sədri Akile Salihi “Liviya Silahlı Qüvvələri”nin komandanı elan etdi.
Halbuki, 2021-ci ildə edilən Liviya Siyasi Razılaşmasına əsasən, bu titul ölkədə demokratik seçkilər keçirilənə qədər Prezident Şurasının sədri və onun iki müavininə məxsus olacaqdı. Bu addımdan bir neçə gün sonra Liviya Milli Birlik Hökumətinin (MBH) Baş naziri Əbdülhəmid Dibeybenin 2011-ci ildən Mərkəzi Bankın rəhbəri olan Sadiq əl-Kəbiri vəzifəsindən azad etməsi ilə ölkədə atmosfer daha da gərginləşdi.
Qarşılıqlı qərarlar gərginliyə səbəb olur
Sadiq əl-Kəbirin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə yaxın münasibətləri və Dibeybeyə qarşı olması məlum faktdır. Bu hadisələrdən sonra Həftərə sadiq silahlı milislərin Tripoli ətrafında səfərbərliyi baş verdi. Bu silsilə hadisələr qarşısında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) bəyanat verərək, hərbi qarşıdurma variantından uzaq durmağı, 2020-ci ildəki atəşkəs razılaşmasına, 2023-cü ildəki BMT TŞ-nin qərarlarına əməl etməyi və Liviya Siyasi Dialoq Forumundakı yol xəritəsinə sadiq qalmağı tələb etdi.
Həftər Kəbirin işdən çıxarılmasını qəbul etmədiyini açıqlayarkən, şərqdə yerləşən Hammad hökuməti və parlamentin sədri Salih ölkədə neft hasilatını dayandırmaq qərarına gəldi. Hazırda Prezident Şurası tərəfindən Mərkəzi Bankın sədri vəzifəsini icra edən Abdülfəttah Abdül Qaffar ölkədə maliyyə böhranının qarşısını almaq və maaşlarda hər hansı bir axsama yaşanmaması üçün səy göstərir.
Liviya Ali Dövlət Şurası bu problemin daimi həlli üçün Liviya Siyasi Razılaşmasına istinad edib və bütün tərəfləri dialoqa dəvət edib. Liviya Dövlət Ali Şurasının sədri Məhəmməd Miftah Takala Ərəb Dövlətləri Liqasının himayəsindəki Tobruq Nümayəndələr Palatası, Prezident Şurası və Ali Dövlət Şurası arasında martın 10-da edilən razılaşmalar əsasında seçkilərin keçirilməsi ilə bağlı xəbərdarlıq edib.
Liviyadakı keçmiş problemlər
Cəmi bir neçə abzasla belə izahı çətin olan bu cari hadisələr əslində yerinə yetirilməyən keçmiş vədlərin, əməl edilməyən razılaşmaların qalığıdır. Bu ziddiyyəti bir çox hallarda xüsusilə Şərq (Həftər) tərəfində görə bilərik. 2020-ci ildə imzalanan atəşkəsə və ondan sonrakı razılaşmalara baxmayaraq, birtərəfli qaydada paralel hökumətlər quran Həftər və Həftər tərəfdarı Salih uzun müddətdir ki, ölkənin paytaxtını Tripolidən Sirtə köçürməyə çalışır.
Eyni şəkildə, şərqdə yerləşən parlament və Həftər indiyə qədər əldə edilmiş razılaşmaları pozmurmuş kimi bir görüntü yaratmağa çalışsalar da, Həftərin 2017-ci ildə Süheyrət müqaviləsini və prezident şurasını birtərəfli qaydada “qanunsuz” elan etməsi də məlum olan başqa bir faktdır. Kəbirin ABŞ ilə razılaşması və 2011-ci ildən bu yana bir növ “toxunulmaz” olması başqa bir sirr olarkən, onun işdən çıxarılmasına reaksiya verən Həftərin 2024-cü ilin əvvəlində Rusiyadan aldığı milyardlarla dollarlıq dəstək başqa məsələdir.
Daha əvvəl Rusiya tərəfindən hazırlanan Liviya dinarları Liviya Mərkəzi Bankı tərəfindən “etibarsız” elan edilsə də, bazarda bu valyutaların istifadə edildiyi məlumdur. Bir sözlə, Liviyadakı vəziyyət göründüyündən qat-qat mürəkkəbdir və çoxlu bilinməyənləri ehtiva edən bir tənlikdir. Təbii ki, 7 milyona yaxın əhalisinin 100-dən çox qəbilədən və yüzlərlə ayrı-ayrı silahlı dəstələrdən ibarət olduğu sosiologiyada belə böhranları həll etmək asan deyil.
Lakin BMT-nin Liviya nümayəndələrinin vəzifədən getdikdən sonra dəfələrlə etiraf etdikləri səhvlər, qanuni səlahiyyət və BMT-nin nəzdində imzalanan müqavilələr əvəzinə təfərrüatları məlum olmayan ikitərəfli motivlərə sadiq qalmaları, ABŞ, Fransa və Rusiyanın BMT TŞ-nin qərarlarına zidd əlaqə şəbəkələri Liviyadakı prosesi bu nöqtəyə gətirib.
Türkiyənin bu mənzərədə ölkədə həlledici güclərdən biri olması bəlkə də çox erkən başlaya biləcək müharibənin qarşısını alır. Ancaq zamanında Ankaranın BMT-nin dəstəklədiyi hökumətə bu hökumətin tələbinə istinadən verdiyi dəstəyi arxa planda qeyri-qanuni əlaqələr quran digər aktorların əliylə bəzilərinin xeyrinə şərh etməyə çalışan beynəlxalq aktorlar da var.
Liviyada seçkilərə ehtiyac var
Liviyada seçkilərin keçirilməsinə ehtiyac olduğu şübhəsiz bir həqiqətdir. Lakin seçkilərin ədalətli keçirilməsi qarşılıqlı razılıq əsasında hazırlanan konstitusiya ilə mümkündür. Hər kəs bilir ki, şərq tərəfdə, Həftər silahlılarının silahlarının kölgəsi altında keçiriləcək seçkidən sağlam nəticə əldə etmək mümkün deyil. Bundan əlavə, İmad Əl Sayehin də Kəbir kimi illərdir bütün xaosa rəğmən vəzifə başında olması faktı var.
Liviya Ali Seçki Komissiyasının sədri Sayehin Fransa ilə əlaqələri mümkün “obyektiv” seçki prosesinin qarşısındakı digər maneədir. Deyə bilərik ki, Fransa və Misirin hazırkı hadisələrin baş verməsindən bir müddət əvvəl təcili seçki çağırışı da bununla sıx bağlıdır və xoş niyyətli deyil.
Türkiyənin son bir neçə ildə yeni xarici siyasət dinamikasında normallaşma mühitinə keçməsi onun bölgədəki hadisələrdə daha çox nüfuz qazanmasına və bununla da böhranların qarşısını almasına kömək edir. Lakin digər aktorlar Liviya məsələsinə də eyni səmimiyyətlə yanaşmalıdırlar.
Həftər və onu dəstəkləyən qruplar əvvəlcə BMT-nin 2015-ci ildə imzaladığı Liviya Siyasi Razılaşması ilə yaradılan siyasi hakimiyyəti tanısalar da, sonradan mübahisəli legitimliyini itirməmək üçün razılaşmaya qarşı çıxıblar və Nümayəndələr Palatasını Tripolidən Tobruqa köçürüblər. Yəni hazırda Liviyada Dibeybe hökumətini qeyri-legitim elan edən tərəfin legitimliyi çoxdan müzakirə edilməli idi.
Bu faktı görməzdən gələn və Şərq tərəfinə qeyri-mütənasib legitimlik aid edən ikiüzlü siyasətlərə baxmayaraq, Türkiyə hazırda hər iki tərəflə dialoq üçün zəmin yaratmağa çalışır. Buna görə də Liviyadakı problemlər Türkiyənin də daxil olduğu bir neçə aktordan ibarət olacaq bir strukturun əvvəlcə konstitusiya mövzusunda yekun razılaşmaya zəmin təmin etməsi və seçki prosesində ölkənin dörd tərəfindən seçki qutularının təhlükəsizliyini təmin edəcək bir təhlükəsizlik mexanizmi yaratması ilə həll edilə bilər.
Lakin Liviyadakı əsl problem ondan qaynaqlanır ki, digər aktorlar, xüsusən də BMT rəsmiləri, ABŞ və Rusiya əslində həlli istəmirlər və münaqişə mühitindən istifadə edirlər.
Asif Cəfərov
Ordu.az