Türkiyə kvant texnologiyaları üçün inkişaf etdirmə mərkəzi qurur: Layihələr hansılardır? (FOTOLAR)

2024/12/1734765996.jpg
Oxunub: 1096     14:25     10 Yanvar 2025    
Türkiyə müdafiə sənayesini və texnoloji üstünlüyünü gücləndirmək üçün böyük bir addım atır.

Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) tərəfindən verilən açıqlamaya görə, Türkiyə Kvant Texnologiyaları İnkişaf Etdirmə Mərkəzinin (TKTİEM) yaradılmasına ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə 2024-cü il avqustun 6-da keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin (MSİK) iclasında qərar verilib.

Kvant Texnologiyaları İnkişaf Etdirmə Mərkəzi yaradılır

Yeni yaradılan bu mərkəz Türkiyənin kvant texnologiyalarında ehtiyac duyduğu infrastrukturların inkişaf etdirilməsi, ixtisaslı insan resurslarının hazırlanması və yerli ekosistemin gücləndirilməsi məqsədi ilə fəaliyyət göstərəcək. Bundan əlavə, milli və beynəlxalq əməkdaşlığın artırılması mərkəzdə prioritet hədəflərdən biri olacaq.

Türkiyə MSK sədri Haluk Görgün Türkiyənin 2020-ci ildə başlatdığı Kvant Texnologiyalarının İnkişaf Etdirilməsi Proqramı çərçivəsində ölkədə mövcud infrastruktur və biliklərdən maksimum istifadə edilərək, layihələrin həyata keçirildiyini bildirib. Görgün kvant texnologiyalarında əldə ediləcək strateji üstünlüklərin əhəmiyyətini vurğulayaraq, qurulacaq mərkəzin həm hərbi, həm də mülki sektorda təməlqoyucu inkişaflara yol açacağını qeyd edib.


Kvant texnologiyalarının gələcək müharibə mühitində qavrayış, rabitə, şifrələmə, alqoritm, prosessorlar və hesablama kimi sahələrdə inqilabi yeniliklər təklif edəcəyi gözlənilir. Türkiyə bu mərkəzlə qlobal inkişaflarla eyni vaxtda irəliləyərək, kvant texnologiyalarında dünya ilə rəqabət aparmağı hədəfləyir. Yeni mərkəz Türkiyəyə təkcə müdafiə sənayesində deyil, həm də material və dərmanların inkişaf etdirilməsi, tibbi tədqiqatlar, kosmos və enerji kimi mühüm mülki sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etməyə imkan verəcək.

Türkiyənin kvant layihələri nələrdir?

ASELSAN kvant texnologiyaları sahəsində Türkiyənin aparıcı şirkətlərindən biridir. ASELSAN bir neçə il əvvəl kvant sahəsində araşdırmalar üçün Kvant Araşdırma Laboratoriyasını (KUANTAL) qurdu. Ötən ilin sonunda ASELSAN KUANTAL-ın ilk məhsulları ortaya çıxdı. Bunlara kvant təsadüfi ədədlər generatoru və ilk kvant inteqral sxemləri daxildir. Türkiyənin kvant texnologiyaları arasında aşağıdakı layihələr də mövcuddur.


Proton Mübadilə Membran PEM “Fuel Cell” Texnologiyasının inkişaf etdirilməsi üçün ÇAĞIN Layihəsi


Kvant texnologiyası ilə varlığı aşkar edilə bilməyən, görünməz hədəfləri ortaya qoyan, kor edilə bilməyən, aldadıla bilməyən, sahədə oyun dəyişdirici LİDAR-ın inkişaf etdirilməsi üçün Kvant LİDAR Layihəsi


Türkiyənin təhlükəsizliyi üçün klassik radarlar tərəfindən aşkar edilə bilməyən hədəfləri aşkar edə bilən radar inkişaf etdirilməsi üçün Kvant RADAR Layihəsi


Orta və uzun infraqırmızı dalğa uzunluqlarında işləyən kəşfiyyat və müşahidə sistemləri üçün yarımkeçirici təbəqələrin ardıcıl olaraq istifadə edildiyi Superhörmə İnfraqırmızı Detektor Komandalarının milli olaraq inkişaf etdirilməsi məqsədilə Superhörmə Layihəsi


Dəqiq naviqasiya sistemi tələb edən dəniz platformalarında istifadə edilmək üçün ətalətli sensorların milli olduğu Ətalətli Naviqasiya Sisteminin inkişaf etdirilməsi məqsədilə “Mira” Layihəsi


Orijinal nüvə ilə milli prosessorun dizaynı, periferik interfeyslərin yerliləşdirilməsi və bu sahədə ekosistemin genişləndirilməsi məqsədilə çoxnüvəli mikroprosessor inkişaf etdirilmsəi üçün “Yonca” Layihəsi.


Mülki və hərbi vasitələrə V2X rabitə infrastrukturunun qazandırılması məqsədilə “Karınca” Layihəsi


Ultra geniş diapazonlu rabitə ilə sürü sistemləri üçün nisbi yerləşdirmənin təmin edilməsi və sürü formasiyasının yaradılması məqsədilə “Göksu” Layihəsi

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kvant   MSK  


Bizi "telegram"da izləyin