Söhbətin nədən getdiyinə qərar vermək çox çətindir. Beynəlxalq mətbuat hesab edir ki, bu iki hərbi baza daha çox Afrikaya daşımalarda toplama məntəqəsi kimi xidmət edib. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mənbələri Suriyanın yeni hakimiyyətinin nümayəndələri ilə təmasların qurulduğunu bildiriblər. Putin Moskvada məskunlaşdıqdan sonra Suriyanın keçmiş prezidenti Bəşər Əsədlə hələ görüşmədiyini, lakin belə bir planının olduğunu açıqlayıb.
Dəqiq olmayan məlumatlara görə, Dövlət Dumasının bir qrup deputatı Əsədə yaşayış yeri kimi Rusiya qoşunlarının nəzarətində olan Ukraynanın Mariupol şəhərinin təyin edilməsini təklif edib. Onların fikrincə, Əsəd Mariupolda bərpa proqramı həyata keçirə bilər, bundan sonra ona Rusiya vətəndaşlığının verilməsi məsələsi müzakirə olunacaq.
Güman etmək olarmı ki, Putin Birləşmiş Ərəb Əmirlikləri tərəfindən siyasi sığınacaq belə verilməyən Əsədə bu və ya buna bənzər təklif edəcək? Ola bilsin ki, Suriyanın yeni hakimiyyəti Rusiya hərbi bazalarının gələcək taleyini Əsədlə bağlasın. Suriya ordusunun hərbi birləşmələrindən birinin komandiri olan devrilmiş diktatorun doğma qardaşı Maher Əsədin Livanla sərhəddə həbs edildiyi barədə məlumat yayılıb.
Artıq türkiyəli mütəxəssislər Dəməşqdə və başqa yerlərdə işləyirlər. Onların Əsəd rejiminin qurbanlarının qalıqlarının dəfn olunduğu güman edilən kütləvi məzarlıqlar tapdıqları bildirilir. Bu, Türkiyənin Əsədin cinayətlərini ifşa edib, beynəlxalq məhkəmələrə təqdim etməyi hədəflədiyini sübut edir. Suriyadakı vəziyyəti dəyərləndirən Putin bildirib ki, hazırda əsas benefisiar İsraildir, çünki o, Colan təpələrində nəinki güclənib, hətta yeni əraziləri də tutub.
Rusiya prezidenti ümid etdiyini bildirib ki, İsrail nə vaxtsa həmin əraziləri tərk edəcək, lakin indiki addımları onun Suriyada möhkəmlənmək niyyətində olduğunu sübut edir. Eyni “Əsəd rejiminin devrilməsindən kim qazanıb?” sualına ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp açıq şəkildə cavab verərək, Türkiyə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qeyd edib.
Rusiya prezidentinin Türkiyənin rolunu dəyərləndirmədiyini və ya bu ölkənin və onun prezidentinin xeyrini görmədiyini söyləmək düzgün olmazdı. Suriya hadisələrindən əsas faydalanan kimi İsraili təyin edən Putin əvvəlcə Əsədi devirmək planının müəllifinin əslində ABŞ olduğuna eyham vurur, sonra isə açıq şəkildə Türkiyə prezidentini qoruyur.
Bu xidmətdən belə qənaətə gəlmək olar ki, onun hələ də Ərdoğandan gözləntiləri var və ya ən azından Rusiya-Türkiyə münasibətlərində “körpülərin yandırıldığını” düşünmür. Təsadüfi deyil ki, o, eyni kontekstdə yenidən Ukrayna ilə danışıqların əsası kimi təxminən 3 illik tarixə malik “İstanbul razılaşmaları”nı qeyd edib. Bu, ola bilsin ki, Türkiyənin nizamlanmada iştirakının zəmanətidir. KİV-lər bildirir ki, Ərdoğan Dəməşqə getməyə hazırlaşır.
Bu o deməkdir ki, səfər yaxın 15 gün ərzində təşkil olunacaq. Bu, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalının Dəməşqə səfərindən sonra proqnozlaşdırılan idi. Bəs sözügedən səfərdə Ərdoğan Putin üçün vasitəçilik edəcəkmi?
Asif Cəfərov
Ordu.az