Ordu.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Nauseda bildirib ki, bunun baş verməsi üçün ilk növbədə hər iki ölkə Litvanın vasitəçiliyinə razılıq verməlidir.
“İlk növbədə onların özləri belə bir istək bildirməlidirlər. Mən illik müraciətimdə də demişdim ki, bizə yaxın olan iki xalq - Polşa və Ukrayna arasında münasibətlərin pisləşməməsi üçün əlimdən gələni etməyə hazıram”, - deyə Litva Prezidenti LNK telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, şənbə günü Polşanın şimalında yerləşən iqamətgahda Polşa Prezidenti Karol Navrotski ilə qeyri-rəsmi görüş keçirəcək və həmin görüşdə bu məsələni müzakirə etmək imkanı olacaq.
“Bu məsələni mütləq müzakirə edəcəyik. Bu mənim üçün son dərəcə vacibdir”, - deyə Nauseda vurğulayıb.
Onun sözlərinə görə, hazırda həm Polşa, həm də Ukrayna diplomatik problemi vasitəçilər olmadan öz aralarında həll etmək istədiklərini bəyan edirlər.
“Polşanın xarici işlər naziri Radoslav Sikorskinin bu barədə açıqlamasını eşitmişəm. Lakin hər iki tərəf vasitəçiyə ehtiyac olduğu qənaətinə gələrsə və belə bir müraciət olarsa, mən bu rolu üzərimə götürməyə hazıram”, - deyə Litva Prezidenti bildirib.
Nauseda Polşaya səfəri zamanı Karol Navrotskidən münaqişənin səbəbləri və vəziyyətin normallaşdırılması üçün atıla biləcək addımlar barədə daha ətraflı məlumat almaq istədiyini də qeyd edib.
Litva Prezidentinin sözlərinə görə, bu həftə Qdansk şəhərində keçirilən Ukraynanın bərpasına həsr olunmuş konfrans zamanı Ukraynanın Baş naziri Yuliya Sviridenko Kiyevin bu böhranın həllində maraqlı olduğunu açıq şəkildə ifadə edib.
“Keçmiş vacibdir, lakin xüsusilə Ukraynaya qarşı təcavüzün davam etdiyi indiki şəraitdə bugünkü vəziyyət daha böyük əhəmiyyət daşıyır”, - deyə Nauseda bildirib.
Bundan əvvəl Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmək barədə qərar qəbul etmişdi. O bildirmişdi ki, polyaklar müharibənin nə olduğunu və Rusiya təhdidinin nə demək olduğunu yaxşı bilirlər. Navrotski əlavə etmişdi ki, “polyakların səbrinin də həddi var və bu hədd artıq tükənib”.
Bu qərardan sonra Zelenski ordeni poçt vasitəsilə Polşa Prezidentinə geri göndərdiyini açıqlamış və Ukraynanın tərəfdaşları ilə konstruktiv əməkdaşlığa əvvəlki kimi açıq olduğunu vurğulamışdı.
Daha sonra Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, Ukraynanın Polşadakı səfiri Vasili Bodnar, xarici işlər naziri Andrey Sibiqa, eləcə də keçmiş prezidentlər Leonid Kuçma, Viktor Yuşşenko, Pyotr Poroşenko və sabiq baş nazir Volodimir Qroysman da Polşanın ali dövlət mükafatlarını geri qaytarıblar.
Polşanın Baş naziri Donald Tusk isə Karol Navrotskinin Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsi qərarının Moskvaya sərf etdiyini və müttəfiqlər arasında ciddi narahatlıq yaratdığını bildirib.
Məlumata görə, Polşa Prezidentinin narazılığına səbəb Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə Ukrayna Üsyançı Ordusunun fəxri adının verilməsi barədə qərarı olub. İkinci Dünya müharibəsi illərində bu təşkilat polyakların kütləvi qətliamlarında iştirak edib və Polşa həmin hadisələri rəsmi olaraq soyqırımı kimi tanıyır.
Ukrayna isə Ukrayna Üsyançı Ordusunu vətənpərvər təşkilat hesab edir. Polşa isə dəfələrlə Kiyevi Volın faciəsində bu təşkilatın rolunu tanımağa çağırıb.
Sevinc Əliyeva
Ordu.az