Rusiya Suriya məsələsində İranı “diplomatik tələ”yə salmaq istəyib? – Pərdəarxası Detallar

2024/12/1734496645.jpg
Oxunub: 763     17:36     18 Dekabr 2024    
Rusiyalı siyasi şərhçi Stanislav Tarasov dolayısı ilə İranı Bəşər Əsəd rejiminin devrilməsində günahlandırır. Onun sözlərinə görə, Tehran Rusiya və Türkiyənin Suriyada təsir imkanlarının yenidən bölüşdürülməsi ilə bağlı gizli razılaşmaya malik olduğundan şübhələnib.

Dekabrın 5-də İran dini liderin siyasi məsələlər üzrə müavini ayətullah Möhsün Quminin başçılığı ilə yüksək səviyyəli nümayəndə heyətini Moskvaya göndərib. Tərəflərin hansı səviyyədə təmasda olduqları barədə məlumat yoxdur. Görünür, ayətullah Qumi Tehrana qayıdandan sonra Suriya “qazanı”ndan uzaq durmağı tövsiyə edib. İsrail mətbuatının yazdığına görə, Bəşər Əsəd dekabrın 2-də Moskvada olub və orada ona başa salıblar ki, “Ukraynada ilişib qalıblar və hərbi yardım göstərə bilməzlər”.

Belə bir təəssürat var ki, Moskva Tehranı Əsəd rejimini xilas etmək məsuliyyətini öz üzərinə götürməyə inandırmağa çalışıb, lakin farslar İsraillə birbaşa münaqişədən qaçmaq üçün deyil, “diplomatik tələdən yayınmaq” üçün imtina ediblər. İctimai-diplomatik söhbətdə “Suriya Ərəb Respublikası” adlı ölkənin parçalanması məsələsinin gündəmdə olduğunu heç kim etiraf etmir. Lakin ekspert dairələri siqnallar göndərirlər.

Hətta Rusiya mətbuatı da xatırladır ki, Birinci Dünya müharibəsindən sonra hazırda “Suriya” adlanan ərazi Fransa mandatı altında “bir neçə dövlətə”, o cümlədən “Böyük Livan”a bölünüb. Suriya “inqilabı” İsrail-Livan atəşkəsinin qüvvəyə minməsindən iki-üç saat sonra başladı. Uzun müddətdir Aralıq dənizinin şərq bölgəsində “güc qütbü” formalaşdırmağa çalışan Fransa da bu razılaşmanın təminatçısıdır.

Suriya “inqilabı”nın Kiprin NATO-ya üzv olmaq istəyi ilə bağlı diplomatik müzakirələrlə üst-üstə düşməsini təsadüf saymaq olmaz. Görünür, bu, Şimali Kipr Türk Respublikası problemini həll etmək variantıdır. Türkiyə NATO-nun üzvüdür və Ankara vahid Kiprlə eyni ittifaqda olmaqla kifayətlənə bilər ki, bu da adanın türk əhalisinin faktiki müstəqilliyini təmin etməyə imkan verəcək.

Dekabrın 13-də İstanbulda Strateji Kommunikasiyalar üzrə Beynəlxalq Konfrans çağırılıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çıxışında ölkəsinin təkcə Yaxın Şərq, Balkanlar, Qafqaz və Qara dəniz regionunda deyil, həm də Afrikada qlobal siyasətə təsirinin olduğunu bildirib. O, Somali və Efiopiya prezidentlərinin Türkiyəyə səfəri və münasibətlərin tənzimlənməsinə dair sazişin imzalanmasına toxunub.

Bu, şübhəsiz ki, Türkiyənin beynəlxalq rolunun qeydə alınmasıdır və xüsusilə Qafqazda bu, dərindən qiymətləndirilməlidir: Ankara münaqişəli ölkələrin liderlərinin münasibətlərin nizamlanması üzrə razılığa gəldiyi paytaxtlar sırasında yer alıb. Beləliklə, Türkiyə münaqişəni həll edən vasitəçi kimi nüfuz qazanır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   İran  


Bizi "telegram"da izləyin