Çin və Rusiyaya məxsus hərbi təyyarələr Koreyanın HHM identifikasiya zonasına daxil olub

2026/06/1782582629.jpg
Oxunub: 209     21:26     27 İyun 2026    
Cənubi Koreya Çin və Rusiyaya məxsus 10-dan çox hərbi təyyarənin ölkənin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olmasından sonra qırıcı təyyarələrini havaya qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Məlumata görə, Çin və Rusiyaya məxsus hərbi təyyarələr Şərq dənizi və Cənub dənizi üzərində yerləşən Koreya Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasına (KADIZ) daxil olduqdan sonra ərazini tərk ediblər.

Bildirilib ki, Cənubi Koreya hərbçiləri təyyarələr zona sərhədinə çatmamış onları müəyyən edib və mümkün hər hansı vəziyyətə hazır olmaq üçün Hərbi Hava Qüvvələrinin qırıcılarını bölgəyə göndərib.

Rəsmi açıqlamada vurğulanıb ki, Çin və Rusiya təyyarələri Cənubi Koreyanın hava məkanını pozmayıb.

Qeyd olunub ki, hava hücumundan müdafiə identifikasiya zonası dövlətin suveren hava məkanı hesab edilmir və təhlükəsizlik məqsədilə yaxınlaşan təyyarələrin müəyyən edilməsi üçün istifadə olunan bufer zonadır.

Çinin Müdafiə Nazirliyi isə açıqlamasında Çin və Rusiya hərbi hava qüvvələrinin Yaponiya dənizi, Şərqi Çin dənizi və Sakit okeanın qərb hissəsi üzərində “strateji hava patrulu” həyata keçirdiyini, bunun regional sülh və sabitliyin birgə qorunmasına yönəldiyini bildirib.

Rusiya hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Xatırladaq ki, ötən ilin dekabrında doqquz Çin və Rusiya hərbi təyyarəsinin KADIZ-a daxil olmasından sonra Cənubi Koreya və Yaponiya Pekin və Moskvaya etirazlarını bildirmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya   Koreya  


Bizi "telegram"da izləyin