“Yerevan.Today”: “Avropa bazarları” nağılı dağıldı, Ermənistandan Avropa İttifaqına meyvə-tərəvəz ixrac olunmayıb

2026/04/1775888747.jpg
Oxunub: 229     17:02     27 İyun 2026    
“Ermənistan hakimiyyəti uzun müddətdir ictimaiyyəti inandırmağa çalışırdı ki, yeni xarici siyasət kursu ölkə üçün yeni iqtisadi imkanlar açacaq və Ermənistan məhsulları asanlıqla alternativ bazarlara çıxacaq. Lakin rəsmi statistika bunun tam əksini göstərir”.

Ordu.az xəbər verir ki, bu barədə “Yerevan.Today” nəşri “Avropa bazarları” nağılı dağıldı, Ermənistandan Avropa İttifaqına meyvə-tərəvəz ixrac olunmayıb” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, parlamentdəki “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyanın sorğusuna cavab olaraq Ermənistan İqtisadiyyat Nazirliyi bildirib ki, 2026-cı il iyunun 1-dən 18-dək Ermənistan məhsullarından Avropa İttifaqına üzv ölkələrə bir kiloqram belə meyvə-tərəvəz ixrac edilməyib.

“Bu, hakimiyyətin Ermənistan üçün yeni iqtisadi imkanların qapısı kimi təqdim etdiyi həmin Avropa istiqamətidir. İqtisadiyyat naziri Gevorq Papoyan Avropa İttifaqına ixracın beş dəfə artırılacağını vəd etmişdi. Lakin fakt dəyişməz olaraq qalır, göstərilən müddətdə Ermənistanın meyvə-tərəvəz məhsullarının Avropa İttifaqı bazarına ixracı sıfır olub”, - deyə məqalədə qeyd olunub.

Nəşr vurğulayıb ki, Avrasiya İqtisadi Birliyi bazarı istiqamətində vəziyyət daha da narahatedicidir.

“Nazirliyin məlumatına görə, 2026-cı il iyunun 1-dən 18-dək Ermənistan Avrasiya İqtisadi Birliyi bazarına cəmi 131 ton meyvə-tərəvəz ixrac edib. Halbuki 2025-ci ilin eyni dövründə bu göstərici 9325,3 ton təşkil edirdi. Beləliklə, ixrac bir il ərzində 70 dəfədən çox və ya təxminən 98,6 faiz azalıb”, - deyə nəşr yazıb.

Məqalədə qeyd olunub ki, 2025-ci ildə ixrac edilən meyvə-tərəvəzin ümumi həcminin təxminən 68 faizi ərik və gilasın payına düşürdü.

“Bu hesablamaya əsasən, ötən ilin eyni dövründə yalnız ərik və gilas ixracı təxminən 6341 ton olub. Halbuki 2026-cı ilin həmin günlərində Avrasiya İqtisadi Birliyi bazarına bütün meyvə-tərəvəz ixracı cəmi 131 ton təşkil edib. Bu müqayisə sadəcə azalmanı deyil, konkret dövr üzrə bazarın faktiki çökməsini göstərir”, - deyə nəşr vurğulayıb.

Nəşrin yazdığına görə, İqtisadiyyat Nazirliyi vəziyyəti hava şəraiti ilə izah etməyə çalışır.

“Rəsmi açıqlamada bildirilir ki, 2026-cı ildə meyvələrin yetişməsi və məhsul yığımı nisbətən gec başlayıb. Lakin bu izahat əsas sualı aradan qaldırmır. Əgər hakimiyyət illərlə bazarların şaxələndirilməsindən danışırdısa, həmin alternativ bazarlar haradadır? Əgər ənənəvi bazarlarda problemlər yarana bilərdisə, niyə əvvəlcədən işlək alternativ yaradılmayıb? Niyə Ermənistan fermeri və ixracatçısı yenidən hakimiyyətin siyasi və iqtisadi səhvlərinin bədəlini ödəməlidir?”, - deyə məqalədə qeyd olunub.

Nəşr əlavə edib ki, nazirliyin cavabında Avrasiya İqtisadi Birliyi ölkələrindən başqa digər dövlətlərə də 2077 ton meyvə-tərəvəz ixrac edildiyi bildirilsə də, bu əsas mənzərəni dəyişmir.

“Avropa İttifaqı ölkələrinə ixrac sıfır olub, Avrasiya İqtisadi Birliyi bazarına isə ixrac həcmi kəskin azalıb. Bu isə göstərir ki, hakimiyyətin təqdim etdiyi “alternativ bazarlar” siyasəti ənənəvi bazarlarda yaranmış problemləri kompensasiya edə biləcək səviyyədə işləməyib”, - deyə nəşr yazıb.

Məqalədə gül ixracı ilə bağlı statistikaya da yer ayrılıb.

“Nazirliyin məlumatına görə, 2026-cı il iyunun 1-dən 18-dək 1 milyon 996,3 min ədəd və 17,2 ton gül ixrac olunub. Ən böyük həcm Gürcüstana göndərilib - 924,9 min ədəd. Belarus 400,7 min, Özbəkistan 245 min, Ukrayna 136 min, Rumıniya 92,4 min, Bolqarıstan 80 min, İran isə 54,3 min ədəd gül idxal edib. Fransa cəmi 2,9 min, Avstriya 2 min, Çexiya isə 2,2 min ədəd gül alıb. Tonla hesablandıqda isə Gürcüstana 15,6 ton, Rumıniyaya 0,7 ton, İrana 0,6 ton, Bolqarıstana 0,2 ton, Niderlanda isə cəmi 0,1 ton gül ixrac edilib”, - deyə nəşr bildirib.

Məqalədə vurğulanıb ki, bu göstəricilər də Avropa bazarlarının açılması ilə bağlı iddiaları təsdiqləmir.

“Fransaya cəmi 2,9 min, Avstriyaya 2 min, Çexiyaya isə 2,2 min ədəd gül ixracını Avropa bazarlarının ciddi şəkildə açılması və ya uğurlu şaxələndirmə kimi təqdim etmək çətindir. Hakimiyyət təbliğatında Avropa böyük iqtisadi imkan kimi göstərilsə də, rəsmi rəqəmlər ixrac həcmlərinin ya sıfır, ya da simvolik səviyyədə olduğunu nümayiş etdirir”, - deyə nəşr qeyd edib.

Məqalənin sonunda bildirilir ki, İqtisadiyyat Nazirliyi Avropa İttifaqı ölkələrinə ixrac üçün səfirlərlə birgə “fəal iş” aparıldığını, potensial idxalçıların əlaqələrinin ixracatçılara təqdim edildiyini və yaxın vaxtlarda tədarüklərin başlanacağını açıqlayıb.

“Lakin əsas problem də məhz budur. Bazarlar böhran artıq qapını döyəndə yaradılmır. Bunun üçün illərlə iş aparılmalı, müqavilələr bağlanmalı, sertifikatlaşdırma, logistika, anbar və soyuducu infrastrukturu qurulmalı, qiymət rəqabətliliyi və etibar formalaşdırılmalıdır. Ermənistan istehsalçısına “yaxın vaxtlarda tədarüklər başlayacaq” vədləri yox, bazar bu gün, alıcı bu gün və sabitlik bu gün lazımdır. Rəsmi cavab göstərir ki, hakimiyyətin vəd etdiyi “alternativ bazarlar” hələ də real iqtisadi sistemə çevrilməyib. Əgər Avropa İttifaqına ixrac sıfırdır, Avrasiya İqtisadi Birliyi bazarına ixrac isə bir il ərzində 70 dəfədən çox azalıbsa, uğurlu iqtisadi siyasətdən danışmaq mümkün deyil. Bu artıq siyasi bəyanat deyil, rəsmi rəqəmlərlə təsdiqlənmiş uğursuzluqdur”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB    


Bizi "telegram"da izləyin