61 illik tiranlıq sona çatdı: Həma qətliamı, İraqa qarşı hücumda Qərbə dəstək və Rusiyaya qaçış (ARAŞDIRMA+FOTOLAR)

2024/12/1734341338.jpg
Oxunub: 2007     19:18     16 Dekabr 2024    
Suriyada son 3 həftədə tarixi inkişaflar baş verdi. Bu hadisələr nəticəsində Bəşər Əsəd rejimi süqut etdi və Əsəd öz ölkəsindən qaçaraq, Rusiyaya sığındı.

Bəşər Əsəd dövrünü, Suriya vətəndaş müharibəsini və müxalif qüvvələrin mübarizəsini daha yaxşı təhlil etmək üçün əvvəlcə bölgənin tarixinə nəzər salmaq lazımdır. Suriya tarixində əsas qırılma nöqtələri ərəb millətçiliyi ilə sosializmi birləşdirən “Bəəs” partiyası dövrü və Rusiyaya sığındığı iddia edilən Bəşər Əsədin atası Hafiz Əsədin hakimiyyətə gəlməsidir.

Bu səbəbdən də yazımızda “Bəəs” partiyasının hakimiyyətə gəlməsindən başlayaraq, Hafiz Əsədin “qansız çevrilişi”nə nəzər salacağıq. Bu tarixi səyahətdən sonra daha yaxın keçmişə nəzər salacaq, Bəşər Əsədin hakimiyyətə gəlişini araşdıracaq, daha sonra “Ərəb baharı” kontekstində Suriya vətəndaş müharibəsinə baxacağıq.

“Bəəs” partiyasının hakimiyyətə gəlişi və ilk illəri

“Bəəs” partiyası ərəb dünyasında XX əsrin ortalarında siyasi, sosial və ideoloji transformasiyanın nümayəndəsi kimi meydana çıxdı. 1947-ci ildə Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən qurulan “Bəəs” partiyası ərəb millətçiliyi ilə sosializmi birləşdirən bir ideologiya inkişaf etdirdi. Partiya ərəb dünyasında müstəqillik, birlik və sosial ədaləti hədəfləyən siyasi hərəkat kimi tez bir zamanda populyarlıq qazandı. 1963-cü ildə hərbi çevrilişlə Suriyada hakimiyyətə gələn “Bəəs” partiyası ölkənin siyasi tarixində öz izini qoyub və idarəçilikdə dərin dəyişiklik yaradıb.

“Bəəs” partiyasının ideoloji əsasları

“Bəəs” partiyasının ideoloji çərçivəsi ərəb millətçiliyi, sosializm və dünyəvilik prinsiplərinə əsaslanırdı. Qurucuları Mişel Əfləq və Səlahəddin Bitar partiya proqramını ərəb dünyasının birliyini, azadlığını və sosial ədalətini təmin etmək üzərində qurmuşdular. “Bəəs” ideologiyası Qərbin ərəb torpaqlarında müstəmləkəçilik təsirinə qarşı bir üsyan olarkən, o, həm də bölgədə artan sinfi bərabərsizliklərin həlli axtarışını təmsil edirdi.


Əfləq və Bitar ərəb millətçiliyini müasir sosialist çərçivədə yenidən şərh edərək, bölgədəki digər siyasi hərəkatlardan fərqli bir baxış təqdim etdi. Bu ideologiya xalqın kollektiv hakimiyyətinə əsaslanan dövlət quruluşunu nəzərdə tuturdu. Ərəb xalqlarının mədəni, dil və tarixi birliyini önə çəkən “Bəəs” ideologiyası xüsusilə müstəmləkəçilikdən sonrakı dövrdə geniş dəstək tapıb.

1963-cü il çevrilişi və “Bəəs” partiyasının hakimiyyətə gəlməsi

Suriyada siyasi mühitin xaotik olduğu 1950-1960-cı illərdə “Bəəs” partiyası təşkilati gücünü artırmağa davam etdi. Bu dövrdə Suriya davamlı hərbi çevrilişlər və siyasi qarışıqlıqlarla üzləşdi. “Bəəs” partiyası bu təlatümlü dönəmdə xüsusilə ordu daxilində güclü dəstək qazandı. Partiya 1963-cü il martın 8-də “Bəəs” tərəfdarları tərəfindən həyata keçirilən çevriliş nəticəsində hakimiyyəti ələ keçirdi. Çevriliş “Bəəs” partiyasının ölkədə mütləq hakimiyyətini bərqərar edən mühüm dönüş nöqtəsi oldu.


Çevrilişdən sonra “Bəəs” partiyası hakimiyyətini möhkəmləndirmək üçün sürətli addımlar atdı. O, Suriyada təkpartiyalı hakimiyyət qurub, müxalifəti sıxışdırıb, dövlətin bütün orqanlarına nəzarəti ələ keçirib. Partiya xüsusilə hərbi komitənin rəhbərləri Salah Cədid və Hafiz Əsəd kimi adların rəhbərliyi altında dövlətin həm siyasi, həm də hərbi strukturunu formalaşdırdı.

“Bəəs” partiyasının ilk illərdəki siyasətləri

“Bəəs” partiyası ilk illərdə apardığı siyasətlə ictimaiyyətdən dəstək və qəbul gördü. Müxtəlif inqilabi siyasətlərlə bölgədəki xaotik atmosferi dağıtdı və Suriya xalqına güvən hissi aşıladı.

Torpaq islahatları və iqtisadi yenidənqurma: “Bəəs” partiyasının hakimiyyətinin ilk illərində həyata keçirdiyi ən mühüm islahatlardan biri də torpaq islahatları idi. İri torpaq sahiblərinin mülkləri müsadirə edilərək, kəndlilərə paylanıldı, kənd yerlərində yoxsulluq və bərabərsizliklə mübarizə aparmağa cəhd edildi. Bu islahatlar kənd yerlərində partiyaya ciddi dəstək qazandırdı. Lakin aqrar sektorda istehsalın azalması və infrastruktur çatışmazlıqları islahatların uğurunu məhdudlaşdırdı.

Təhsil və səhiyyə xidmətlərinin genişləndirilməsi: “Bəəs” partiyası sosialist ideologiyasının bir hissəsi olaraq pulsuz təhsil və səhiyyə xidmətlərini genişləndirməyi hədəflədi. Partiya xüsusilə kənd yerlərində məktəblər və xəstəxanalar tikərək, sosial xidmətlərə çıxış imkanlarını artırmağa çalışdı. Bu siyasətlər cəmiyyətdə partiya haqqında müsbət rəy yaratdı.

Gücün möhkəmlənməsi və müxalifətin sıxışdırılması: “Bəəs” partiyasının hakimiyyətinin ilk illəri də avtoritar idarəetmə yanaşmasının inkişafının şahidi oldu. Partiya müxalif siyasi qrupların fəaliyyətinə qadağa qoydu, rejimə qarşı istənilən müqaviməti sərt şəkildə yatırdı. Bu dövrdə yaradılmış güclü kəşfiyyat orqanları rejimin təhlükəsizlik aparatının əsasını təşkil etdi.

Partiya daxilində parçalanmalar və 1966-cı il çevrilişi

“Bəəs” partiyasının hakimiyyətinin ilk illərində partiya daxilində ciddi fraksiya qarşıdurmaları yaşandı. Mişel Əfləq və Səlahəddin Bitar kimi ənənəvi liderlər radikal sosialistlərlə münaqişəyə girdilər. Bu ideoloji və siyasi parçalanmalar 1966-cı ildə Salah Cədidin başçılıq etdiyi çevrilişə səbəb oldu. Bu çevriliş Əfləq və Bitarın təmizləməsi ilə nəticələndi və “Bəəs” partiyası daxilində daha radikal elementlərin nəzarəti ələ keçirməsinə imkan verdi.


Bu dövrdə Suriyadakı “Bəəs” partiyası ilə İraqdakı “Bəəs” partiyası arasında ideoloji fərqlər özünü göstərdi. Suriyadakı “Bəəs” rejimi radikal sosialist xəttini izlədiyi halda, İraqdakı “Bəəs” rejimi daha praqmatik yanaşma nümayiş etdirdi.

Hafiz Əsədin yüksəlişi və “Düzəliş Hərəkatı”

Hafiz Əsəd Suriyanın müasir tarixində iz qoyan ən mühüm liderlərdən biri kimi tanınır. 1970-ci il noyabrın 13-də baş verən qansız çevriliş Suriyanın siyasi strukturunda köklü dəyişikliklərə səbəb oldu və bu hadisə “Düzəliş Hərəkatı” və ya “Düzəliş İslahatları” (Corrective Movement) adlandırıldı. Bu hərəkata aparan prosesdə Suriyanın daxili siyasətindəki qarşıdurmalar və “Bəəs” partiyası daxilindəki parçalanmalar həlledici oldu. Əsəd güclü liderlik nümayiş etdirməklə, təkcə siyasi rəqiblərini deyil, həm də ictimaiyyətin əksəriyyətini öz tərəfinə çəkə bildi, bu prosesdə milli və beynəlxalq siyasətdə özünəməxsus yer qazandı.

1970-ci il 13 noyabr çevrilişi: “Düzəliş Hərəkatı”

“Düzəliş Hərəkatı”nın fonunda “Bəəs” partiyası daxilindəki ideoloji və liderlik qarşıdurmaları dayanır. 1967-ci ildə baş verən Altıgünlük müharibə Suriya üçün böyük bir məğlubiyyət oldu və ərazi itkisinə səbəb oldu. Bu vəziyyət Salah Cədidin başçılıq etdiyi radikal sosialist qrupla Hafiz Əsədin təmsil etdiyi praqmatik liderlər arasında gərginliyi artırdı. Cədidin xarici siyasət seçimləri və iqtisadi radikallığı onun xalqın və ordunun dəstəyini itirməsinə səbəb oldu. Ozamankı müdafiə naziri Hafiz Əsəd orduda nüfuzunu artırmaq üçün bu böhranlardan istifadə etdi və güclü liderlik nümunəsi göstərdi. Beləliklə, Əsəd Cədid hakimiyyətinə qarşı çevriliş hazırlamaq imkanı əldə etdi.


Hafiz Əsəd 1970-ci il noyabrın 13-də qansız çevrilişlə Salah Cədidin başçılıq etdiyi hökuməti devirdi. Bu hadisə Suriyanın siyasi tarixində mühüm dönüş nöqtəsidir. Çevrilişdən sonra Əsəd Cədidi və tərəfdarlarını həbs etdi və hökuməti tamamilə ələ keçirdi. Xalq arasında ciddi müqavimətlə qarşılaşmayan bu çevriliş Əsədin liderliyini möhkəmləndirdi. Əsəd bu dəyişikliyi “Düzəliş Hərəkatı” adlandırdı və bu konsepsiya ilə “Bəəs” ideologiyasını ictimaiyyət arasında müdafiə etməyə davam edərkən, daha praqmatik bir idarəetmə yanaşması tətbiq edəcəyi mesajını verdi.

“Düzəliş Hərəkatı”ndan sonra siyasi və iqtisadi quruluşu yenidən quran Əsəd dövlətin bütün orqanlarında özünə sadiq adamlar təyin etdi. Ordunun və kəşfiyyat orqanlarının gücü artırıldı və bu birliklər Əsəd rejiminin əsas dayaqlarına çevrildi. Siyasi müxalifət yatırıldı və “Bəəs” partiyası ölkədə yeganə legitim siyasi aktor elan edildi. Bu siyasətlər rejimin nüfuzunu və Suriyada sabitliyi təmin etmək iddiasını gücləndirdi. Lakin bu prosesdə repressiv üsullardan istifadə rejimin legitimliyini beynəlxalq səviyyədə mübahisəli etdi.

“Düzəliş Hərəkatı”ndan sonra Əsəd iqtisadi sahədə radikal sosialist siyasətlərindən əl çəkərək, daha balanslı bir yanaşmaya keçdi. Kənd təsərrüfatı sektoruna dəstək verildi, kənd yerləri üçün inkişaf layihələri həyata keçirildi, sənaye investisiyaları artırıldı. Lakin iqtisadi islahatların daha çox dövlətin nəzarətində olması özəl sektorun inkişafını məhdudlaşdırdı. Bundan əlavə, təhsil və səhiyyə xidmətlərinin genişləndirilməsi xüsusilə kənd yerlərində əhalinin həyat səviyyəsini yüksəltdi, Əsəd rejiminə ictimai dəstəyi artırdı.


Hafiz Əsədin rəhbərliyi ilə Suriya xarici siyasətdə Sovet İttifaqı ilə möhkəm ittifaq qurdu. Bu ittifaq İsraillə münaqişələrdə Suriyaya hərbi və iqtisadi dəstək verdi, bölgədəki strateji tarazlıqları dəyişdi. Bundan əlavə, Əsəd administrasiyası Kemp-Devid müqaviləsindən sonra Misirin ərəb dünyasında liderliyini itirməsini fürsət kimi gördü və Suriyanı ərəb dünyasında daha təsirli mövqeyə gətirmək üçün gərgin diplomatiya həyata keçirdi. Bu siyasətlər Suriyanı regional gücə çevirdi.

Təriqət gücü dinamikaları və 1982-ci il Həma qətliamı

Həma qətliamı 1982-ci il fevralın 2-də Hafiz Əsədin rəhbərlik etdiyi “Bəəs” rejimi tərəfindən “Müsəlman Qardaşları” hərəkatının başlatdığı qiyamın yatırılması məqsədilə baş vermiş və minlərlə insanın ölümünə səbəb olan faciəvi hadisədir. Bu qırğın Suriyanın məzhəb güc dinamikasının və siyasi təzyiq mexanizmlərinin pik həddə çatdığı bir dövrü təmsil edir. Məzhəb ayrılıqları, xüsusilə nüseyri (ələvi) azlığının rejim üzərində hökmranlığı və sünni çoxluğun marginallaşması bu münaqişənin əsas səbəblərindən biridir.

Təriqət gücü dinamikası

1963-cü ildə “Bəəs” partiyası hakimiyyətə gəldikdən sonra nüseyri qrupunun dövlət və partiya daxilində təmsilçiliyi artdı. Bu vəziyyət dünyəvi ideologiyaya sahib olan “Bəəs” partiyası ilə cəmiyyətin əksəriyyətini təşkil edən sünnilər arasında gərginliyə səbəb olub. Xüsusilə, nüseyri zabitlərin orduda və kəşfiyyat təşkilatlarında mühüm vəzifələrə yüksəlməsi sünni müxalifətin reaksiyasına səbəb oldu. Məzhəblərarası gərginlik artdıqca, “Müsəlman Qardaşları” rejimə qarşı ən güclü müxalifət qrupu olaraq ortaya çıxdı.


“Müsəlman Qardaşları”nın 1976-cı ildən rejimə qarşı silahlı müqavimətə başlaması ölkədə məzhəb və siyasi qarşıdurmaları daha da dərinləşdirdi. Bu vəziyyət təkcə rejimlə müxalifət arasında deyil, cəmiyyətin müxtəlif təbəqələri arasında da qütbləşməni artırdı. Təriqətlərarası qarşıdurmaların siyasi miqyas qazanması ölkədə ictimai harmoniyanın zəifləməsinə səbəb oldu.

Həma üsyanı və qətliam

1982-ci ildə Həmada başlayan qiyam “Müsəlman Qardaşları”nın rejimə qarşı həyata keçirdiyi ən böyük müqavimət hərəkatı idi. Həma radikal hərəkatların mərkəzi hesab olunurdu və buna görə də rejim üçün strateji təhlükə yaradırdı. Hafiz Əsəd qiyamı yatırmaq üçün sərt tədbirlər gördü və ordunu Həmaya göndərdi. Şəhər güclü artilleriya atəşinə və havadan bombardmana məruz qaldı. Daha sonra rejim qüvvələri şəhərdə ev-ev axtarışları apararaq, müxalifəti tamamilə məhv etməyi hədəflədi.


Həma qətliamı təkcə hərbi əməliyyat deyil, həm də rejimin müxalifəti tamamilə məhv etməyi qarşısına məqsəd qoyduğu bir güc nümayişi idi. Bu hadisə Suriya tarixində rejimin güc və nüfuzunu möhkəmləndirmək üçün istifadə etdiyi ən sərt üsullardan biri kimi qeydə alındı. Qətliam nəticəsində 10 min ilə 25 min arasında insanın öldüyü təxmin edilir.

Həma qətliamının nəticələri

Həma qətliamı Suriya cəmiyyətində məzhəb ayrılığını daha da dərinləşdirdi. Bu hadisədən sonra rejim ölkədə müxalifəti böyük ölçüdə sıxışdırdı və “Müsəlman Qardaşları”nı qeyri-qanuni elan etdi. Lakin uzunmüddətli perspektivdə bu proses cəmiyyətin gözündə rejimin legitimliyini zəiflətdi və insan hüquqlarının pozulmasına görə onun beynəlxalq səviyyədə tənqid olunmasına səbəb oldu.


Beynəlxalq səviyyədə Həma qətliamı dövrün regional dinamikası və beynəlxalq maraqları səbəbindən genişmiqyaslı müdaxiləyə səbəb olmadı. Bu vəziyyət rejimə repressiv siyasətlərini artırmağa və Suriyada avtoritar hökumət modelini gücləndirməyə imkan verdi. Həma qətliamı rejimin təmin etdiyi qısamüddətli sabitliyin uzunmüddətli sosial sülhə zərər verdiyini göstərir.

Hafiz Əsəd 1984-cü ildə hakimiyyət uğrunda qardaşı ilə mübarizə aparmalı oldu və qardaşının çevriliş cəhdi uğursuz oldu. Bütün bu hadisələrdə insan haqları təşkilatları Əsədi zorakılıq və təzyiq göstərməkdə ittiham etdi. 1991-ci ildəki Körfəz müharibəsi zamanı İraqa qarşı beynəlxalq koalisiya qüvvələrinə verdiyi dəstək onu Yaxın Şərqdə ən güclü ərəb lideri etdi.

1980-ci illərin ortalarında o, heç vaxt siyasi olaraq tanımadığı və sionist bir varlıq kimi təsvir etdiyi İsraillə kompromis əsaslı sülh təşəbbüslərinə qarşı sərt mövqeyini yumşaldaraq, Qərb ölkələri ilə dialoqa önəm verdi. Təbii ki, bunun ən böyük səbəbi böyük dəstəyini arxasında gördüyü Sovet İttifaqının dağılma mərhələsində olması idi. 1990-cı illərdə Sovet dəstəyi dayandırıldıqdan sonra ABŞ-nin də təzyiqi ilə Colan təpələrini geri almaq üçün İsraillə danışıqlar nəticəsiz qaldı.


Hafiz Əsəd 29 il hakimiyyətdə qaldı. Son illərdə Əsəd administrasiyası xarici dünyaya daha çox açıldı və ölkədə özəl sahibkarlığı dəstəkləməyə başladı. Partiya və dövlət idarəçiliyi üzərində şəxsi nəzarətini saxlayan Əsəd 1978, 1985, 1991 və 1999-cu illərdə dörd dəfə prezident seçildi. O, 2000-ci ilin iyununda infarkt nəticəsində dünyasını dəyişdi.

Onun ölümündən bir neçə saat sonra milli məclis prezidentlik üçün minimum yaş həddini 40-dan Bəşər Əsədin yaşı olan 34-ə endirən konstitusiya dəyişikliyini təsdiqlədi. İyunun 18-də Bəşər hakim “Bəəs” partiyasının baş katibi təyin edilib, iki gün sonra partiyanın qurultayı onu prezidentliyə namizəd kimi irəli sürüb və milli məclis namizədliyi təsdiqləyib. İyulun 10-da rəqibsiz daxil olduğu seçkilərdə Bəşər 7 il müddətinə prezident seçildi.


Bir çox suriyalı hakimiyyətin ötürülməsinə etiraz etsə də, Bəşərin yüksəlişi həm Suriyada, həm də xaricdə müəyyən ümidlər yaratdı. Gəncliyi, təhsili və Qərbdən təsirlənməsi onun ictimaiyyətin gözündə bataqlıqdan çıxma ehtimalını formalaşdırdı.

Bəşər Əsəd dövrü və islahat vədləri (2000-2011)

Bəşər Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra Suriyanın gənc və müasir lideri kimi prezidentliyə gəldi. Əsədin savadlı, Qərblə əlaqələrə açıq lider kimi təqdim edilməsi həm beynəlxalq ictimaiyyətdə, həm də Suriya xalqında mühüm islahatlara nail olunacağına ümidləri artırdı. Ancaq vəd edilmiş islahatların nə dərəcədə həyata keçirildiyi və bu islahatların təsirləri ilə bağlı müzakirələr aktual olaraq qalır.

“Dəməşq baharı”: İslahat ümidləri (2000-2001)

Bəşər Əsədin hakimiyyətinin ilk illəri “Dəməşq baharı” adlı dövrə ev sahibliyi etdi. Bu prosesdə uzun illər təzyiq altında olan vətəndaş cəmiyyəti görüşlər təşkil etmək, sərbəst müzakirələr aparmaq, islahatlar tələblərini bildirmək imkanı əldə etdi. Fəallar və ziyalılar siyasi partiyaların yaradılmasını və konstitusiya islahatlarını müdafiə edən bəyanatlar dərc ediblər.

Lakin rejim bu hərəkatları rejimin əsasları üçün təhlükə hesab etdi. 2001-ci ildən etibarən “Dəməşq baharı” rejim tərəfindən yatırıldı və fəallar həbs edildi. Bu vəziyyət islahat ümidlərinin ilk dəfə qırıldığı an kimi tarixə düşdü.

İqtisadi islahatlar: Liberallaşma, yoxsa oliqarxiya?

Bəşər Əsəd hakimiyyətinin ilk illərində həyata keçirdiyi iqtisadi liberallaşdırma siyasətləri ilə diqqət çəkib. Sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçidə yönəlmiş islahatlar çərçivəsində özəl sektorun investisiyaları təşviq edildi və bank sistemi xarici kapitala açıldı. 2001-ci ildə özəl bankların yaradılmasına icazə verildi və daşınmaz əmlak bazarı aktivləşdi.

Lakin bu islahatların faydaları geniş ictimaiyyətə yayılmadı. Əsəd ailəsinə yaxın olan işgüzar dairələr yeni iqtisadi imkanlardan əsas faydalananlar oldu. Bu, iqtisadi bərabərsizliyi dərinləşdirdi və korrupsiya ilə bağlı təsəvvürləri artırdı. Başda Rami Mahluf olmaqla, rejimə yaxın olan iş adamlarının iqtisadi gücü Suriyada oliqarx sisteminin yaranmasına səbəb oldu.


Siyasi islahatların reallığı: Tərəqqi, yoxsa geriləmə?

Siyasi islahat vədləri Bəşər Əsədin ən çox tənqid edilən siyasətləri arasında idi. Müxalif siyasi partiyalara və qeyri-hökumət təşkilatlarına təzyiqlər davam etdi. 1973-cü il Konstitusiyasına dəyişikliklər Əsəd hakimiyyəti dövründə gündəmə gətirilsə də, islahatların əhatə dairəsi kifayət qədər məhdud idi.

Rejim ifadə və mətbuat azadlığına ciddi məhdudiyyətlər qoymağa davam etdi. 2007-ci ildə keçirilən prezident seçkiləri Əsədin yeganə namizəd olduğu, rejimin demokratikləşmə iddialarını tamamilə şübhə altına alan bir seçki ilə nəticələndi.

“Ərəb baharı” və Əsədin islahat vədləri

2011-ci ildə Tunis və Misirdə başlayan “Ərəb baharı” Suriya xalqına da təsir etdi. Suriyada böyük kütlələr azadlıq, ədalət və iqtisadi bərabərlik tələbi ilə küçələrə axışdı. Əsəd bu prosesdə islahat vədləri verdi. Bəzi siyasi məhbusların azadlığa buraxılması, fövqəladə vəziyyət qanununun ləğvi və çoxpartiyalı sistemə keçid kimi addımlar gündəmə gətirildi.

Lakin bu addımlar xalqın tələblərini ödəmək üçün yetərli olmadı. İslahatların real olmadığı əsaslandırması ilə etirazlar davam etdi. Rejimin etirazlara sərt müdaxiləsi islahat vədlərinin bir strategiya kimi istifadə edildiyi qənaətini gücləndirdi. Rejimin islahat vədlərini yerinə yetirməməsi sosial qütbləşməni artırdı və vətəndaş müharibəsinin əsasını qoydu. 2011-ci ildə başlayan münaqişələr Suriyanı dərin humanitar və siyasi böhrana sürüklədi.

“Ərəb baharı” və Suriya vətəndaş müharibəsi

“Ərəb baharı” 2010-cu ilin sonlarında Tunisdə başlayan və qısa müddətdə Şimali Afrika və Yaxın Şərq ölkələrinə yayılan xalq hərəkatları dalğasıdır. Bu proses regionda illərdir hökm sürən avtoritar rejimlərə qarşı demokratikləşmə, azadlıq və ədalət tələblərini ifadə edən kütləvi etirazlarla formalaşıb. “Ərəb baharı”nın mənşəyi, səbəbləri, inkişafı və nəticələri həm regional, həm də beynəlxalq siyasətə əhəmiyyətli təsir göstərib.


“Ərəb baharı”nın səbəbləri

Avtoritar hökumətlər və zalım rejimlər: “Ərəb baharı”nın əsas səbəblərindən biri avtoritar rejimlərin regionda uzun müddət davam edən zülm siyasətidir. Bu rejimlər ifadə azadlığını məhdudlaşdırdı, müxalifəti sıxışdırdı, demokratik prosesləri idarə edə bilmədi. Suriyada izah edildiyi kimi, başqa bir nümunə olaraq Tunisdə Zeynalabdin bin Əli də 1987-ci ildən etibarən tək adam idarəçiliyi nümayiş etdirdi və xalqın narazılığını artırdı.

İqtisadi bərabərsizlik və korrupsiya: Bölgədəki bir çox ölkələr gəlir bərabərsizliyi, yüksək işsizlik nisbətləri və korrupsiya kimi iqtisadi problemlərlə mübarizə aparırdı. Xüsusilə gənc əhali arasında işsizlik ictimai reaksiyaya səbəb olan mühüm amil idi. Bu vəziyyət savadlı gənclərin gələcəklə bağlı təşvişini daha da artıraraq, onların etirazların ön sıralarında olmasına səbəb oldu.

Sosial medianın rolu: “Ərəb baharı”nın digər mühüm səbəbi sosial medianın oynadığı təsirli roldur. “Facebook”, “Twitter” və “YouTube” kimi platformalar hökumətlərin senzura siyasətindən yan keçən kommunikasiya vasitələri kimi istifadə edildi. Etirazçılar təşkilatlandılar, məlumat paylaşdılar və sosial media vasitəsilə beynəlxalq dəstək qazandılar.


“Ərəb baharı”nın inkişafı

“Ərəb baharı” 2010-cu il dekabrın 17-də Tunisdə Məhəmməd Buəzizi adlı küçə satıcısının özünü yandırması ilə başladı. Bu hadisə bin Əli rejiminə qarşı kütləvi etirazlara səbəb oldu. Etirazlar 2011-ci il yanvarın 14-də bin Əlinin ölkəni tərk etməsi ilə nəticələndi və Tunis “Ərəb baharı”nın ilk uğuru kimi tarixə düşdü. Tunisdəki üsyanın uğuru qonşu ölkələri də ruhlandırdı. 2011-ci ilin yanvarında Misirdə başlayan etirazlar Təhrir meydanını müqavimət mərkəzinə çevirdi. Gərgin ictimai təzyiq Hüsnü Mübarəkin 30 illik hakimiyyətinin sona çatmasına gətirib çıxardı.


Liviyada Müəmmər Qəddafi rejimi etirazlara şiddətlə cavab verdi. Lakin NATO-nun müdaxiləsi və müxalif qüvvələrin təşkilatlanması ilə Qəddafi 2011-ci ilin oktyabrında öldürüldü. Liviyada bu proses “Ərəb baharı”nın ən qanlı mübarizələrindən biri kimi qeydə alındı. Yəməndə Əli Abdullah Salehin hakimiyyətdən getməsi və Bəhreyndə şiə əhalinin etirazları diqqət çəkdi. Suriyada başlayan xalq hərəkatları qısa zamanda vətəndaş müharibəsinə çevrildi və “Ərəb baharı”nın ən uzun sürən böhranlarından birinə çevrildi.

Suriya vətəndaş müharibəsinin əsas səbəbləri

Yuxarıda qeyd edildiyi kimi, Suriya “Ərəb baharı”nın ən davamlı böhranı və liderinin hakimiyyətdən uzaqlaşdırılmasının ən gec olduğu yer kimi müəyyən edildi. Hökumətin xalq hərəkatlarını sərt müdaxilələrlə yatırtmağa çalışması Suriyada vətəndaş müharibəsini qaçılmaz etdi. Təbii ki, başqa ölkələrdə olduğu kimi Suriyada da xalq hərəkatlarına səbəb olan müəyyən məsələlər var idi.

Siyasi təzyiq və avtokratik idarəetmə: Bəşər Əsədin rəhbərlik etdiyi Suriya uzun illər avtokratik idarəçilik altında olub. İfadə azadlığının məhdudlaşdırılması, müxalifətin sıxışdırılması, demokratik proseslərin həyata keçirilməməsi ictimaiyyətdə narazılıqların artmasına səbəb olub. Bu vəziyyət “Ərəb baharı”nın təsiri ilə kütləvi etirazların başlanmasına zəmin yaratdı.


İqtisadi bərabərsizliklər və korrupsiya: Suriyada iqtisadi islahatlar ümumilikdə Əsəd ailəsinə yaxın olan şəxslərin maraqlarına xidmət edirdi və əhalinin geniş kütlələri bu islahatlardan yararlana bilmədi. Yüksək işsizlik səviyyəsi, yoxsulluq və korrupsiya xalqın iqtisadi çətinliklərini daha da dərinləşdirdi. Bu iqtisadi problemlər sosial iğtişaşların artmasına səbəb oldu.

Etnik və məzhəb gərginliyi: Suriyanın demoqrafik quruluşu müxtəlif etnik və məzhəb qruplarını əhatə edir. Xüsusilə sünni çoxluqla idarəçilikdə fəal olan ələvi azlıq arasında gərginlik tarixi proses boyunca zaman-zaman üzə çıxıb. Bu gərginlik vətəndaş müharibəsinin başlaması ilə özünü daha qabarıq göstərib və münaqişələrin dərinləşməsinə səbəb olub.

Vətəndaş müharibəsinin inkişafı

2011-ci ilin martında Dərada başlayan dinc etirazlar təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə qarşılaşdı. Bu müdaxilələr etirazların bütün ölkəyə yayılmasına və güclənməsinə səbəb oldu. Suriya təhlükəsizlik qüvvələri etirazçılara qarşı ölümcül güc tətbiq edərkən, Əsəd bir sıra güzəştlər təklif etdi, əvvəlcə kabinetində dəyişiklik etdi, sonra isə Suriyanın fövqəladə hal qanununu və Ali Dövlət Təhlükəsizlik Məhkəməsini ləğv edəcəyini elan etdi.

Lakin bu islahatların həyata keçirilməsi etirazçılara qarşı zorakılığın əhəmiyyətli dərəcədə artması ilə üst-üstə düşdü və bu, Əsədin, onun hökumətinin beynəlxalq səviyyədə qınanmasına səbəb oldu. Zamanla bəzi müxalif qruplar silaha sarılaraq, rejimə müqavimət göstərməyə başladılar və qarşıdurmalar silahlı miqyas aldı. 2011-ci ilin sentyabrına qədər silahlı müxalifət qrupları meydana çıxdı və Suriya qüvvələrinə qarşı getdikcə daha təsirli hücumlar etməyə başladı.

Ərəb Dövlətləri Liqası və Birləşmiş Millətlər Təşkilatının atəşkəsə nail olmaq cəhdləri uğursuzluğa düçar oldu və 2012-ci ilin ortalarına qədər böhran genişmiqyaslı vətəndaş müharibəsinə çevrildi.


Suriyadakı vətəndaş müharibəsi regional və beynəlxalq aktorların müdaxiləsi ilə daha da mürəkkəbləşdi. İran və Rusiya Əsəd rejimini dəstəklədiyi halda, ABŞ, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr müxalif qrupları dəstəklədi. Bu vəziyyət münaqişələrin uzanmasına və həll yolunun çətinləşməsinə səbəb oldu.

Vətəndaş müharibəsinin uzanması və hakimiyyət boşluğunun yaradılması radikal qrupların hakimiyyətə gəlməsinə yol açdı. Xüsusilə, İŞİD və “Cəbhət ən-Nüsrə” kimi təşkilatlar Suriya ərazisində effektivliyini artıraraq, həm rejim qüvvələrinə, həm də müxalif qruplara qarşı hücumlara başladı. Eyni dövrdə İran və “Hizbullah” Suriya hökumətinə silah tədarükünü davam etdirdi. 2012-ci ilin sonlarına yaxın “Hizbullah” üsyançılara qarşı döyüşmək üçün Suriyaya öz döyüşçülərini göndərməyə başladı.

2013-cü il avqustun 21-də Dəməşq ətrafında yüzlərlə insanın ölümünə səbəb olan kimyəvi hücumlardan sonra Əsəd beynəlxalq hərbi müdaxilə çağırışları ilə üzləşdi. Suriya müxalifəti hücumları Əsəd tərəfdarı qüvvələrin həyata keçirdiyini iddia etsə də, Əsəd kimyəvi silahdan istifadə etdiyini inkar etdi və bu cür silahların üsyançılar tərəfindən istifadə edildiyini iddia etdi.

ABŞ, Böyük Britaniya və Fransa liderləri Əsəd rejiminin hücumlara göstəriş verdiyinə dair kəşfiyyat məlumatlarına malik olduqlarını iddia edərək, cavab zərbələrini nəzərdən keçirdiklərini açıqladılar. Rusiya, Çin və İran hərbi müdaxiləyə qarşı çıxdı, Əsəd isə Qərbin təcavüzünə qarşı mübarizə aparacağını bəyan etdi. Sentyabr ayında Rusiya, Suriya və ABŞ Suriyanın bütün kimyəvi silahlarını beynəlxalq nəzarət altına almağa dair razılıq əldə etdikdən sonra Qərb ölkələrinin hərbi müdaxilə təhlükəsinin qarşısı alındı.


Vətəndaş müharibəsi uzandıqca, yeni qruplaşmalar meydana çıxdı və Əsəd hakimiyyətini itirmiş kimi görünürdü. Xüsusilə İŞİD-in meydana çıxması bölgədəki digər qruplaşmalar kimi Əsəd administrasiyasını da çətin vəziyyətə saldı. Lakin İŞİD-ə qarşı müdaxilə xüsusilə ABŞ-nin diqqətini bu yeni təhlükəyə çevirməsinə səbəb oldu. Bu arada Əsədə uzun müddət silah və siyasi dəstək verən Rusiya 2015-ci ildə Suriyada hərbi əməliyyata başladı, üsyançıların mövqelərini bombaladı və hökumət qüvvələrinə dəstək üçün quru qoşunları göndərdi.

Müdaxilə əsasən uğurlu oldu. 2017-ci ilin sonunda Əsəd Suriyanın böyük şəhərlərinə nəzarəti bərpa etdi və qalan üsyançılar bir neçə təcrid olunmuş ərazilərə sıxışdırıldı. 2018-ci ilin ortalarına qədər bu ərazilər İdlib bölgəsinə qədər çatdırıldı.

Vətəndaş müharibəsinin nəticələri

Humanitar böhran və miqrasiya: Suriyadakı vətəndaş müharibəsi milyonlarla insanın məcburi köçkün olmasına və qonşu ölkələrə qaçqın kimi getməsinə səbəb oldu. Türkiyə, Livan, İordaniya və Avropa ölkələri böyük bir qaçqın axını ilə üzləşdi. Bu vəziyyət həm qaçqınların, həm də onları qəbul edən ölkələrin sosial və iqtisadi strukturlarına dərin təsirlər buraxdı.

İqtisadi dağıntı: Uzun sürən münaqişələr Suriya iqtisadiyyatını demək olar ki, tamamilə çökdürdü. İnfrastrukturların dağıdılması, istehsalın dayandırılması və ticarətin kəsilməsi ölkənin iqtisadi strukturuna dönməz şəkildə zərər vurdu.

Siyasi və sosial bölünmə: Vətəndaş müharibəsi Suriya cəmiyyətində dərin parçalanmalara səbəb oldu. Etnik və məzhəb zəmində qarşıdurmalar ictimai quruluşa xələl gətirdi, ölkənin siyasi birliyini təhlükə altına aldı. Bundan əlavə, müxtəlif bölgələrdə nəzarəti ələ keçirən müxtəlif qruplar mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu.

Əsəd rejiminin süqutu

2024-cü il Suriya üçün tarixi dönüş nöqtəsi oldu. Uzun müddətdir vətəndaş müharibəsi ilə mübarizə aparan ölkə çox qısa müddətdə müxalif qüvvələrin sürətli və effektiv irəliləyişinin şahidi oldu. Bəşər Əsədin rəhbərlik etdiyi rejim 10 ildən artıq müqavimətdən sonra süqut etdi və tarix səhnəsindən itdi. Rejimin devrilməsi prosesi müxalif qüvvələrin hərbi qələbələri, beynəlxalq müdaxilələr və sonda Əsədin ölkədən qaçması ilə nəticələndi.


Müxalif qüvvələrin yüksəlişi və qələbəsi

Son 2 həftədə “Heyət Təhrir əş-Şam”ın (HTŞ) rəhbərlik etdiyi müxalif qüvvələr Suriyanın şimalından başlayaraq, rejimə qarşı irimiqyaslı hücuma keçdi. İdlib, Hələb və Həma kimi strateji bölgələri ələ keçirən müxalif qüvvələr rejimin müdafiə xətlərini yardı. Hələbin əldən çıxması rejim qüvvələrinin əhval-ruhiyyəsini zəiflətdi, strateji bölgələri itirən, yerini PKK/YPG/PYD terror təşkilatı üzvlərinə buraxan rejim qüvvələri qonşu ölkələrə qaçdı və bu prosesin davam etdirilməsi müxalif qüvvələrin Dəməşqə doğru irəliləməsini asanlaşdırdı.

Dəməşq ətrafında şiddətlənən münaqişələr rejimin sonunu gətirən mühüm dönüş nöqtəsi oldu. 13-14 günlük müddətin sonunda müxalif qüvvələr paytaxtı ələ keçirərək, rejimin nəzarətinə tamamilə son qoydular. Müxalif qüvvələrin bu hərbi uğurundan sonra Dəməşqin əldən çıxması nəticəsində Bəşər Əsəd Suriya ərazisini tərk etdi.


Bu prosesdə uğur gətirən ən mühüm amil, şübhəsiz ki, əməliyyatın mükəmməl zamanlaması idi. Rusiyanın Suriyada müharibəni davam etdirmək imkanları Ukraynaya geniş şəkildə müdaxilə etdiyi üçün xeyli zəiflədi. Suriya rejiminin digər müttəfiqi İran İsraillə münaqişə zamanı xeyli zəiflədi. Oktyabr ayında “Hizbullah” Livanda İsrailin quru müdaxiləsinə qarşı cəbhələrini müdafiə edərkən, döyüşçülərini Suriyadan çıxarmağa məcbur oldu. Noyabrın 26-da “Hizbullah” İsraillə atəşkəs əldə etməsəydi belə, Suriya sərhədlərində yenidən müharibəyə qatılacaq qədər gücü qalmamışdı. Belə olan halda, müxalifət üçün bundan yaxşı vaxt ola bilməzdi.

Bəşər Əsədin qaçması

Dəməşqin əldən çıxmasından sonra Bəşər Əsədin paytaxtı tərk edərək, Rusiya və ya Birləşmiş Ərəb Əmirliklərinə sığındığı xəbəri yayıldı. Bu xəbərlər əvvəlcə təsdiqini tapmasa da, müxalif qüvvələrin prezident sarayına nəzarəti ələ keçirməsindən az sonra Əsədin ailəsi ilə birlikdə Suriya ərazisini tərk etdiyi təsdiqləndi. Bəzi mənbələrə görə, Əsəd ailəsi Rusiyanın verdiyi təyyarə ilə Moskvaya sığınıb. Qaçış prosesinin gizli şəkildə aparıldığı və rejimə bağlı yüksək səviyyəli rəsmilərin Əsədlə birgə hərəkət etdiyi bildirilib.

İlkin məlumata görə, Əsədin “İlyuşin İl-76T” tipli Rusiya təyyarəsi ilə səfər etdiyi bildirilib. Daha sonra “Flightradar” xidmətinin təqdim etdiyi görüntülərdə bazar günü Suriyada “İl-76T” tipli təyyarənin radar ekranlarından itdiyi müşahidə olunub. “Flightradar” komandası mövzu ilə bağlı açıqlamasında bildirib: “Ötən gecə biz Suriya səmasında “İlyuşin İl-76T” təyyarəsinin uçuşunu izlədik. Dəməşqdən havaya qalxan təyyarənin siqnalı Xüms şəhəri yaxınlığında itdi”.

Təyyarənin yoxa çıxmasından sonra ortaya çıxan təyyarə qəzası ilə bağlı söz-söhbətlər Əsədin ölüm ehtimalını da gündəmə gətirdi. Lakin elə həmin gün Əsədin harada olması ilə bağlı məlumat ortaya çıxdı. Rusiyanın dövlət mediası TASS-ın məlumatına görə, Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya gəlib və Rusiya onlara sığınacaq verib. Rusiyanın dövlət mediası TASS Kremldəki mənbəyə istinadən yazıb ki, Əsəd və onun ailə üzvlərinə Rusiyanın paytaxtı Moskvada sığınacaq verilib.

Əsədin qaçması beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurdu. ABŞ və Avropa İttifaqı Suriyadakı bu inkişafı müsbət addım kimi qiymətləndirərkən, İran və Rusiya kimi rejimin müttəfiqləri prosesi ehtiyatla izləyib. Əsədin ən yaxın müttəfiqlərindən olan Rusiya verdiyi açıqlamada Əsədin Suriyanı tərk etdiyini təsdiqləsə də, onun harada olduğunu və Moskvanın ona sığınacaq verib-vermədiyini açıqlamırdı.

Rejimin çökməsinin nəticələri

Bəşər Əsəd rejiminin süqutu Suriyada avtoritar quruluşun sona çatması ilə yeni dövrün başlanğıcını göstərir. Lakin bu inkişaf ölkədə siyasi boşluq yarada bilər. Müxalif qrupların keçid prosesini idarə etmək üçün milli birlik hökuməti qurmaq cəhdləri uğurlu olarsa, Suriya üçün sabitlik dövrü başlaya bilər. Lakin bu prosesdə müxtəlif müxalif qruplar arasında rəqabətin yeni böhran yaradacağı riski də var.

Suriyadakı bu dəyişiklik regional tarazlıqlara dərin təsir göstərə bilər. İran və Rusiyanın yeni vəziyyətə uyğunlaşmaq üçün diplomatik təşəbbüslərini artıracağı gözlənilərkən, Türkiyənin Suriyanın yeni hökuməti ilə əlaqələrini gücləndirmək üçün intensiv diplomatiya aparacağı və artıq bölgədə böyük gücünü itirmiş terror təşkilatlarına qarşı əməliyyatlar aparacağı proqnozlaşdırılır. Prosesin gedişi Suriyanın gələcəyi və bölgədəki tarazlıqlarda həlledici rol oynayacaq.

Nəticə

“Bəəs” partiyasının 1963-cü ildə hakimiyyətə gəlməsi Suriyanın siyasi tarixində ən mühüm dönüş nöqtələrindən biri hesab olunur. Partiya ərəb millətçiliyi ilə sosializmi birləşdirən ideologiyası ilə ölkənin ictimai quruluşunu kökündən dəyişdirməyi qarşısına məqsəd qoymuşdu. Onun hakimiyyətinin ilk illərində həyata keçirilən torpaq islahatları, səhiyyə və təhsil xidmətlərinin genişləndirilməsi kimi ictimai dəstək qazanan siyasətlər ilkin mərhələdə mühüm uğur kimi qəbul edildi. Lakin partiya daxilində dərin parçalanmalar və avtoritar idarəetmə rejimin uzunmüddətli sabitliyini sarsıtdı. Bu dövrdə yaşanan inkişaflar sonrakı illərdə “Bəəs” partiyasının liderlik strukturunu və siyasi baxışını formalaşdırdı. Bu struktur transformasiyası xüsusilə Hafiz Əsədin rəhbərliyi altında rejimin avtoritar xarakterini gücləndirdi.

Hafiz Əsədin 1970-ci ildə “Düzəliş Hərəkatı” ilə hakimiyyətə gəlməsi Suriyada siyasi sabitliyi bərpa etməklə yanaşı, avtoritar idarəçilik anlayışını da dərinləşdirdi. Əsəd güclü mərkəzi hökuməti vasitəsilə Suriyanın milli kimliyini yenidən müəyyənləşdirdi və “Bəəs” partiyasını ölkənin siyasi sisteminin təməl daşına çevirdi. Bu dövrdə həyata keçirilən iqtisadi islahatlar və xarici siyasətdə izlənilən strategiyalar Suriyanı regional aktora çevirdi. Lakin bu dövrdə həyata keçirilən repressiv üsullar və insan haqlarının geniş şəkildə pozulması rejimin beynəlxalq aləmdə kəskin tənqidlərə məruz qalmasına səbəb oldu. Hafiz Əsədin rəhbərliyi təkcə dövrün siyasi dinamikasını deyil, həm də Suriyanın gələcək siyasi kimliyini formalaşdıran dönüş nöqtəsi hesab olunur.

Əsəd rejiminin zülmkar tərəfini ən açıq şəkildə ortaya qoyan hadisələrdən biri də 1982-ci ildə baş verən Həma qətliamıdır. Bu faciəvi hadisə rejimin müxalifəti yatırmaq üçün istifadə etdiyi sərt üsulların və məzhəb gərginliyinin sosial qarşıdurmalara necə yol açdığının konkret nümunəsidir. Rejimin öz nüfuzunu saxlamaq cəhdləri məzhəb ayrılıqlarını dərinləşdirdi və Suriyanın ictimai quruluşuna daimi yaralar vurdu. Bu repressiv yanaşma Hafiz Əsədin ölümündən sonra oğlu Bəşər Əsədə təhvil verilən siyasi mirasın da əsas elementi olub.


2000-ci ildə Hafiz Əsədin ölümündən sonra hakimiyyətə gələn Bəşər Əsəd islahat vədləri ilə ümidverici bir başlanğıc etdi. Lakin 2000-2011-ci illər arasında həyata keçirilən bu islahat təşəbbüsləri rejimin avtoritar strukturunu dəyişdirə bilmədi. İqtisadi liberallaşma təşəbbüsləri və məhdud siyasi islahatlar ictimaiyyətin geniş təbəqələrinin gözləntilərini doğrultmadı. Bu islahatların qeyri-adekvat olması Suriyanın həm siyasi, həm də sosial strukturunda dərin izlər buraxıb. Bəşər Əsədin hakimiyyəti retrospektiv baxımdan qiymətləndirildikdə, Suriyadakı mövcud böhranların tarixi köklərini anlamaq üçün kritik bir dövrə işarə edir.

2011-ci ildə “Ərəb baharı”nın təsiri ilə başlayan xalq hərəkatları Suriyada uzun müddətdir yığılmış sosial narazılığın yaranmasına səbəb oldu. Yaxın Şərq və Şimali Afrikanın bir çox ölkələrində siyasi rejimlərin dağılmasına səbəb olan bu proses Suriyanın siyasi, iqtisadi və sosial strukturunu dərindən sarsıtdı. Avtoritar idarəçilik, iqtisadi bərabərsizliklər, etnik-məzhəb gərginliyi ölkədə baş verən qarşıdurmaların əsas səbəblərindən idi. Dinc etirazların sürətlə silahlı münaqişələrə çevrilməsi və beynəlxalq aktorların bu prosesə cəlb olunması böhranın dərinləşməsinə səbəb oldu. Vətəndaş müharibəsi zamanı radikal qrupların güclənməsi Suriyada ictimai quruluşu daha da mürəkkəbləşdirdi.

Əsəd rejiminin süqutu Suriya üçün yeni bir dövrün başlanğıcını göstərir. Uzun sürən vətəndaş müharibəsindən sonra ölkənin yenidən qurulması və siyasi sabitliyinin təmin edilməsi beynəlxalq birliyin dəstəyi ilə mümkün olacaq. Bəşər Əsədin ölkədən qaçması bölgədəki güc balansını yenidən formalaşdırdı və Suriya xalqının azadlıq, demokratiya ümidlərini artırdı. Lakin bu prosesin uğuru müxalif qrupların əməkdaşlığı və beynəlxalq dəstək mexanizmlərinin davamlılığı ilə sıx bağlıdır. 61 illik Əsəd rejiminin sona çatması, şübhəsiz ki, təkcə Suriya üçün deyil, həm də Yaxın Şərqin siyasi balansları üçün bir dönüş nöqtəsi kimi tarixdə qeyd olunacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Əsəd   Araşdırma  


Bizi "telegram"da izləyin