Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, Prezident Aparatının Kommunikasiya İdarəsinin direktoru Fəxrəddin Altun, Aparat rəhbəri, səfir Həsən Doğan və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər. “Turkgazetesi” qeyd edir ki, Ərdoğan-Blinken danışıqlarında Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, Suriyada baş verən son hadisələr, qlobal və regional məsələlər müzakirə edilib.
Ərdoğan bəyan edib ki, Türkiyənin ABŞ ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək səyləri yeni dövrdə də davam edəcək. Söhbət açıq-aydın ikitərəfli münasibətlərin ardıcıllığından gedir, buradan Türkiyənin ABŞ-nin demokrat administrasiyasından ümumiyyətlə narazı olmadığı anlaşılır. ABŞ-nin uzaqlaşamaqda olan hökumətinin Suriyadakı vəziyyəti idarəolunan görməyə, Qəzzada atəşin dayandırılması, girovların və saxlanılan şəxslərin mübadiləsi sövdələşməsinə nail olmağa çalışdığı, Türkiyənin isə Dəməşqin keçid hökumətinin və Fələstinin HƏMAS qruplaşmasının liderləri üzərində təsirə malik olduğu bir vəziyyətdə Blinkenin Ankaraya səfəri bütün mənalarda anlaşılandır.
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Azərbaycan tərəfinin təşəbbüsü ilə Ərdoğanla İlham Əliyev arasında telefon danışığı olub, daha sonra xarici işlər nazirləri Hakan Fidan və Ceyhun Bayramov eyni formatda əlaqə saxlayıblar. Bundan əvvəl Türkiyənin xarici işlər naziri parlamentdə Azərbaycan-Ermənistan danışıqlarının son mərhələyə çatdığını bildirib.
Türkiyə mətbuatının məlumatına görə, Ərdoğanla Blinken regional məsələləri də müzakirə ediblər. Çox güman ki, onlar Türkiyə-Ermənistan münasibətləri və Azərbaycan-Ermənistan nizamlanması mövzularından yan keçməyiblər. Belə çıxır ki, Azərbaycan tərəfindən qəbul edilməyən Blinken Türkiyədə Azərbaycan-Ermənistan danışıqları mövzusunu müzakirə etməyi təklif edib və Ərdoğan da razılaşıb.
Təbii ki, Türkiyə prezidentinin bu barədə İlham Əliyevə telefon danışığı zamanı məlumat verməsi istisna deyil.
Asif Cəfərov
Ordu.az