Ordu.az xəbər verir ki, NASA-nın “Ingenuity” helikopteri Marsın nazik atmosferində uçmağın mümkün olub-olmadığını yoxlamaq üçün hazırlanıb.
Cəmi 1,8 kiloqram ağırlığında olan bu helikopter başqa bir planetdə güclü və idarə olunan uçuş həyata keçirən ilk vasitə kimi tarixə düşüb.
Əvvəlcə yalnız 5 sınaq uçuşu üçün planlaşdırılan “Ingenuity” gözləntiləri aşıb və üç il ərzində uğurla fəaliyyət göstərib.
Helikopter 2021-ci ilin fevralında “Perseverance” roveri ilə Marsa enib və ilk uçuşunu 2021-ci ilin aprelində edib.
Ümumilikdə 72 uçuş həyata keçirən və planlaşdırılan məsafədən 30 dəfə çox məsafə qət edən “Ingenuity” iki saatdan çox uçuş müddətini qeydə alıb.
2024-cü il yanvarın 18-də baş tutan 72-ci və son uçuşunda “Ingenuity” Marsın səthindən 12 metr yüksəkliyə qalxıb və enişdən əvvəl 4,5 saniyə havada qalıb. Lakin bu proses zamanı naviqasiya sistemində yaranan problem səbəbindən helikopter eniş zamanı idarəetməni itirərək, qəzaya uğrayıb.
NASA-nın “Jet Propulsion Laboratory” (JPL) komandası və “AeroVironment” mühəndislərinin apardığı araşdırma nəticəsində məlum olub ki, qəzaya naviqasiya sistemi səbəb olub.
Açıqlamaya görə, helikopterin aşağı baxan kamerası səthdəki teksturaları izləyərək, mövqeyini təyin edib. Lakin “Jezero” kraterinin maili və demək olar ki, teksturasız qum dalğaları ilə örtülmüş bölgəsində həyata keçirilən bu uçuş zamanı sistem kifayət qədər vizual məlumat toplaya bilməyib.
Bu, eniş zamanı helikopterin üfüqi sürətinin artmasına və yerə möhkəm dəyməsinə səbəb olub. Qəza nəticəsində helikopterin dörd rotor qanadından üçü ən zəif yerindən qırılıb, bir qanadı isə tamamilə qopub. Bu, enerji tələbatını artırıb və rabitənin pozulmasına səbəb olub.
Sevinc Əliyeva
Ordu.az