İmkanlar və məhdudiyyətlər arasında Yeni Suriya – ANALİZ

2024/12/1734088103.jpg
Oxunub: 766     11:23     14 Dekabr 2024    
Suriya inqilabı öz məqsədinə çatdı, lakin hər şey yeni başlayır. İnqilabın əsas məqsədi Əsəd rejimini devirmək idi. 13 il ərzində rejim bəzən onu devirməyə çox yaxın olub. Lakin illərdir əldə edilə bilməyənlər 13 gündə baş verdi və 61 illik “Bəəs” rejimi devrildi. Suriyada süqut edən “Bəəs” rejiminin devrilmiş lideri, son 13 ildə tökülən göz yaşı və qana görə ən çox məsuliyyət daşıyan Bəşər Əsəd ölkədən qaçaraq, Rusiyaya sığınmalı olub.

İnqilab haqqında çox şeylər yazılacaq, çoxlu hekayələr danışılacaq. Ancaq əsl əhəmiyyət kəsb edən məsələ Suriyanın gələcəyinin bundan sonra necə qurulacağıdır. Suriyanın gələcəyini formalaşdıracaq çoxlu dinamikalar var. Bu dinamikaları daxili, regional və beynəlxalq dinamika kimi təsnif etmək mümkündür. Bu dinamikaların hər birini ayrıca qiymətləndirmək mümkün olsa da, bir-biri ilə əlaqəli qiymətləndirmə aparmaq daha düzgün olardı.

Suriya daxilində dinamika

Daxili dinamika baxımından rejimin sürətlə çökməsi mühüm başlanğıc nöqtəsini təşkil edir. “Heyət Təhrir əş-Şam” (HTŞ) rejimin devrilməsində aparıcı rol oynayıb. Bu səbəbdən keçid prosesinin idarə olunmasında HTŞ-nin çəkisi olacaq. Bu məqamda rejimin Dəməşqdə yeganə simvolik nümayəndəsi olaraq qalan Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlalinin hakimiyyəti dinc yolla müxalifətə ötürməsi keçid dövrünün nisbətən rahat başlamasına şərait yaratdı.

Beləliklə, Suriya daxilində daxili tarazlıqlar baxımından nisbi legitimlik əsası yaradıldı. Lakin Suriyada ilk prioritet rejimin süqutundan sonra təhlükəsizliyin təmin edilməsidir. Təhlükəsizliyi tam təmin etmək üçün hazırda nəzarət edilən ərazilərdə hərbi münaqişələr tamamilə dayandırılmalı və gündəlik həyat təhlükəsiz olmalıdır. Müxalif qüvvələrin inqilab zamanı əvvəlkindən daha geniş əraziyə nəzarət etdiyini nəzərə alsaq, Suriyanın Dəməşq, Hələb, Həma və Xüms kimi ən böyük əhaliyə malik şəhərlərində təhlükəsizliyin təmin edilməsi keçid dövrü üçün kritik əhəmiyyət kəsb edir.

Bununla belə, Dəra, Süveyda, Latakiya və Tartus kimi kritik şəhərlərdə hamar bir keçid dövrü qurmaq üçün davamlı təhlükəsizlik mühitinin yaradılması da vacibdir. Mülki hökumətin qurulması və dövlət institutlarının funksiyalarının davam etdirilməsi ilə bağlı konsensus keçid dövrünün sabitliyi üçün kritik məsələ kimi önə çıxır. Ancaq İsrailin Colan təpələri ilə bağlı tələblərinin artması, ABŞ-nin dəstəklədiyi müxalif qüvvələrin qeyri-müəyyən münasibəti və terror təşkilatı PKK-nın fürsətçi yanaşması hərbi qarşıdurmaların yenidən alovlanması ehtimalını artırır.

İranın dəstəklədiyi milislər Suriyanı tərk etsə də, asimmetrik elementlərin geridə qalma ehtimalı ölkədə təhlükəsizliyi kövrək edir. Təhlükəsizliklə yanaşı nəzərə alınması lazım olan digər mühüm məqam da keçid hökumətinin Suriyanın siyasi yenidənqurma prosesində əhatəli idarəetmə modelini hazırlayıb həyata keçirməsidir. HTŞ-nin özünü dəyişdirdiyi aydındır, lakin yeni administrasiya daxilində hələ də bir çox mövzularda fərqli fikirlər var. Bu nöqtədə müxtəlif qrupların koordinasiyası və bir yerdə olması həyati əhəmiyyət kəsb edir.

Keçid dövründə Suriya Müvəqqəti Hökuməti, HTŞ və digər qruplar arasında formalaşacaq konsensus yenidənqurma prosesinin ən kritik məsələsi olacaq. PYD/YPG-nin keçid dövründə ərazi iddiası ilə yoluna davam etməsi mümkün görünmür. ABŞ-nin dəstəyinin həyati əhəmiyyət daşıdığı bir vaxtda PYD/YPG-nin maksimalist tələblərlə mövqeyini qoruyub saxlaması Suriyanın şimal-şərqində keçid prosesinin ağrılı keçməsinə səbəb olacaq. Etnik və məzhəb müxtəlifliyini bir arada saxlayacaq şəkildə inklüzivliyin qurulması Suriyada yeni dövr üçün əvəzsiz bir meyar olmalıdır.

Keçid dövründə həyata keçiriləcək siyasi tənzimləmələrin müzakirəsi yalnız stabil əsasda mümkündür. Bu siyasi tənzimləmələr dövlətin quruluşu, təhlükəsizlik sektoru tənzimləmələri, hakimiyyətin bölüşdürülməsi, siyasi sistemin qurulması və seçkilər kimi bir çox mövzunu əhatə edir. Suriyanın ərazi bütövlüyünün təmin ediləcəyi demokratik və qarşıdurmasız bir dövrə daxil ola bilməsi yalnız əraziyə bağlı olmayan idarəçilik və dövlət quruluşuna dair tənzimləmələr edilməsi ilə mümkün ola bilər.

Təhlükəsizlik sektorunun yenidən qurulması ən kritik məsələlərdəndir. Mümkün fikir ayrılıqlarını aradan qaldırmaq üçün qarşıdakı dövrdə hərbi qrupların özlərinin ləğv edilməsi və yaradılacaq müvəqqəti Müdafiə Nazirliyinin tabeliyində yenidən qurulması həyati əhəmiyyət kəsb edir.

Regional dinamika

Regional aktorlar üçün Türkiyənin rolu gözardı edilməyəcək dərəcədə daha da vacib olub. Yalnız son 12 günə diqqət yetirməklə, Türkiyənin Suriyadakı rolunu anlamaq mümkün deyil. Son 13 ilə nəzər salsaq, Türkiyənin rolunu daha aydın başa düşmək olar.

Ankaranın suriyalı qaçqınlara sarsılmaz şəkildə ev sahibliyi etməsi, İdlibin rejimin əməliyyatlarına qarşı qorunmasına imkan verəcək hərbi və diplomatik şəraiti yaratması, terrorla mübarizə başda olmaqla, PKK/YPG-nin məhdudlaşdırılması və zəiflədilməsi müxalif qüvvələrin 13 günlük uğuru üçün güclü zəmin yaratdı. Türkiyənin yeni prosesdə çox daha kritik rolu var. Türkiyə çox güman ki, Suriyanın şimalını sabitləşdirmək, onun sərhədlərini qorumaq və qaçqınların geri qayıtmasını asanlaşdırmaq səylərinə rəhbərlik edəcək.

Ankaranın vasitəçilik etmək və yeni hökumətlə müxtəlif qruplar arasında etimadı bərpa etmək bacarığı Suriyanın gələcəyini formalaşdırmağı asanlaşdıracaq. Türkiyə ABŞ-nin seçilmiş prezidenti Donald Trampın dönəmində terror təşkilatı PKK/YPG separatizminin qarşısını ala bilsə, regionda dominant sabitləşdirici qüvvə kimi ortaya çıxa bilər. Suriyanın ərazi bütövlüyünü təmin edəcək regional və qlobal diplomatiyanı formalaşdıracaq çoxtərəfli metodun tətbiqi Türkiyənin prioritetləri sırasındadır.

Rusiya və İran Suriyada çox zəif olsalar da, Ankara Moskva və Tehranla koordinasiyasını davam etdirəcək. İsrail də Suriyada ən kritik regional aktorlardan biridir. İsrailin Colan təpələrində yeni hərbi vəziyyət yaratması bunun ən bariz sübutlarındandır.

İranın yeni Suriyadakı mövqeyi kifayət qədər mübahisəli görünür. İran zəiflədiyinin, Livan və Suriyada dərinliyini itirdiyinin fərqindədir. Ərazi genişlənməsi və ərazi nəzarətinə əsaslanan vəkil doktrinasının ən mühüm sütunu olan Suriya cəbhəsinin dağılması İranı Suriyada asimmetrik elementlərə sürükləyə bilər. İranın dini lideri ayətullah Əli Xameneyinin müxalif qüvvələri ABŞ və İsrailin oxuna endirərək, uğurlarını aşağılaması bunun ən mühüm işarəsi kimi qiymətləndirilir.

Ərəb ölkələrində çaşqınlıq olduğu aydındır. Rejimin devrilməsindən məmnun olmasalar da, görünür, yeni status-kvonu qəbul edəcəklər. Ərəb ölkələri üçün burada vacib olan keçid prosesini dəstəkləmək üçün Dəməşqlə yeni bir əlaqə modeli inkişaf etdirmək və Suriyada davamlı nizamın qurulması prosesinin bir parçası olmaqdır. Buna nail olmağın yolu Türkiyə ilə birlikdə hərəkət etmək və sabit Suriya qurmaq üçün maksimum səy göstərməkdən keçir. Bu məqamda yeni diplomatik platformanın yaradılması koordinasiya baxımından ilk addım ola bilər.

Beynəlxalq dinamika

ABŞ-nin yeni dövrdə Suriyadakı prioritetləri arasında İsrailin təhlükəsizliyi, PYD/YPG-nin varlığının davam etdirilməsi və İŞİD terror təşkilatı ilə mübarizənin davam etdirilməsi yer alır. Rusiya və İranın neytrallaşdırılması ABŞ-nin yeni status-kvonu qəbul etməsini asanlaşdıra və əməkdaşlığı təşviq edə bilər.

Hazırkı tənlik Trampın Suriyadan çəkilməsini də asanlaşdıra bilər. Noyabrın 27-dən əvvəl hazırlanan planların və mümkün ssenarilərin Vaşinqton administrasiyası üçün heç bir mənası olmadığını nəzərə alsaq, yeni Suriyanın ABŞ üçün Yaxın Şərqdə prioritet kimi görünməyəcəyini deyə bilərik. Yenə də ehtiyatlı olmaq yaxşıdır. Türkiyə və ABŞ-nin PYD/YPG olmadan yeni Suriya qurmaq üçün çoxlu imkanları var. PYD/YPG üzərində qurulan strategiyanın yeni Suriyada işləməsi demək olar ki, mümkün deyil.

Rusiyanın Suriyanı yenidən dəyərləndirdiyi də aydındır. Yeni vəziyyətin səbəblərini təhlil edərkən, Moskva öz prioritetlərinə yenidən baxmalı oldu. Ən ağıllı yanaşma odur ki, Rusiya yeni Suriyada əvvəlki mövqeyə malik olmayacaq və bütün diqqətini siyasi proseslərə yönəltməli, yeni administrasiya ilə əlaqələr qurmalıdır. Bu məqamda Rusiyanın diplomatik dərinliyini artırmaq üçün BMT-nin 2254 saylı qətnaməsindən və Astana formatından istifadə edəcəyi ehtimalı yüksəkdir.

Yeni dövr

Yeni Suriya Ərəb baharının ən böyük geosiyasi qırılmalarından biridir. İnqilab öz əsas məqsədinə nail oldu, lakin Suriyada yeni nizamın qurulması bir çox problem yaradır. Liviya, Misir, Yəmən və Tunis kimi nümunələrdən alınan dərslər siyasi və sosial faciələrlə doludur. Tunis və Misir institusional sistemlər üzərində yeni avtoritarizm qurmaqla davam etməyi seçdilər. Yəmən və Liviya qeyri-institusional strukturlar vasitəsilə siyasi və hərbi münaqişədən çıxa bilmədi və nizam-intizam yarada bilmədi. Suriya istisna təşkil edir. Suriyada vətəndaş müharibəsi çox uzun müddət davam etdi və devrilmiş “Bəəs” rejimi çox fərqli bir institutlaşma təcrübəsi olan bir rejim idi.

İnqilabda uğur qazananlar Suriyada davamlı model quraraq, yeni nizam qursalar, bu, yeni Suriyanın Yaxın Şərqin geosiyasətində yeni nəticələr çıxarmasına şərait yarada bilər. Buna nail olmağın yeganə yolu ədalətli, demokratik və davamlı nizamın qurulmasıdır. Ancaq bunun üçün hələlik model yoxdur və onu qurmaq asan olmayacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Türkiyə  


Bizi "telegram"da izləyin