İndoneziya və Malayziya cəmi iki il ərzində qabaqcıl Pilotsuz Uçuş Aparatları (PUA), gəmi əleyhinə raketlər və hətta hərbi gəmilər sifariş edərək, Türkiyənin yerli silah sistemlərinin diqqətəlayiq idxalçılarına çevrilib.
İndoneziyanın 79-cu Müstəqillik Gününü qeyd edən Türkiyənin milli nüdafiə naziri Yaşar Gülər Ankaranın silahlı qüvvələr tərəfindən həyata keçirilən birgə təlim və məşğələlərin sayını artıracağına ümid etdiyini bildirib. O qeyd edib: “Əsas məqsədimiz dostluğumuzu və əməkdaşlığımızı hər sahədə daha güclü səviyyəyə qaldırmaqdır”.
İndoneziya Hərbi Hava Qüvvələrinin (HHQ) Baş Qərargah rəisi Ankarada Türkiyə HHQ-nin komandanı ilə görüşüb və digər məsələlərlə yanaşı, Hava Hücumundan Müdafiənin (HHM) gücləndirilməsi sahəsində əməkdaşlığı müzakirə edib.
İndoneziya rəsmisi ötən günlərdə Türkiyənin geniş şəkildə ixrac etdiyi “Bayraktar TB2” PUA-sının istehsalçısı “Baykar” şirkətinin obyektlərinə baş çəkib, şirkətin qabaqcıl “Akıncı” PUA-sının uçuş nümayişini izləyib. Türkiyə ilə İndoneziya arasında müdafiə əlaqələri, şübhəsiz ki, təkcə son iki ildə verilən çoxsaylı sifarişlərlə inkişaf edir.
İndoneziya Hərbi Dəniz Qüvvələri (HDQ) elan edilən təşəbbüs çərçivəsində “Bayraktar Akıncı” və “Anka” zərbə PUA-larını almaqda maraqlıdır. “Baykar” və TUSAŞ da İndoneziyanın “Dirgantara Indonesia” aviasiya şirkəti ilə əməkdaşlığa hazırlaşır.
Cakarta 2023-cü ildə TUSAŞ ilə 300 milyon dollarlıq müqavilə çərçivəsində ordusu, HHQ-si və HDQ-si üçün 12 ədəd “Anka” PUA-sı sifariş edib və çatdırılmanın 2025-ci ilin noyabrından əvvəl başa çatdırılması gözlənilir.
İndoneziya Türkiyə sistemlərini geniş dəniz sərhədlərini izləmək və qorumaq üçün uyğun hesab edir. Məsələn, İndoneziya Müdafiə Nazirliyi bu döyüş gəmiləri üçün müxtəlif tədarükçülərdən silah idxal etmək planına yenidən baxaraq, yeni qırmızı-ağ rəngli freqatlarını Türkiyə raketləri ilə təchiz etməyi təklif edib.
Bu addım İndoneziya Türkiyədən 45 ədəd yerli olaraq istehsal edilən “Atmaca” gəmi əleyhinə idarə olunan raketini almağa qərar verdikdən sonra Cakartanı Türkiyənin bu “yer-yer” raketinin ilk ixrac müştərisi etdi. Türkiyə “Atmaca”nı ABŞ istehsalı AGM-84 “Harpoon”u əvəz etmək üçün istehsal edir.
Raketin quru əsaslı versiyası olan “Kara Atmaca” ən uzun mənzilli uçuş sınağını tamamlayaraq, üzən hədəfi tam dəqiqliklə vurub. Bu raketin 280+ km mənzilə və dəniz versiyasından bir qədər ağır döyüş başlığına malik olduğu iddia edilir. “Atmaca” İndoneziyanın aldığı yeganə Türkiyə istehsalı raket deyil.
Türkiyənin raket istehsalçısı ROKETSAN 2022-ci ilin noyabrında İndoneziya ilə Türkiyənin “Bora-1” SRBM-nin ixrac versiyası olan “Khan” qısa mənzilli ballistik raketinin tədarükü üçün müqavilə imzalayıb. İndoneziya bu müqavilə ilə birlikdə Türkiyə ilə təbəqəli HHM sistemini inkişaf etdirmək üçün başqa bir müqavilə imzaladı. Bu ikinci müqavilə ilə bağlı daha az təfərrüat açıqlanıb.
İndoneziya HHQ-nin komandanı ilə Türkiyə HHQ-nin komandanı arasında yuxarıda adı çəkilən HHM sahəsində əməkdaşlıq görüşündə çox güman ki, bu müqavilənin gedişi ilə bağlı müzakirələr aparılıb. Bu arada Türkiyə özünün tamamilə olmasa da, əsasən yerli “yer-hava” raketlərindən ibarət olacaq “Polad Günbəz” (Çelik Kubbe) inteqrasiya olunmuş çoxtəbəqəli milli HHM sistemini elan edib.
Eyni ümumi dövrdə Türkiyə İndoneziyanın qərb qonşusu Malayziya ilə də mühüm müdafiə müqavilələri imzaladı. Türkiyə milli müdafiə naziri Malayziyaya səfər edib, malayziyalı həmkarı və ölkənin Baş naziri ilə görüşüb. Danışıqlar zamanı ikitərəfli müdafiə əməkdaşlığının müzakirə olunması təəccüblü olmadı. Rəsmi Kuala-Lumpur Malayziya Kral HDQ-si üçün Türkiyədə 3 sahil patrul gəmisi inşa etməklə bağlı müqavilə imzalayıb.
“Defense News”un məlumatına görə, bu müqavilə Malayziyanın müdafiə təchizatı tədarük etmək üçün hökumətdən-hökumətə imzaladığı ilk sazişdir. Artıq hərbi gəmilərin inşasına başlanılıb və onların 4 ildən az müddətdə təhvil verilməsi planlaşdırılır. Gəmilər Türkiyə istehsalı sensorlar və “Atmaca” raketləri ilə təchiz ediləcək.
Malayziyanın “Dayatech Merin” şirkəti də may ayında Kuala-Lumpurda keçirilən DSA 2024 müdafiə sərgisi zamanı Malayziya HDQ-nin korvetləri və raket katerləri üçün Türkiyənin “Kuzgun” gəmi əleyhinə raketlərini almağı təklif edib. 2023-cü ilin may ayında Malayziya HHQ və polis əməliyyatlarını dəstəkləmək məqsədilə TUSAŞ ilə 3 “Anka” PUA-sı üçün 91,6 milyon dollarlıq müqavilə imzaladığını açıqladı.
DSA 2024-də Malayziya HHQ nümayəndəsi “Naval News”a bildirib ki, PUA-ların istehsalı və Malayziya personalının onlardan istifadə etmək üçün təlimi bir ildən sonra hələ də qrafikə uyğun davam edir.
Bu qədər çox layihə davam edərkən, bu onilliyin sonunda İndoneziya və Malayziya Silahlı Qüvvələrinin öz hava məkanlarını və ərazi sularını izləmək və müdafiə etmək üçün böyük ehtimalla Türkiyə istehsalı olan müxtəlif sistemlərə sahib olacağı açıqdır.
Sevinc Əliyeva
Ordu.az