1980-ci illərin əvvəllərində paytaxt Dəməşqdən təxminən 30 kilometr şimalda kiçik bir şəhərdə qurulan həbsxana Əsəd ailəsinin uzun müddət öz rejiminə qarşı çıxanları saxladığı yer olub. İnsan haqları təşkilatları tərəfindən “insan qəssabxanası” kimi tanınan “Sednaya” həddindən artıq gizli saxlanılırdı və indiyədək həbsxananın içərisindən heç bir görüntü çəkilməyib.

Həbsxananın təfərrüatları yalnız keçmiş nəzarətçilər və məhbuslarla müsahibə yolu ilə müəyyən edilə bilər. Lakin insan haqları təşkilatları və ABŞ Dövlət Departamentinin məlumatları Əsədin zalım hakimiyyətinin simvoluna çevrilmiş bina haqqında ipucu verir. “Sednaya” illər ərzində Suriya ordusu və hərbi kəşfiyyat orqanları tərəfindən idarə olunub. Binanın tikintisinə 1980-ci illərin əvvəllərində başlanılıb. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb.
Tam fəaliyyətə başlayanda, həbsxananın iki təcridxanası var idi. İnsan haqları təşkilatlarının məlumatına görə, Ağ Bina rejimə xəyanətdə şübhəli bilinən zabit və əsgərlər üçün tikilib. Bu, böyüyən obyektin cənub-şərqindəki L formalı bina idi. Əsas həbsxana olan Qırmızı Bina isə rejimin əleyhdarlarından, ekstremist təşkilatlara üzv olduqlarından şübhə edilən şəxslərdən ibarət idi. Azadlığa çıxan məhbuslarla sorğu keçirən insan haqları qruplarına görə, iki binada 10-20 min adam saxlanıla bilərdi.

Bazar günündən etibarən yayılan və BBC tərəfindən təsdiqlənən videoda onlarla hücrəni göstərən təhlükəsizlik kamerası ekranları ilə dolu böyük bir müşahidə otağı göstərilib. “Amnesty International”ın keçmiş həbsxana gözətçilərinə əsaslanan hesabatına görə, 2011-ci ildə vətəndaş müharibəsi başlayanda, məhbuslar Ağ Binadan çıxarılıb və bu bina prezident Bəşər Əsəd rejiminə qarşı aksiyalarda həbs olunanların yerləşdirilməsi üçün hazırlanıb.
Keçmiş rəsmi “Amnesty International”a bildirib ki, 2011-ci ildən sonra “Sednaya” Suriyada əsas siyasi həbsxana olub.
“Ölüm düşərgəsi”
“Amnesty International”a danışan keçmiş məhbuslar Qırmızı Binada saxlanılanların tez-tez müxtəlif işgəncə üsullarına, o cümlədən şiddətli döyülmələrə, zorlamalara, qida və dərmanlara çıxışın məhdudlaşdırılmasına məruz qaldıqlarını deyiblər. Ağ Binanın altında isə “Amnesty International”a danışanların “edam otağı” adlandırdığı və Qırmızı Binadakı məhkumların asılmaq üçün aparıldığı bir yer olduğu qeyd edilib.

Keçmiş mühafizəçi deyib ki, edam ediləcək şəxslərin siyahısı günorta saatlarında Qırmızı Binadan gəlirdi. Mühafizəçi bildirib ki, hərbi qulluqçular daha sonra ölüm hökmü alan məhbusları bəzən 100-ə yaxın adamın olduğu kameraya aparırdılar və döyürdülər. “Amnesty International”a danışan keçmiş məhbuslar bildiriblər ki, Qırmızı Binadakı məhbuslar ümumiyyətlə gecə yarısından gecə 03:00-a qədər binadan “köçürülürdü”.
Gözləri bağlanan məhbusların Ağ Binanın cənub-şərq küncündə yerləşən “edam otağı”na pilləkənlərlə endirildiyi, daha sonra yan-yana 10 ilgək olan bir metr hündürlüyündəki platformanın üzərinə çıxarılaraq asıldığı qeydə alınıb. “Amnesty International”ın məlumatına görə, sonradan “edam otağı” genişləndirilib və 20 ilgəkli ikinci platforma hazırlanıb. Rejimin süqutundan sonra “Sednaya”dakı otaqlarda tapılan onlarla edam ilgəyi müxalifət mediasında nümayiş etdirilib.

İnsan haqları təşkilatlarının məlumatına görə, 2011-2018-ci illər arasında “Sednaya” həbsxanasında 30 mindən çox məhbus edam, işgəncə, tibbi xidmətin olmaması və aclıqdan ölüb. Türkiyədə yerləşən “Sednaya” Həbsxanasında Yoxa Çıxan Məhbuslar Dərnəyi (AMSDP) 2022-ci ildə azadlığa çıxan məhbuslara əsaslanan məlumatlara istinad edərək, 2018-2021-ci illər arasında ən azı 500 məhbusun edam edildiyini açıqlayıb.
AMSDP gizli bölmələrdə məhbusların olması ilə bağlı iddianın doğru olmadığını açıqlayıb. Verilən açıqlamada sonuncu məhbusun bazar günü xilas edildiyi bildirilib. Dərnək açıqlamasında qeyd edib: “Yerin altında qalan məhbusların olması iddiası həqiqəti əks etdirmir”.

ABŞ Dövlət Departamenti iddia edib ki, səlahiyyətlilər 2017-ci ildə öldürülən məhbusların cəsədlərini yandırmaq üçün həbsxanada krematoriya inşa ediblər. Aşağıdakı fotolarda Ağ Binaya bitişik kiçik bir qanad görünür. ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, bu obyekt “Sednaya” həbsxanasında baş verən kütləvi qətllərin miqyasını gizlətmək səyləri çərçivəsində inşa edilib.
ABŞ tədqiqatçılarının yayımladığı peyk görüntülərində krematoriyaya çevrildiyini söylədikləri kiçik bir bina görünür. Səlahiyyətlilər damdakı qarın ərimə sürətinin onların iddialarını dəstəklədiyini və həbsxanada gündə ən azı 50 məhbusun asıldığını bildirmişdilər.

“Sednaya” həbsxanası bütün tarixi boyu ciddi mühafizə olunub və həbsxananın ətrafında mövqelər qurulub. AMSDP-nin 2022-ci il hesabatına görə, 200-dən çox ordu mənsubu həbsxananın xaricində patrul apararkən, hərbi kəşfiyyatdan 250 hərbi qulluqçu və hərbi polislər həbsxananın içərisinə cavabdeh idi. Əsəd hakimiyyətinə güclü sədaqətlərinə görə həbsxananın müdafiəsinə Üçüncü Ordunun 21-ci Briqadası cavabdeh idi. Əsgərlərə Əsəd ailəsinin mühafizəsində olduğu kimi ələvi zabitlər komandanlıq edirdi.
İntensiv təhlükəsizlik tədbirləri
Əsəd rejiminin süqutundan etibarən mülki şəxslərə həbsxananın ətrafına axın etməməyə çağırışlar edilib. İnsan haqları qrupları həbsxanadan kənarda geniş mədən işlərinin aparıldığını bildirir. Qeyd olunur ki, obyektdən kənarda tank əleyhinə minalar, daxili perimetrdə isə piyada əleyhinə minaların halqası var.

Suriyanın müxalif mülki müdafiə təşkilatı “Ağ Dəbilqəlilər” tərəfindən yayımlanan fotoşəkillərdə hündür divarların üzərində məftil çəpərlər görünür. Həbsxananın ətrafında mühafizə qüllələri də var. Əsəd rejimi beynəlxalq təşkilatların ittihamlarını həmişə rədd edərək, onların “əsassız və həqiqətdən uzaq” olduğunu bildirib.
Yaxınlarının “Sednaya”da olduğundan şübhələnən ailələrə bildiriblər ki, rejimin çökməsi onların itkin düşmüş yaxınlarının talelərini müəyyən etmək perspektivini artırır.
Sevinc Əliyeva
Ordu.az