İraqdakı “Pençe” əməliyyatları seriyası bu yanaşmanın ən konkret şəkildə həyata keçirildiyi əməliyyat kimi təsvir edilə bilər. 2019-cu ildə başlayan “Pençe” əməliyyatları silsiləsi ilə Hakurk, Metina, Zap, Qara, Avaşin-Basyan, Sinat-Haftanin, Kandil və Asos bölgələrində məskunlaşmış terror təşkilatına qarşı sistemli və planlı mübarizə konsepsiyası irəli sürülüb. Bu mənada “Pençe” əməliyyatlarının Türkiyənin hərtərəfli strategiya çərçivəsində terrorla mübarizəsində dönüş nöqtələrindən biri olduğunu söyləmək olar.
2019-cu ildə İraqın şimalındakı Hakurk bölgəsində “Pençe-1” ilə başlayan əməliyyatlar silsiləsi 2022-ci ilin aprel ayında Zap bölgəsinə qarşı başladılan “Pençe-Kilit” əməliyyatı ilə davam etdi. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, indiyədək keçirilən silsilə əməliyyatlarla ümumilikdə 1709 terrorçu zərərsizləşdirilib, ümumilikdə 2486 mağara və sığınacaq yararsız hala salınıb. 5 min 22 mina və əldəqayırma partlayıcı qurğunun məhv edilməsi ilə yanaşı, ümumilikdə 3 min 415 silah və təxminən 1 milyon 391 min sursatın ələ keçirildiyi açıqlanıb. Bu məqamda açıqlamalardan da göründüyü kimi, bu əməliyyatlar konkret hədəflər üçün təşkil edilsə də, ümumiyyətlə, Türkiyənin təhlükəsizlik doktrinasının təməl daşlarını təşkil edən strateji hədəflərə yönəldiyi görünür.
Bu məqsədlərə uyğun olaraq terror təşkilatı PKK-nın hərəkət zonasını daraltmaq, PKK-nın İraqın şimalındakı strateji bölgələrdə qurduğu baza nöqtələrinə nəzarət etmək və logistika xətlərini kəsmək hədəflənib. Eyni zamanda, PKK-nın Türkiyəyə qarşı hücumları üçün baza bölgələri və Türkiyə sərhədlərinə yaxın Zap, Metina, Avaşin-Basyan kimi bölgələrdə tam nəzarəti təmin etməyə çalışılıb. Digər tərəfdən, bu əməliyyatların Türkiyə-İraq-Suriya üçbucağında keçiriciliyi azaltmaqla yanaşı, Türkiyə sərhədində təhlükəsiz zonalar yaratmaqla, terrorçuların sızma fəaliyyətlərinin qarşısını almaq məqsədi daşıdığı da müşahidə edilib.
Əslində İraqda atılan addımlar nəticə verdiyi üçün İraqın şimalına yönələn “Pençe” əməliyyatları seriyası 2022-ci ilin noyabr ayından etibarən Suriyaya da genişləndi və ilk dəfə olaraq İraqla eyni vaxtda terror təşkilatının Suriyadakı strateji nöqtələrinə qarşı “Pençe-Kılıç” Hava Hərəkatı həyata keçirildi. Bu strategiya ilə təkcə qısamüddətli təhlükəsizliyə deyil, həm də uzunmüddətli perspektivdə sərhədyanı bölgələrin sabitləşməsinə zəmin yaratmağa cəhd edildi.
Zapdan sonra
Nəhayət, görünür, bu strategiya öz bəhrəsini verir. Bu yaxınlarda Trükiyə müdafiə naziri Yaşar Gülər ”Zapda kilid bağlandı” açıqlamasını verərək, “Pençe” əməliyyatlarında nəticələrin əldə edildiyini ortaya qoydu. Lakin bu bəyanat terrora qarşı əməliyyatların bitdiyi anlamına gəlməməlidir. “Zapda kilid bağlandı” ifadəsi ilə İraqın şimalındakı terror təşkilatının istifadə etdiyi ərazi olan şərq-qərb xəttinin demək olar ortasında yerləşən Zap bölgəsində tam nəzarətin əldə edildiyi bildirilir. Beləliklə, sərhəd bölgəsində şərqlə qərb arasında əlaqənin qırıldığını söyləmək mümkündür.
Zap bölgəsi illərdir terror təşkilatı PKK-nın kritik logistika və təlim bazası kimi istifadə edilir. Bu bölgədə təsirin itirilməsi təşkilatın fəaliyyət qabiliyyətinə böyük zərbə vursa da, digər sahələrdə tamamlayıcı addımlar atılmalıdır. Zapdakı uğurdan sonra Türkiyənin terrorla mübarizədə daha dərin və əhatəli hədəflərə yönəlməsi ehtimalı var. Digər tərəfdən terror təşkilatı PKK üçün ən kritik bölgələrdən biri olan Zapda nəzarəti ələ alaraq, terrorla mübarizədə psixoloji qazanc əldə edilib.
Yeni dövrün xəbərçisi
Qarşıdakı dövrdə terror təşkilatı PKK-nın əsas qərargahı olaraq illərdir terror fəaliyyətlərinin mərkəzi olan Qəndil və Asosa daha böyük təzyiqlərin ediləcəyi ehtimal edilir. Digər tərəfdən, Zapdan sonra Qara və Metina bölgələrinin təmizlənməsi terror təşkilatının İraqın şimalındakı əməliyyat sahəsini daha da daraltmaq baxımından son dərəcə kritikdir. Xüsusilə Qara terror təşkilatının logistik fəaliyyətləri və silah anbarları baxımından kritik əhəmiyyət kəsb edir.
Bununla belə, növbəti mərhələdə İraq mərkəzi hökuməti və İraq Kürdüstan Regionu (İKR) ilə terrorizmə qarşı mübarizə və şəhər quruluşu ilə bağlı əməkdaşlıq da müzakirə edilməlidir. Üstəlik, İraqda əldə edilən uğurlarla Türkiyənin Suriyadakı PKK-ya bağlı PYD-YPG-SDG strukturuna daha çox təzyiq göstərməsi mümkündür və lazımdır. Bu nöqtədə Suriyadakı əməliyyatlarla Fəratın şərqindəki terror ünsürlərinə qarşı yeni addımların atılacağını gözləmək olar.
Son zamanlar İsraillə bağlı inkişafları nəzərə alsaq, münaqişənin digər bölgələrdə də əks olunması və Suriyadakı proseslər terror təşkilatı üçün boşluqları ortaya çıxara bilər. Bu baxımdan Türkiyənin Suriyada terrorla mübarizədə təsirli strategiya və yeni əməliyyatlar irəli sürməsini tələb edəcək hadisələrin baş verəcəyi ehtimal edilir. “Pençe” əməliyyatları Türkiyənin terrorla mübarizədə qətiyyətini və qabiliyyətini nümayiş etdirən mühüm dönüş nöqtəsi olsa da, yadda saxlamaq lazımdır ki, Zap bölgəsində “kilidin bağlanması” bu mübarizənin yalnız bir mərhələsini təmsil edir. Son hədəf olan terror təşkilatının tamamilə zərərsizləşdirilməsi üçün daha geniş və daha uzunmüddətli strategiya gözardı edilə bilməz.
Bu məqamda Türkiyənin bu mübarizədə təkcə hərbi ünsürlərə deyil, diplomatiya, texnologiya və kəşfiyyat əməkdaşlığına da əsaslanan çoxölçülü yanaşmasını davam etdirəcəyini söyləmək yanlış olmaz.
Asif Cəfərov
Ordu.az