Rusiya Ukrayna qarşılığında Suriyadan imtina etdi? – BAXIŞ BUCAĞI

2024/12/1733823003.jpg
Oxunub: 727     14:27     10 Dekabr 2024    
Silahlıların Dəməşqə doğru hücum başlayanda, ABŞ vətəndaşlarını Suriyanı tərk etməyə çağırdı. Bundan əvvəl Rusiya da eyni çağırışla çıxış etmişdi. Artıq Rusiya və İranın Dəməşqdən diplomatik və hərbi nümayəndələrini təxliyə etdiyi barədə məlumatlar öz təsdiqini tapıb.

Bunlar Suriyada mümkün genişmiqyaslı eskalasiyaya hazırlığı xatırladırdı. Əslində Əsədin süqutu demək olar qaçılmaz görünürdü, lakin təəssürat ondan ibarətdir ki, bu, təkcə Əsədin süqutu deyil.

Suriyanın döyüş komponentinin intensiv tətbiqi ilə Yaxın Şərq və Körfəz regionlarında qüvvələrin yenidən yerləşdirilməsi əməliyyatlarının aparıla biləcəyi müəyyən “poliqona” çevrilməsi ehtimalı var. Ən azından intensiv evakuasiya ilə bağlı məlumat axınları bunu göstərir. Bu o deməkdirmi ki, Suriya bu mənada atəşkəsin getdikcə daha çox ehtimal olunduğu Ukraynanı “əvəz edə” bilər?

Ötən həftə Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvaya səfər edib, bundan sonra bildirib ki, Trampın Ukraynada atəşkəsə nail olmaqla bağlı yanaşması getdikcə reallaşır və mümkün hala gəlir. “Reuters” öz mənbələrinə istinadən həmin yanaşmaları təqdim edib və yanaşmalar ondan ibarətdir ki, atəşkəs ərazilər qaytarılmadan olmalı, həmçinin Ukraynanın NATO-ya üzvlük mövzusu ən azı 10 il müddətinə təxirə salınmalıdır.

Rusiya bunun müqabilində Əsədin Suriyadakı mövqelərini “təhvil verməyə” razılaşıbmı? Bəs bu o deməkdir ki, Moskva Suriyadan bütövlükdə geri çəkilir, yəni Tartusdakı hərbi mövcudluğundan da imtina edir? Yoxsa bu məsələ, belə demək mümkündürsə, hərbi imkana buraxılır?
Anlaşılan odur ki, Rusiya Ukraynada mövcud status-kvonun zəmanətini alaraq, Suriyada Əsədin hakimiyyəti uğrunda mübarizə aparmayıb. Lakin Moskva öz nüfuzu və ya “pay”ı üçün müəyyən hərbi mübarizə aparmağa məcbur olacaq. Eyni şey İrana da aid olacaqmı? Nəsə demək çətindir. Bu, həm də böyük Rusiya-İran sazişinin ilin sonuna qədər imzalanıb-imzalanmayacağının göstəricisi olacaq.

Bir şey aydındır ki, Yaxın Şərqdə yeni böyük oyun başlayır. Bu oyunun qaydalarının olub-olmayacağı isə əsas suallardan biridir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Suriya  


Bizi "telegram"da izləyin