Yaxın Şərq böhranı necə aradan qaldırılacaq? Qafqazda “yenidən yükləmə” olacaq, yoxsa qarşıdurma rejiminə qayıdacağıq?

2024/12/1733563027.jpg
Oxunub: 1097     14:13     08 Dekabr 2024    
İsrail mətbuatının məlumatına görə, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al-Tani Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Qəzza zolağında müharibəyə son qoymaq, girovların və saxlanılan şəxslərin mübadiləsinə dair sözdələşmə əldə etmək niyyətindədir. Üstəlik, o, bunun andiçmə mərasimindən əvvəl olmasını istəyir.

Noyabrın sonunda mətbuatda məlumat yayılıb ki, Qətər HƏMAS ilə danışıqlara vasitəçilik etməkdən imtina edir və Fələstin təşkilatına mərkəzi ofisin Dohada olması üçün vaxtın bitdiyini bildirib. Bəzi mənbələr HƏMAS-ın qərargahını İstanbula köçürdüyünü bildirib. Həmin vaxt ABŞ prezidenti Cozef Bayden Türkiyənin HƏMAS-la danışıqlara cəlb olunmasının məqsədəuyğunluğundan danışıb. Qətərin Baş nazirinin müsahibəsi Dohanın İsrail-HƏMAS danışıqlarına vasitəçiliyə qayıtdığını göstərir.

“Reuters”in məlumatına görə, noyabrın 24-də Qətərin Baş naziri Vyanaya gedib və orada MOSSAD-ın direktoru David Barnea ilə gizli görüşüb. Sonuncu HƏMAS ilə vasitəçilik danışıqlarında İsraili təmsil edir. Eyni mənbələrin məlumatına görə, ABŞ-nin yeni seçilmiş prezidentinin nümayəndəsi Stiv Vitof ötən ay Doha və Yerusəlimə səfər edib.

“Tərəflər razılaşıblar ki, Qəzzada atəşkəs Trampın andiçmə mərasimindən əvvəl olmalıdır, bundan sonra regionda sabitliyin yaradılması məsələlərini müzakirə etmək mümkün olacaq”, - deyə İsrail KİV-i bildirir və əlavə edir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Adam Boleri girovların dəyişdirilməsi məsələsi üzrə xüsusi nümayəndə təyin edib.

O, Trampın ilk prezidentliyi dövründə “İbrahim Razılaşmaları”nın hazırlanmasında iştirak edib. İsraillə ərəb ölkələri arasında birgəyaşayışın qurulmasını nəzərdə tutan bu təşəbbüs baş tutmadı. Görünür, ikinci prezidentlik dövründə Tramp bunu “yenidən yükləmək” niyyətindədir. Əgər “Reuters”in verdiyi məlumatın mənbələri etibarlıdırsa, o zaman Suriyada başlayan və yeni təzahürlərə malik olmağa davam edən vəziyyətin kəskin şəkildə ağırlaşması Qəzza zolağında atəşkəs rejiminin yaradılması və girovların dəyişdirilməsi ilə bağlıdır.

Görünür, bu, hərbi qarşıdurma təhlükəsi ilə doludur və ABŞ nüfuzlu ərəb ölkələrinin iştirakı ilə “təhlükəsiz bufer zona” formalaşdırmağa çalışır. Qətərin Baş nazirinin İsrailin HƏMAS ilə danışıqlarında vasitəçiliyini yenidən təsdiqləyəcəyi barədə bəyanatı sanki sübut edir ki, Türkiyənin Yaxın Şərqdəki nüfuzlu varlığı, üstünlüyü Trampın komandasını narahat edir.

Görünür, ABŞ-nin seçilmiş prezidenti üçün problem yəhudi və ərəb lobbilərinin maraqlarını necə uzlaşdırmaqdır. Məlumatlı mənbələrin məlumatına görə, demokratlara qarşı qələbədə ərəb icmalarının səsi əhəmiyyətli olub. Hakim ekspert rəyi var ki, Türkiyənin HƏMAS üzərində böyük təsiri var. Ərdoğan bu resursdan necə istifadə edəcək? Onun Trampın komandası və gələcək administrasiya ilə razılığa gəlməyə çalışacağı məntiqlidir.

Bu baxımdan İsrailin Livanla atəşkəs danışıqlarında Fransanın zəmanətçi kimi iştirakına qarşı çıxması, lakin Bayden administrasiyasının məsləhətlərinə yer verməsi diqqət çəkir. Bu kontekstdə Fransa prezidenti Emmanuel Makronun bu yaxınlarda Səudiyyə Ərəbistanına səfər etməsi, Parisin Fələstinin müstəqilliyinin elan edilməsi üçün müttəfiq ölkələrin dəstəyi ilə beynəlxalq konfransa sədrlik etməyə hazır olduğunu bəyan etməsi vacibdir.

ABŞ Fələstin ərəblərinin müstəqil dövlətə sahib olmaq hüququnu rəsmi olaraq rədd etməsə də, əməldə İsraili dəstəkləyir. Tramp administrasiyası Fələstinin müstəqilliyi ilə bağlı mövqeyini dəyişəcəkmi? Amerikalı hərbi ekspert Rafael Koenin qiymətləndirməsinə görə, Tramp administrasiyası “strateji proqramlaşdırma”ya yenidən baxmalıdır.

Onun proqnozuna görə, ABŞ-ni üç cəbhədə - Şərqi Avropada, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə müharibə gözləyir. ABŞ-nin seçilmiş prezidenti Yaxın Şərqə “hücum edir”. Koen deyir ki, Rusiya-Çin-Şimali Koreya-İran strateji müttəfiqliyi reallıqdır. Azərbaycan-Ermənistan danışıqlarında “pauza var”. Trampın inauqurasiyasından sonra “yenidən yükləmə” olacaq, yoxsa qarşıdurma rejiminə qayıdacağıq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq   Böhran   Müharibə  


Bizi "telegram"da izləyin