Ermənistanın BƏƏ istiqamətində uğursuzluğu və Azərbaycanın əməli fəaliyyəti – BAXIŞ BUCAĞI

2024/12/1733310064.jpg
Oxunub: 863     18:39     05 Dekabr 2024    
Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Günü münasibətilə BƏƏ prezidentinə təbrik məktubu göndərərək, Ermənistan və BƏƏ arasında əlaqələrin dərinləşdirilməsini vacib hesab edib.

“Eyni zamanda, əminəm ki, hər iki tərəfin səyləri sayəsində biz əməkdaşlığımızı strateji səviyyəyə qaldıra bilərik. Bununla əlaqədar olaraq mən Ermənistan hökumətinin dost dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə bu istiqamətdə lazımi addımlar atmağa hazır olduğunu bildirirəm”, - deyə Paşinyan mesajda yazıb.

Paşinyanın mesajını təhlil etməzdən öncə, hazırda BƏƏ-nin dünyada bütün ölkələr üçün mühüm tərəfdaş olduğunu qeyd etməliyik. Biz bunu təkcə regionun ərəb dünyası ilə ənənəvi yaxşı münasibətləri kontekstində deyil, həm də BƏƏ-nin özünün beynəlxalq rolunun yüksək dərəcədə artması çərçivəsində nəzərdən keçirərək qeyd edirik. Lakin Ermənistan Baş nazirinin münasibətlərin strateji səviyyəyə yüksəldilməsi istiqamətində əminlik ifadə etməsi bir qədər gülüncdür.

Sual vermək lazımdır ki, Ermənistanın BƏƏ-nin “Masdar” adlı böyük şirkəti ilə razılaşması, Milli Təşəbbüslər Mərkəzi - ANİF ilə imzalanan razılaşma hansı vəziyyətdədir? Söhbət Ermənistanda böyük günəş elektrik stansiyasının tikintisi üzrə investisiya layihəsindən gedir. ANIF, məlum olduğu kimi, artıq yoxdur. Üstəlik, “yoxdur” ifadəsi bu halda kifayət qədər yumşaq deyilir, çünki bu dövlət strukturunu Ermənistan üçün guya sərfəli investisiya proqramlarına və təşəbbüslərinə çevirməli olan pullar da yoxdur.

Bundan əlavə, Paşinyan özü də etiraf edib ki, ANİF əslində uğursuzluğa düçar olub. Halbuki Ermənistanda bu uğursuzluğa görə məsuliyyətə cəlb edilmiş hər hansı bir rəsmi yoxdur. Ermənistanın “Masdar” ilə 2019-cu ildə elan edilmiş razılaşmasına qayıdaq. Həmin investisiya müqaviləsinin vəziyyəti necədir, günəş elektrik stansiyası inşa edilir, yoxsa yox? Erməni mənbələrinə görə, bu stansiya Talın bölgəsində qurulmalı idi. Həmin ərazi təbii uyğunluq kimi seçilmişdi.

Amma 2024-cü ilin yayına olan məlumata görə, Ermənistanda günəş stansiyasının inşasından əsər-əlamət yox idi, halbuki, plana görə, stansiyanın inşasına 2023-cü ildə başlanmalı və 2025-ci ildə başa çatdırılmalı idi. BƏƏ ilə daha bir uğursuz layihə Ermənistanın milli aviadaşıyıcısının yaradılması təşəbbüsüdür. “Flay Arna” artıq yoxdur və Paşinyan parlamentin kürsüsündən bunun uğursuz olmasını qəbul edib, ancaq Ermənistana 10 milyard dram qiymətə başa gələn bu layihənin uğursuzluğuna görə cavabdeh olan hər hansı bir şəxs yenə də yoxdur.

Lakin bu uğursuzluqlar təkcə maliyyə-iqtisadi xarakter daşımır. Bunlar həm də Ermənistanın beynəlxalq investisiya “nüfuzu”na və xarici investorlar arasında tərəfdaş kimi “ciddiliyi”nə xələl gətirir.

Bu mənada BƏƏ bu gün həqiqətən də qlobal miqyasda ən böyük investisiya potensialına malikdir və Ermənistandan fərqli olaraq Azərbaycan bu potensialdan uğurla yararlanır, sözügedən sahədə əməli addımlar atır. BƏƏ ilə razılaşmalar və bunların uğurla həyata keçirilməsi Azərbaycan üçün təkcə iqtisadi səmərə deyil, həm də digər xarici investorlar üçün müəyyən indikatordur ki, etibarlı investisiya tərəfdaşı dövlət kimi Azərbaycanla iş görmək olar.

Xarici borcla ÜDM-in 50 faizini çoxdan ötmüş və yeni borclar toplayan Ermənistan ilə isə bunu həyata keçirmək mümkün deyil. Böyük xarici investisiya təşəbbüslərinin həyata keçirilməsi üçün yazılı və ya şifahi inandırmalar deyil, əməli fəaliyyətlər önəmlidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BƏƏ   Böhran  


Bizi "telegram"da izləyin