Nüvə enerjisi layihələri də Türkiyənin enerji strategiyasının bir hissəsi kimi diqqət çəkir. “Akkuyu” Atom Elektrik Stansiyasının 4,8 giqavatlıq gücünün istifadəyə verilməsi və ölkənin ümumi nüvə gücünün növbəti illərdə 20 giqavata çatdırılması Türkiyənin enerji müxtəlifliyini artıracaq və karbonsuz enerji istehsalında mühüm rol oynayacaq. Bütün bu investisiyalar həm xərcləri azaltmaqla, həm də enerji təchizatının təhlükəsizliyini təmin etməklə, Türkiyənin rəqabət qabiliyyətini artıracaq.
Türkiyə enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar enerji layihələrinin həyata keçirilməsində fəal rol oynayır və ölkənin enerji müstəqilliyinə doğru irəliləməsinə böyük töhfə verir.
Son zamanlar Türkiyəni beynəlxalq enerji layihələrində kənarda qoymağa cəhd edildiyi bəzi hallar diqqət çəkir. Türkiyənin enerji layihələrindən kənarlaşdırılması istəyi Qərbin Türkiyəni enerji tranzit marşrutlarından kənarlaşdırmaq strategiyasının tərkib hissəsi kimi də dəyərləndirilə bilər. Türkiyə Cənubi Kipr və Yunanıstan ilə Şərqi Aralıq dənizindəki təbii qaz ehtiyatlarına çıxış hüququ ilə bağlı mübahisələr yaşayır. Türkiyənin enerji layihələrindən uzaqlaşdırılmasının ən böyük amillərindən biri kimi bu bölgədəki resurslara nəzarət və ölkənin hüquqlarını qorumaq istəyi önə çıxır.
Şərqi Aralıq dənizi təbii qaz boru kəməri layihələri (EastMed) və Hindistan-Orta Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) kimi strateji təşəbbüslərdə Türkiyəni kənarlaşdırmaq istəyi Ankaradan regional enerji siyasətində aktiv strategiya izləməyi tələb edib. Türkiyə Afrika, Orta Asiya və Körfəz ölkələri ilə enerji əməkdaşlığını artıraraq, enerji diplomatiyasını gücləndirir və bu cür təşəbbüslərə alternativ enerji layihələri hazırlamaqla cavab verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfərləri zamanı xüsusilə enerji ilə bağlı ikitərəfli beynəlxalq müqavilələr imzalanarkən, Afrika və Orta Asiya ölkələri ilə də oxşar araşdırmalar davam edir. Bu yaxınlarda Türkiyə, İraq, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) daxil olduğu “İnkişaf Yolu” Layihəsi üçün müqavilələr imzalanıb. Layihə Fars körfəzini Türkiyəyə, Türkiyə üzərindən isə 1200 kilometrlik dəmir yolu və avtomobil yolu ilə fasiləsiz olaraq Avropaya birləşdirməyi hədəfləyir.
Türkiyədə hidrogen istehsalı xərcləri
Türkiyə həm təbii qaz, həm də bərpa olunan enerji mənbələrində strateji üstünlükləri ilə enerji sektorunda sürətlə regional gücə çevrilir. Enerji qaynaqlarının müxtəlifliyi və yüksək bərpa olunan enerji potensialı Türkiyəyə hidrogen istehsalı və ixracında əhəmiyyətli bir aktor olmaq imkanı verir. Ölkənin həyata keçirdiyi böyük enerji layihələri hidrogen istehsalı xərclərini azaldacaq, onu həm daxili bazarda, həm də Avropada cəlbedici enerji təchizatçısına çevirəcək və Türkiyəni çox milyardlıq hidrogen ticarəti üçün mühüm mərkəz halına gətirəcək.
2030-cu ilə qədər Almaniyanın ildə təxminən 1 milyon ton təmiz hidrogen istehsal etməsi və 2-3 milyon ton hidrogen alması planlaşdırılır. Bu, illik 8-10 milyard dollarlıq ticarət həcmi demək olsa da, zamanla hidrogenə tələbat artdıqca bu rəqəmlərin iki qat artacağı gözlənilir. Türkiyə aşağı hidrogen istehsalı və nəqli xərcləri ilə bu ehtiyacı qarşılaya bilən nadir ölkələrdən biridir. Türkiyədə hidrogen istehsalı xərcləri xüsusilə gələcəkdə istifadəyə veriləcək bərpa olunan enerji və nüvə stansiyaları sayəsində rəqabət qabiliyyətli səviyyədədir. Günəş enerjisinə əsaslanan hidrogen (yaşıl) istehsalının dəyəri kiloqram başına 3,79-5,11 dollar olaraq hesablandığı halda, 2035-ci ildə bu dəyərin kiloqram başına 2,4 dollardan aşağı düşəcəyi gözlənilir.
Dəniz külək enerjisi layihələri ilə hidrogen (yaşıl) istehsal xərcləri xüsusilə Çanaqqala və Balıkəsir kimi bölgələrdə kiloqram başına 4,13 dollara enir. Bundan əlavə, Türkiyə gələcəkdə quraşdırılmış gücü 5 giqavata çatdırmağı qarşısına məqsəd qoyduğu Kiçik Modulyar Reaktorlarla bənövşəyi (qırmızı, çəhrayı) hidrogen istehsalında ciddi üstünlük əldə edəcək. Belə reaktorlardan hidrogen istehsalının dəyəri kiloqram başına 5-6,73 dollar arasında dəyişir. Digər üsul olan təbii qazdan karbon tutma və saxlama texnologiyalarının istifadə edildiyi hidrogen (mavi) istehsal xərci isə Türkiyədə kiloqram başına 1,27-1,82 dollara enir. Bu xərclər göstərir ki, Türkiyə Avropaya hidrogen ixracı üçün əlverişli istehsal mərkəzi ola bilər.
Türkiyənin coğrafi mövqeyi hidrogenin Avropaya daşınmasında mühüm üstünlüklər təklif edir. Yaxın Şərqdən Avropaya daşınacaq hidrogenin hər kiloqramı üçün nəzərdə tutulan 1,2 dollarlıq daşınma xərcləri ilə müqayisədə, Türkiyədən keçən dəhlizin dəyəri (kiloqram başına 0,9 dollar) xeyli aşağı olacaq. Türkiyənin mövcud təbii qaz infrastrukturu və TANAP kimi layihələrə coğrafi yaxınlığı hidrogenin Avropaya nəqli üçün daha qısa və qənaətcil marşrut təklif edir. Bu, Türkiyənin Avropanın hidrogen tələbatının ödənilməsində əsas ölkə olmaq potensialını artırır.
Yaxın Şərq-Türkiyə-Avropa hidrogen dəhlizi
Türkiyəni kənarda qoymağa cəhd edildiyi Yaxın Şərq-Avropa hidrogen dəhlizi son zamanlar müxtəlif platformalarda gündəmə gətirilib. Bununla belə, hidrogeni Yaxın Şərqdən birbaşa Avropaya nəql etmək üçün uzun və bahalı boru kəmərləri çəkilməlidir. Türkiyə həm Yaxın Şərq, həm də Avropa arasında təbii körpü rolunu oynayır. Hidrogen Yaxın Şərqdən Türkiyəyə quru və ya mövcud boru kəmərləri vasitəsilə nəql edilə bilər. Daha sonra Türkiyədən Avropaya daha qısa məsafələrdə və sərfəli şəkildə boru kəmərləri çəkilə bilər. Bu, ümumi nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaq.
Yaxın Şərq-Türkiyə-Avropa xətti həm Yaxın Şərqdə, həm də Türkiyədə istehsal olunan hidrogenin inteqrasiyasına imkan verir. Yaxın Şərqdə istehsal olunan mavi və yaşıl hidrogen Türkiyənin bərpa olunan enerji mənbələri ilə istehsal edəcəyi hidrogenlə birləşdirilə bilər və bu, daha böyük həcmdə hidrogenin Avropaya ixracına imkan verəcək.
Avropanın enerji diversifikasiyası və yaşıl enerji məqsədlərinə nail olmaq üçün etibarlı və daimi hidrogen tədarükünə ehtiyacı var. Yaxın Şərq-Türkiyə-Avropa dəhlizi həm Yaxın Şərqin yüksək hidrogen istehsal gücündən, həm də Türkiyənin etibarlı enerji infrastrukturundan istifadə etməklə, Avropaya davamlı hidrogen axını təmin edə bilər. Türkiyə bu dəhlizin mərkəzində olmaqla, enerji keçidinin liderlərindən birinə çevrilə bilər.
Türkiyə enerji sektorunda atdığı strateji addımlarla həm regional, həm də qlobal miqyasda kritik bir aktor olma yolundadır. Qara dənizdə təbii qaz kəşfi, bərpa olunan enerji və nüvə investisiyaları enerji təhlükəsizliyi və xarici asılılığın azaldılması baxımından böyük əhəmiyyət kəsb edir. Hidrogen istehsalında sahib olduğu üstünlüklər Türkiyəni Avropanın yaşıl enerji hədəflərinə uyğun olaraq əsas tədarükçüyə çevirə bilər. Bundan əlavə, Türkiyənin strateji mövqeyi Avropaya daha qənaətcil və etibarlı hidrogen dəhlizi təklif edir.
Bu kontekstdə Türkiyənin enerji diplomatiyasının daha da gücləndirilməsi, Körfəz və Mərkəzi Asiya ilə ikitərəfli əməkdaşlığın artırılması həm enerji təchizatı təhlükəsizliyini təmin edəcək, həm də Türkiyəni qlobal enerji keçidində əvəzolunmaz tərəfdaşa çevirəcək.
Sevinc Əliyeva
Ordu.az