“Defence Blog”un verdiyi xəbərə görə, Suriyanın müxalif qüvvələri genişmiqyaslı hücuma başlayıblar. Buna qədər ölkənin şimal-qərbində yerləşən Hələb şəhərinə doğru olan kəndlərdə Suriya ordusu ilə müxalif qüvvələr arasında toqquşmalar baş verib. Bu qarşıdurmalar nəticəsində Əsəd qüvvələrinin nəzarətində olan bir çox kənd müxalif qüvvələrin nəzarətinə keçib. Bu çərçivədə müxalif qüvvələrin bəzi tank və zirehli vasitələri də ələ keçirdiyi bildirilir.
Müxalif qüvvələrin hücumlarına cavab olaraq Suriya ordusu Rusiya hərbi qüvvələri ilə koordinasiyada müxaliflərin nəzarətində olan əraziləri hədəfə alaraq, havadan zərbələr endirib. Hücumdan sonra ilk açıqlamalarında hökumət mənbələri geniş cəbhədə böyük hücuma keçən “terrorçular”ın ağır itki verdiyini iddia edib. Ordu həmçinin əraziləri geri almaq və vəziyyəti bərpa etmək üçün Rusiya və dost qüvvələrlə əməkdaşlıq etdiyini bildirib. Bəzi mənbələrin verdiyi xəbərlərdə PKK/YPG-nin də Suriya ordusuna kömək üçün yola düşəcəyi iddia edilib.
Digər tərəfdən, “Reuters”ə danışan Türkiyənin təhlükəsizlik mənbələri Suriyanın şimalındakı müxalif qrupların Suriya hökumət qüvvələrinin İdlibdəki gərginliyin azaldılması zonasına hücumlarından sonra məhdud əməliyyatlara başladığını, lakin hökumət qüvvələrinin mövqelərini tərk etməsi ilə əməliyyatın genişləndirildiyini bildiriblər.
Suriya İnsan Haqları Monitorinq Mərkəzi bildirib ki, “Heyət Təhrir əş-Şam” (HTŞ) və “Əl-Fəth əl-Mubin” əməliyyat otağı daxilindəki müttəfiq qruplar 46-cı Alayın yaxınlığındakı Kubtan əl-Cəbəl və Şeyx Akildəki strateji nöqtələrə doğru irəliləyir.
Briqada generalı Kioumars Pourhaşemi öldürülüb
İranda yerləşən SNN xəbər agentliyinin xəbərinə görə, toqquşmalarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Kioumars Pourhaşemi həlak olub. Briqada generalının HTŞ-nin rəhbərlik etdiyi bölmələrin bölgədəki hücumu zamanı öldürüldüyü iddia edilib.
Hücum Suriya ordusu ilə HTŞ-yə bağlı qruplar arasında intensiv artilleriya və raket mübadiləsi ilə xarakterizə edilib. Hökumət qüvvələri qrupların Atarib, Darat İzza və ətraf kəndlərdəki arxa mövqelərini müvafiq olaraq bombalayıb. Suriya İnsan Haqları Monitorinq Mərkəzi həmçinin bildirib ki, Rusiya döyüş təyyarəsi üsyançıların irəliləyişini dayandırmaq üçün raketlərdən istifadə edərək, bölgəyə hava zərbələri endirib.
Suriya ordusu ilə müxalif qüvvələr arasında toqquşmalar
Bir çox mühüm mövqelərin tutulması ilə davam edən bu son hücum Suriyada vətəndaş qarşıdurmasının nisbətən sakit olduğu bir vaxta təsadüf edir. Bu dövrdə cəbhə xəttləri son illərdə əsasən sabit olaraq qalmışdı. HTŞ və onun müttəfiq qruplarının hücumu strateji əhəmiyyətli bölgə olan Hələbdə Əsəd qüvvələrinə əlavə təzyiq göstərmək məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az