Polşa prezidenti Arazdəyən istiqamətində nə gəzir? – Orbanın rolu daha həlledicidir

2024/11/1732719554.jpg
Oxunub: 1348     18:57     27 Noyabr 2024    
Ötən gün İrəvana rəsmi səfər edən Polşa prezidenti Andjey Duda səfərinin rəsmi görüşləri ilə yanaşı, Arazdəyən istiqamətinə də gəlib. Burada o, Azərbaycanla Ermənistanın sərhədində "müşahidə missiyası"nı həyata keçirən Avropa İttifaqı (Aİ) "müşahidəçilər"inin sərhəd müşahidəsində iştirak edib, missiyanın Polşadan olan heyəti ilə görüşüb.

Bu, əlbəttə, Polşanın Aİ-nin təxribatçı "müşahidəçi missiyası"nın davam etdirilməsinə dəstəyidir. Aİ missiyasının davam etdirilməsi məsələsi artıq müzakirə olunur, çünki əslində bir-iki aydan sonra missiyanın mandatı başa çatır və onun uzadılması məsələsi yəqin ki, o vaxta qədər həll olunmalıdır.

Məsələ isə Aİ-yə üzv olan 27 ölkənin hamısının konsensusu ilə həll edilməlidir. Yəni bütün üzvlər tərəfindən təsdiqlənməlidir. Polşa təbii ki, Aİ-nin mühüm ölkələrindən biridir və bu məsələdə Varşavanın dəstək göstərir, lakin bunun həlledici olmadığı da yaxşı məlumdur. Bu halda Macarıstanın mövqeyi həlledici ola bilər. Nəzərə almaq lazımdır ki, Budapeşt Azərbaycanla sıx əlaqələrə sahibdir, Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür, Macarıstanın Baş naziri Viktor Orban bu yaxınlarda Qırğızıstanda keçirilən sammit zamanı Türk Dünyasının Ali Ordeni ilə təltif edilib.

Azərbaycan təxribatçı "müşahidəçilər"in yerləşdirilməsinə, ən azından Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinə qarşı olduğu üçün böyük ehtimalla Macarıstan Aİ-də rəsmi Bakının haqlı fikirlərini müdafiə edəcək. Məsələn, Avropa Yardım Fondundan Ermənistana 10 milyon dollar məbləğində müdafiə yardımı ayrılmalı olanda, Macarıstan bu qərarın qarşısını aldı, çünki ölkəmiz də bunun əleyhinə idi.

Macarıstanın qadağası nəhayət, Azərbaycanın da adekvat yardım alacağına dair razılaşma müqabilində aradan qaldırıldı. Şübhə yoxdur ki, İrəvanın məsələsi ümumiyyətlə "müşahidə missiyası" deyil, onun yerləşdirilməsi ilə Rusiyanı kənarda qoymaqdır. Hətta bunun üçün təxribatların həyata keçirilməsi də nəzərdən keçirilir. Məhz bu səbəbdən, bununla paralel olaraq Müdafiə naziri Zakir Həsənovun təxribatların qarşısının alınması üçün döyüş hazırlığının və sayıqlığının artırılması ilə bağlı göstərişləri əsassız deyil.

Bu, elə bir vəziyyət yaradır ki, Ermənistan tərəfi hər vasitədən istifadə edərək missiyadan manipulyasiya vasitəsi kimi istifadə etməyə çalışacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Arazdəyən   Orban  


Bizi "telegram"da izləyin