“Oreshnik” ilə Dəyişdirilən Balistik Raket Doktrinası – ANALİZ

2024/11/1732711080.jpg
Oxunub: 1191     16:46     27 Noyabr 2024    
Rusiyanın Ukraynaya son hücumunda istifadə etdiyi “Oreshnik” raketinin qitələrarası ballistik raket (ICBM) sinfinə aid olmadığı bəlli olub.

Bununla belə, bu raket texniki olaraq ICBM-dən əldə edilib və nüvə sərhədindən aşağı uzun mənzilli hücum imkanlarına malikdir. “Oreshnik”in istifadəsi konvensional ICBM-lərin strateji dəyəri ilə bağlı qlobal müzakirələri yenidən alovlandırdı.

“Oreshnik”in buraxılması Ukraynanın ABŞ və Böyük Britaniya tərəfindən verilən ATACMS və “Storm Shadow” kimi uzun mənzilli raketlərdən istifadə edərək, Rusiyaya qarşı hücumlara başlamasından sonra baş verib. Kreml bu hücumları “Qərb ölkələrinin münaqişədə birbaşa iştirakı” kimi qiymətləndirib.

Rusiya prezidenti Vladimir Putin “Oreshnik”in varlığını və raketin Ukraynanın şərqindəki Dnepr şəhərinə hücumda istifadə edildiyini təsdiqləyib.

Rusiya prezidenti cümə axşamı verdiyi açıqlamada deyib: “ABŞ və Britaniyanın uzun mənzilli silahlarına cavab olaraq noyabrın 21-də Ukraynanın hərbi sənaye obyektlərindən birinə vahid hücum təşkil etdik”. Putin vurğulayıb ki, Rusiyanın öz obyektlərinə hücum edən ölkələrin hərbi obyektlərini hədəfə almaq hüququ var.

Putin müasir Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin bu tip raketləri bloklamasının mümkün olmadığını iddia edib. Məlumata görə, Rusiyanın “Oreshnik” raketi 6 ayrı döyüş başlığı daşıyır və hər bir başlıqda 6 alt sursat var. Putin raketin “qeyri-nüvə hipersəs texnologiyası”na malik olduğunu açıqlasa da, istifadə edilən müstəqil olaraq hədəflənən çoxlu vasitələrinin növü hələ dəqiq deyil. Hipersəs raketləri səs sürətindən ən azı 5 dəfə (Mach 5) sürətlə hərəkət edir və uçuş zamanı manevr edə bilir. Bu onları izləməyi və dayandırmağı çox çətinləşdirir.

Pentaqon “Oreshnik”in RS-26 “Rubezh” bazasında olduğunu təsdiqləyib və buraxılışdan əvvəl ABŞ-nin “nüvə riskinin azaldılması kanalları” vasitəsilə məlumatlandırıldığını açıqlayıb.

Ballistik Raketlər və Mənzil Kateqoriyaları

Ballistik raketlər mənzillərinə görə müxtəlif kateqoriyalara bölünür:

Qısa Mənzilli Ballistik Raketlər (SRBM): 1000 kilometrə qədər,
Orta Mənzilli Ballistik Raketlər (MRBM): 1000-3000 kilometr arası,
Orta-Uzun Mənzilli Ballistik Raketler (IRBM): 3000-5500 kilometr arası,
Qitələrarası Ballistik Raketlər (ICBM): 5500 kilometr və yuxarı.


Bu kateqoriyalar arasında raketin qabiliyyəti daşıdığı döyüş başlıqlarının növündən və konfiqurasiyasından asılı olaraq böyük ölçüdə dəyişə bilər.

RS-26 “Rubezh”: “Oreshnik”in Texniki Mənşəyi

RS-26 “Rubezh” rəsmi olaraq ICBM sinfinə məxsus olsa da, onun əslində “Orta-Uzun Mənzilli Ballistik Raket” (IRBM) olduğuna dair çoxdan sübutlar var. Bu raketin RS-24 “Yars” ICBM-nin qısaldılmış bir törəməsi olduğu, RS-12M “Topol-M” sisteminin bazası əsasında hazırlandığı dəyərləndirilir. Putin “Oreshnik”i “orta mənzilli” raket kimi təsvir edərkən, ABŞ rəsmiləri onu IRBM kateqoriyasına daxil edirlər.

RS-26 bərk yanacaqla işləyən, mobil ballistik raketdir və keçmişdə RS-24 “Yars” ICBM-nin törəməsi kimi təsvir edilib. 2008-ci ildə Moskva Termal Texnologiya İnstitutu tərəfindən hazırlanmağa başlayan raketin sınaq prosesi əvvəlcə qarışıq nəticələr verdi. 2012-ci ildə keçirilən sınaq raketin qitələrarası mənzilə çata biləcəyini göstərsə də, tam yüklə bu mənzili keçə bilməyəcəyi anlaşılıb. İnkişaf etdirmə işləri 2018-ci ildə dayandırıldı, çünki bu, RS-26-nın Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsini pozmasına səbəb ola bilərdi.

Bildirilir ki, “Oreshnik” 6 konvensional döyüş başlığı daşıyır və Soyuq müharibə dövründən qalma Müstəqil olaraq hədəflənən çoxlu vasitə (Multiple independently targetable reentry vehicle - MIRV) funksiyasını yerinə yetirir. Bu raket eyni vaxtda bir çox hədəfi vurmaq gücünə malikdir.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Raketdən Müdafiə Layihəsinin direktoru Tom Karako MIRV texnologiyasının ilk dəfə olaraq müharibədə istifadə oluna biləcəyini bildirib. MIRV-lər ümumiyyətlə nüvə başlıqları üçün hazırlanıb. “Oreshnik”in mənzilinin təxminən 800 km olduğu təxmin edilir və bu məsafədə Kapustin Yardan buraxıldığı bildirilir. Lakin döyüş başlıqlarının növü və yükgötürmə qabiliyyəti dəqiq deyil.

Bu raketin istifadəsi göstərir ki, Rusiya INF Müqaviləsinin başa çatması ilə IRBM inkişaf etdirmə səylərini canlandıra bilər. INF Müqaviləsi 310 ilə 3410 mil mənzilli ballistik və qanadlı raketlərin istifadəsini qadağan edirdi. Müqavilənin 2019-cu ildə başa çatması Rusiya üçün RS-26 kimi layihələri yenidən qiymətləndirmək imkanı yarada bilər. Putinin 2018-ci ildə RS-26-nın hazırlanmasını dayandırmaq qərarının maliyyə səbəblərindən qəbul edildiyi iddia edilsə də, raketin fərqli ad və konfiqurasiya ilə yenidən səhnəyə çıxması ehtimalı mümkün görünür.

Konvensional ICBM-lərin Strateji Dəyəri

Konvensional silahlandırılmış ICBM-lərin inkişaf etdirilməsi bir çox ölkələr üçün cəlbedici seçim ola bilər. Məsələn, məlumdur ki, ABŞ Çinin 2023-cü ildə belə bir sistemi inkişaf etdirmək səylərini qiymətləndirib. İsrailin “Jericho 3” adlı ICBM-nin konvensional faydalı yükləri daşıya biləcəyi bildirilərkən, “Jericho 4”ün inkişaf etdirilmə mərhələsində olduğu qeyd edilir.

Bu cür raketlər nüvə silahından istifadə etmədən strateji hədəfləri vurmaq potensialına malikdir. Xüsusilə zamana həssas hədəflər üçün konvensional ICBM-lərin istifadəsi çəkindirmə baxımından əhəmiyyətli bir üstünlük təmin edir. Konvensional silahlarla təchiz edilmiş IRBM-dən istifadə Rusiyaya strateji hədəflər üçün güclü bir çəkindirmə təmin edir. Bu, həm də Qərb dövlətlərinə Ukraynadakı müharibəyə daha da qarışmamaq üçün mesaj vermək məqsədi daşıya bilər.

Dnepr hücumunda istifadə edilən “Oreshnik” Ukraynanın HHM sistemlərindən yan keçməklə yanaşı, Avropada da əks-səda doğuracaq strateji addım kimi diqqəti cəlb edib.

Risklər və Mümkün Yan Təsirlər

Bununla belə, konvensional ICBM-dən istifadə nüvə hücumu kimi səhv qəbul edilmək riskini daşıyır. Raketin yüksək sürəti müdafiə olunan ölkələrin təhdid qiymətləndirməsini və cavab müddətini ciddi şəkildə məhdudlaşdırır. Bu, anlaşılmazlıqlar səbəbindən nüvə münaqişəsinə səbəb ola bilər.

ABŞ-nin keçmişdə sualtı qayıqlardan buraxılan konvensional “Trident II” raketi ilə bağlı layihələri dayandırmasının arxasında da bu ayrı-seçkilik problemləri dayanır. Bənzər şəkildə Rusiyanın Ukraynaya “Oreshnik” hücumu konvensional olaraq silahlandırılmış ICBM-lərin praktiki rolu və onların strateji təsiri ilə bağlı mübahisələri yenidən alovlandırdı. Belə görünür ki, Rusiya “Oreshnik” raketindən istifadə etməklə, təkcə Ukraynaya deyil, ABŞ və NATO ölkələrinə də aydın mesaj verir.

Konvensional ICBM-lər strateji faydaları ilə yanaşı, yarada biləcəkləri risklərlə də beynəlxalq təhlükəsizlik siyasətlərində mühüm yer tutmağa davam edir. RS-26 “Rubezh”in törəmələrindən biri olduğu düşünülən “Oreshnik” Rusiyanın ballistik raket proqramının təkamülü ilə bağlı mühüm ipucları verir. Dnepr hücumu bu cür silahların döyüş meydanında necə istifadə oluna biləcəyini və onların strateji təsirlərini ortaya qoyur. Ancaq “Oreshnik”in dəqiq “şəxsiyyəti” və döyüşdə istifadəsi ilə bağlı daha çox məlumat lazımdır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Oreshnik   Rubezh   QABR  


Bizi "telegram"da izləyin