Ermənistan-Azərbaycan danışıqlarında Qərb və Rusiya mövqeləri nədən ibarətdir? – ANALİZ

2024/04/1712589048.jpg
Oxunub: 2471     11:02     10 Noyabr 2024    
Ötən həftə Ermənistan Xarici İşlər Nazirliyi 11-ci redaktə ilə sülh müqaviləsi layihəsi ilə bağlı əks təkliflərin Azərbaycandan daxil olduğunu bildirdi. Digər təfərrüatlar, xüsusən də bu təkliflərin razılaşdırılmamış bəndlərlə bağlı tərəflərin mövqelərini nə dərəcədə yaxınlaşdırdığına dair məlumatlar hələlik məlum deyil.

Eyni zamanda, bunların ABŞ-nin təkliflərinin xarakterini nə dərəcədə əks etdirdiyi də ayrıca sualdır. Oktyabrın sonunda ABŞ prezidenti Cozef Baydenin İlham Əliyevə və Nikol Paşinyana məktublarında həmin təkliflər qeyd olunub.

İrəvana Bakıdan təkliflər daxil olduğu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən danışıb və deyib ki, Moskva Qərb vasitəçilərindən fərqli olaraq, uzun sürən münaqişənin ağırlığını və çoxsaylı qurbanları nəzərə alaraq, Bakı və İrəvanı tələsik sülh müqaviləsi imzalamağa sövq etmir. Bu, Moskvanın ABŞ-nin təkliflərini bəyənmədiyi deməkdir? Şübhəsiz, həmin təkliflər ola bilsin həm də o hesablama ilə verilib ki, İlham Əliyev və Paşinyan Rusiyaya BRİKS sammitinə getməzdən əvvəl təklifləri qəbul edərək, bunları orada da müzakirə edəcəklər.

Rusiya prezidenti Vladimir Putin BRİKS çərçivəsində İlham Əliyevlə Paşinyan arasında təmasları alqışlayıb. Rusiya prezidenti Ermənistanın yeni təyin olunmuş səfiri də daxil olmaqla, bir sıra səfirlərin etimadnaməsini qəbul edib və bildirib ki, 2020-22-ci illərdə üçtərəfli yüksək səviyyədə əldə olunan bəyanatlara əsasən, Moskva Qafqazın sabitliyini və dincliyini dəstəkləyir. Rusiyanın bu xatırlatmaları əslində ondan ibarətdir ki, Kreml Rusiyanın rolunu və maraqlarını nəzərə almayan heç bir Qafqaz sülh planını qəbul etməyəcək. Elə buna görə də Lavrov tərəfləri tələsik sülh müqaviləsinə sövq etməyəcəyini bəyan edir.

Burada mənzərə əslində aşağıdakıdır. Rusiya üçün yeni reallıqlar şəraitində, üstəlik, təkcə Qafqazın yeni reallıqları deyil, həm də bununla bağlı daha geniş regional yeni razılaşmalar və amillər şəraitində maraqların “yenidən uzlaşdırılması” üçün vaxt lazımdır. Bu olmadan sülh müqaviləsinin imzalanması Rusiya üçün problemi daha da çətinləşdirəcək.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirmək vasitəsilə bu marağı güdən, beləliklə Qafqazdan Rusiyaya yeni şərtlər diktə etməyi gözləyən Qərb məhz buna can atır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin