Eyni zamanda Türkiyə prezidenti oktyabrın 18-də İstanbulda Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin qəbul edildiyini xatırladıb və Ankaranın həmin platformanı institusional struktura çevirmək niyyətini bir daha təsdiqləyib. Ehtimal etmək olar ki, bu təşəbbüs ATƏT-in Minsk qrupunu ləğv etmək üçün kifayət edəcək.
Maraqlıdır ki, Türkiyə hökumətinin iclasından bir gün sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” sosial platformasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Londona səfər etdiyini açıqlayıb.
“İşgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Birləşmiş Krallığın Milli Təhlükəsizlik müşaviri Tim Barrou, Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində dövlət naziri Stiven Doti, parlament üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşərək Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli münasibətləri, Azərbaycan – Ermənistan sülh prosesinin vəziyyətini və COP29-u müzakirə edib. O həmçinin “Chatham House”dakı çıxışında Azərbaycan –Ermənistan sülh prosesi və COP29 barədə danışıb”, – məlumatda diqqətə çatdırılıb.
Bu çərçivədə, oktyabrın 30-da Türkiyə Xarici İşlər Nazirliyi “X” sosial platformasında cəmi bir cümlədən ibarət paylaşım edib: “Türkiyənin xarici işlər naziri Hakan Fidan britaniyalı həmkarı Devid Lemmi ilə görüşüb, danışıqlar Böyük Britaniyanın paytaxtı Londonda baş tutub”. Məlumatı “Anadolu” agentliyi yayıb. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə Türkiyənin xarici işlər nazirinin, demək olar ki, eyni vaxtda Londona səfəri Türkiyə-Azərbaycan koordinasiyalı işinin təzahürüdür, yoxsa Britaniya Cənubi Qafqaz nizamlanması prosesini koordinasiya etməyə çalışır? Yaxud London öz versiyasını, yanaşmalarını təklif edir?
Əgər London Cənubi Qafqazda geosiyasi status-kvonun bərqərar olunması oyununun iştirakçısına çevrilirsə, hansı statusla buna çalışır? Müstəqil aktor kimi. Aylar əvvəl Britaniyanın Baş naziri Kir Starmer İlham Əliyevlə Paşinyan arasında görüş təşkil etməyə cəhd edib. Paşinyanın görüşdən imtina etməsi isə danışıqların kifayət qədər geriləməsinə səbəb olmuşdu.
Aqil Məmmədov
Ordu.az