Layihəyə əsasən, 2024-cü illə müqayisədə Ermənistanda büdcənin həm gəlirlərində, həm də xərclərində nəzərəçarpacaq artım nəzərdə tutulsa da, onların reallığı sual altındadır. Xüsusilə, 2025-ci il layihəsinə əsasən, 2024-cü ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə büdcə gəlirlərində 5,5% artım nəzərdə tutulur, halbuki həmin layihənin büdcə mesajına əsasən, 2024-cü ildə büdcə gəlirlərinin 4,8% aşağı icrası gözlənilir.
2024-cü ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 2025-ci ildə vergi daxilolmalarının və dövlət rüsumlarının nəzərdə tutulan artımı 5,6% təşkil edir, mesajda isə 2024-cü ildə onların 6,0% aşağı yerinə yetiriləcəyi gözlənilir. Hələ onu demirik ki, əksər ekspertlərin fikrincə, 2024-cü ildə illik kəsir 2025-ci ilin büdcə mesajında göstəriləndən daha çox olacaq. Çox güman ki, 2024-cü ilin ilk 8 ayında qeydə alınan artımlar 2025-ci ilin büdcə layihəsində həm gəlirlərin, həm də xərclərin artımlarının planlaşdırılması üçün nikbinlik əsası olub.
Halbuki, bu halı görməzdən gəlmək lazım deyil ki, cari ilin 8 ayında Ermənistanda büdcə gəlirlərinin (xüsusən də vergi daxilolmalarının) artım tempi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə, demək olar üç dəfə azalıb. Bu, büdcə mesajında da yazılıb: xüsusilə qeyd olunur ki, əvvəlki illə müqayisədə vergitutma bazalarının artım tempinin zəifləməsi ilə əlaqədar vergi daxilolmalarının artım tempi aşağı düşüb.
Faktiki olaraq Ermənistanda rəsmi şəkildə qəbul edilir ki, 2024-cü ilin büdcə gəlirlərinin son 8 ayda yaranmış əlverişli makroiqtisadi vəziyyət və büdcə gəlirlərinin son dərəcə yüksək artım templəri əsasında planlaşdırılmasına baxmayaraq, yenə də bunlar illik əsasda aşağı icra olunacaq. Bu halda 2025-ci ilin büdcəsi ötən ildən xeyli aşağı olan makroiqtisadi vəziyyət və büdcə gəlirlərinin dəfələrlə azalmış artım tempi şəraitində planlaşdırılıbsa, onun reallığını necə şübhə altına almamaq olar?
Üstəlik, Ermənistanda makroiqtisadi vəziyyət getdikcə pisləşir, büdcə gəlirlərinin yığılması isə çətinləşir və ən azından təəccüblüdür ki, bu, nəinki Paşinyan hökumətini narahat etmir, hətta 2025-ci ilin büdcə layihəsində bənzər artımların planlaşdırılmasına da mane olmur. Büdcənin mədaxili hissəsində göstərilən “mənzərə” büdcə xərcləri hissəsində də özünü göstərir.
Xüsusilə, Ermənistanda ümumi xərclərin 2024-cü ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 8,6% artacağı proqnozlaşdırılır, halbuki büdcə mesajına əsasən, 2024-cü ildə bunların 4,1% aşağı icrası gözlənilir. Başqa sözlə, belə çıxır ki, 2025-ci ildə 2024-cü ilin rəsmi şəkildə gözlənilən göstəricisi ilə müqayisədə ümumi xərclər 13,2% artmalıdır. Gəlirlərin adekvat artması olmadan büdcə xərclərinin belə yüksək artımı mütləq dövlət borcunun artmasına gətirib çıxaracaq.
Həm mütləq böyüklükdə, həm də faiz ifadəsində ən çox xərc artımı sosial müavinətlər və pensiyalar üzrə nəzərdə tutulub. Sosial müavinətlərin artırılması əsasən Qarabağdan Ermənistana könüllü şəkildə köç etmiş şəxslərə göstərilən “sosial dəstək”lə bağlıdır, pensiya xərclərinin artımı isə pensiyanın məbləğinin artmasının nəticəsi deyil (pensiyanın orta məbləği hətta 2,3% azalıb), sadəcə olaraq pensiyaçıların sayının artması ilə bağlıdır (o cümlədən, Qarabağdan Ermənistana könüllü şəkildə köç etmiş şəxslərin hesabına).
Ermənistanda büdcə xərclərinin əməliyyat təsnifatı üzrə tədqiqindən məlum olur ki, 2025-ci ildə 2024-cü ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə dövlət borcunun əməliyyatlarına yönəldilən xərclər 22,0 faiz (71,0 milyard dram) artacaq. Bu, bir tərəfdən Ermənistanın dövlət borcunun artması, digər tərəfdən bunun müqabilində ödəniləcək faiz ödənişlərinin artması ilə əlaqədardır (o cümlədən, dövlət borcunun strukturunda xarici borcla müqayisədə əhəmiyyətli dərəcədə daha “bahalı” borc olan daxili borcun çəkisinin əhəmiyyətli dərəcədə artması hesabına).
Ermənistanda gəlir və xərclərin tarazlaşdırılmasından danışmaq da ayrı bir zarafatdır. Ermənistan hökuməti sanki pul sonsuz mənbədən gəlirmiş kimi xərcləri artırmağı planlaşdırır. Lakin ciddi investisiya proqramı planlaşdırılmadığı halda bu vəsaitlərin haradan cəlb ediləcəyi ilə bağlı heç bir dəqiqlik yoxdur.
2024-cü ilin təsdiq edilmiş büdcə ilə müqayisədə Ermənistanda polis, milli təhlükəsizlik və dövlət mühafizəsi xərcləri də xeyli artacaq. Yeri gəlmişkən, bunlar 2024-cü ilin büdcəsinə də əlavə edilib. Əvəzində bir sıra mühüm istiqamətlər üzrə, məsələn, rabitə, məktəbəqədər təhsil, zibilin yığılması və su təchizatı sahəsində xərclərin kifayət qədər nəzərəçarpacaq dərəcədə azaldılması nəzərdə tutulur.
Burada əsaslandırmaq çətindir: Məsələn, Ermənistan polisinə yönəldilən əlavə xərclərin ayrılması niyə o qədər təcilidir ki, buna görə sıravi ermənilər yuxarıda qeyd dolunan xərc istiqamətlərində xeyli azalmalara “dözməlidir”? Buna bənzər bir sıra başqa misallar da çəkmək olar. Bunlar da sübut edəcək ki, Ermənistanda büdcə xərclərinin artması heç də onun strukturunun yaxşılaşmasından xəbər vermir.
Bununla belə, reallıq bu vəziyyətdən daha pis ola bilər. Məsələ burasındadır ki, 2025-ci ildə Ermənistanın büdcə gəlirlərində xeyli kəsirin qeydə alına bilməsi ehtimalı kifayət qədər yüksəkdir və bu halda büdcə xərclərinin belə artımını gözləmək ən azından qeyri-ciddidir. Hətta 2025-ci ilin büdcə mesajında da bu barədə danışılır (təbii ki, mümkün qədər gözə dəyməyən sətirlərdə).
Təsadüfi deyil ki, Ermənistanın büdcə mesajında bəzi risklərin mövcudluğu (o cümlədən proqnozlaşdırılandan 2,2 faiz bəndinə qədər daha aşağı iqtisadi artım) halında büdcənin vergi gəlirlərinin 94,7 milyard dram dəyərində natamam toplanmasına qədər qeydə alına biləcək ssenarinin mümkünlüyü kifayət qədər yüksək qiymətəndirilir. Mesajda bildirilir ki, reallaşma ehtimalı baxımından bu ssenari büdcə planlaşdırması üçün əsas olan başlıca ssenaridən çox cüzi dərəcədə aşağıdır.
Çox güman ki, yaxın gələcəkdə mütəxəssislər Ermənistanın 2025-ci il dövlət büdcəsi ilə bağlı daha dərin peşəkar təhlillər dərc edəcəklər. Lakin bu səthi araşdırma belə büdcə mesajının məhz əvvəlindən “parıldayan” nikbinliyin nəyə əsaslandığını güman etmək üçün kifayətdir. Paşinyan hökumətinin 2025-ci il büdcə layihəsi Ermənistanın real iqtisadi və siyasi problemlərlə üzləşmək əvəzinə reallıqdan uzaq yaşamağa davam etdiyinə əyani sübutdur.
Ermənistan rəhbərliyi əslində ümidini havada asılmış möcüzələrə bağladığını bir daha göstərir. Ermənistan hakimiyyəti öz nikbinliyinin arxasında gizlənərkən, erməni xalq real sosial yükü hiss etməkdə davam edir.
Aqil Məmmədov
Ordu.az