Lakin son vaxtlar “iqtisadi artım” meylləri qaydasında deyil, geriləyir. Halbuki hamı başa düşürdü ki, bundan əvvəl də “qlobal səviyyəli” artımların iqtisadiyyatla heç bir əlaqəsi yox idi. Ermənistan iqtisadiyyatı əslində son dərəcə pis vəziyyətdədir. İstehsal sahəsində heç bir irəliləyiş yoxdur. Yerli istehsalın bir çox sahələrində istehsalın həcmi azalır. Yerli istehsalı xaricdən gətirilən mallar əvəz edir. Ucuz idxal yerli istehsalçıları boğur, onları bazardan sıxışdırır.
Yerli istehsalçını qorumaq və dəstəkləmək əvəzinə idxalı təşviq edirlər. Ermənistan hakimiyyətinin nümayəndələri kənd təsərrüfatını fəlakətli vəziyyətə gətiriblər, nəticədə ölkə ərzaq təhlükəsizliyinin ən ciddi riskləri ilə üzləşib. Son 6 ildə Ermənistanda kənd təsərrüfatı sektorunda istehsalın həcminin azaldığı müşahidə olunub. Halbuki kənd təsərrüfatının inkişafı üçün külli miqdarda vəsait ayrılıb.
Amma kənd təsərrüfatı inkişaf etmək əvəzinə geriləyib. Bu isə o deməkdir ki, həmin vəsaitlər yanlış istiqamətə gedib, təyinatına xidmət etməyib, xərclənib və heç bir nəticə verməyib, ölkənin ərzaq təhlükəsizliyi problemlərinin həllinə töhfə verməyib. Bu gün siyasi məqsədəuyğunluq ucbatından Ermənistanın ərzaq təhlükəsizliyi risklərlə üzləşdiyi bir vaxtda guya uzaqgörənlikləri ilə həll yolları təklif edirlər.
Erməni rəsmilər deyirlər ki, Rusiya buğda verməsə, düyü gətirəcəklər. Buğda ilə düyü arasındakı böyük qiymət fərqini bir kənara qoyaq. Ermənilər başa düşmür ki, ərzaq məhsullarının idxalını bir ölkədən digərinə keçirməklə ərzaq təhlükəsizliyi problemləri həll olunmur. Bunun üçün daxili resurslardan düzgün istifadə etmək barədə düşünmək lazımdır. Belə resursların olması birmənalıdır. Digər bir məsələ də ondan ibarətdir ki, bu resurslar çox zəif idarə olunur və Ermənistan hakimiyyətinin məqsədlərinə uyğun istifadə olunur.
Kifayət qədər əkin sahəsinə sahib olmayan Ermənistanda əkin sahələrinin demək olar ki, yarısı becərilmir. 6 il əvvəl Ermənistan hakimiyyətinin nümayəndələri hakimiyyətə gələndə, əkilməmiş torpaqların miqdarı az idi. Nikol Paşinyan bəyan edirdi ki, kənd təsərrüfatında inqilab edəcəklər. Ermənistanda əkilməmiş əkin sahəsi qalmayacaq. 6 ildən sonra becərilməyən əkin sahələri nəinki ortadan qalxmayıb, azalmayıb, hətta artıb.
Bu gün Ermənistan ərzaq buğdasının 70-80 faizini xaricdən idxal etməyə məcbur olduğu halda, bunun böyük hissəsini ölkə daxilində istehsal edə bilər. Son illərdə Ermənistanda ərzaq buğdasının istehsalı hətta azalıb. Bunun əsas səbəbi Ermənistan hökumətinin kənd təsərrüfatına dəstəyin formasını dəyişmək qərarına gəlməsidir. Ermənistan hökuməti buğda toxumlarına, gübrələrə, pestisidlərə subsidiya verməyi dayandırıb. Artıq iş o yerə çatıb ki, Ermənistanda buğda əkib-becərməyin sərfəli olmadığını bəyan edirlər.
“Hökumət vətəndaşların pulunu xərcləyir. Biz hesablamalar aparırıq və iqtisadi cəhətdən məqsədəuyğun layihələr həyata keçiririk, əgər hansısa layihə iqtisadi cəhətdən məqsədəuyğun deyilsə, həyata keçirmirik. Əvəzində başqa müvafiq proqram həyata keçiririk. Ermənistanda buğda istehsalı iqtisadi cəhətdən sərfəli olmayan prosesdir. Bir hektar suvarılan torpaqdan 450 min dram dəyərində buğda alınır, lakin 420 min dram xərclənir”, - deyə Ermənistanın iqtisadiyyat naziri bildirir və əslində kənd sakinlərini buğda əkməkdən imtina etməyə çağırır.
Ermənistanda kənd təsərrüfatı sektorunu koordinasiya edən nazirin belə diletant bəyanatından sonra buğda istehsalı ilə bağlı nəsə gözləmək lazım deyil. Ermənistanın ərzaq təhlükəsizliyinin digər ölkələrdən asılılığının getdikcə dərinləşməsi təəccüblü deyil. Dərinləşir, çünki bu problemləri yerli istehsal hesabına həll etmək və ya yumşaltmaq əvəzinə, idxallarla məsələləri bağlamağı düşünürlər.
Ərzaq təhlükəsizliyi və təkcə ərzaq təhlükəsizliyi yox, ümumiyyətlə, iqtisadiyyat ilə bağlı belə bəsit təsəvvürlər Ermənistanı bu vəziyyətə gətirib. Görünən artımlarla insanları aldadırlar, guya iqtisadiyyat inkişaf edir. Lakin bu artımların altında demək olar ki, heç bir əlavə dəyər yaranmır. Olan da “seçilmişlər”ə çatır. Erməni cəmiyyətinin böyük hissəsi bundan heç nə əldə etmir.
Məhz buna görədir ki, Ermənistanda elan edilən “qlobal səviyyə”də bu artımlar şəraitində əhalinin əksəriyyətinin gəlirləri artmır, sosial vəziyyəti yaxşılaşmır, hətta illər əvvəlkindən də pis yaşayırlar. Bu, əlavə dəyər və gəlirlərin iqtisadiyyatda təmərküzləşməsinin dərinləşməsinin nəticəsidir ki, bu da cəmiyyətin sosial qütbləşməsini artırır. Ermənistan hakimiyyəti tərəfindən həyata keçirilən sosial siyasətdə heç bir sosial ədalət eyhamı yoxdur. Hər şey erməni cəmiyyətinin zəngin hissəsini daha varlı, kasıbları isə daha yoxsul etməyə yönəlib.
Bundan əmin olmaq üçün bir misal verək: Ermənistanda yüksək gəliri olan və ipoteka ilə mənzil almaq imkanından istifadə edə bilən şəxslər gəlirləri az olan və ondan istifadə edə bilməyənlərə nisbətən 20 faiz az vergi ödəyirlər. Ermənistanda belə məsələlər yeni deyil, on illərdir vəziyyət belədir. Belə misallar çoxdur. Bu, Ermənistandakı acınacaqlı vəziyyətin nümunələrindən biridir və Paşinyan hakimiyyətinin son illər həyata keçirdiyi iqtisadi, sosial siyasəti əks etdirir.
Məhz bu siyasət bu gün Ermənistanı bir çox çətinliklər qarşısında qoyub. Çağırışlar bir yerdə deyil, iki yerdə deyil, bütün sahələrdə vəziyyət eynidir.
Aqil Məmmədov
Ordu.az