İsrail Müdafiə Ordu gecə hücumunun 3 mərhələdə həyata keçirildiyini, 20-dən çox hədəfin vurulduğunu və bütün hücum təyyarələrinin öz bazalarına qayıtdığını bildirdi. Beynəlxalq KİV-lər İranın nüvə obyektlərinin və neft infrastrukturunun hədəf alınmadığını yazır. İsrail ordusuna yaxın mənbələrin məlumatına görə, HHQ raket və pilotsuz uçuş aparatı istehsalı mərkəzlərinə, eləcə də bir neçə silah anbarına zərbələr endirib.
İsrail Müdafiə Ordusu yerli vaxtla 06:00-da bildirib ki, hərbi əməliyyat başa çatıb, lakin İran ölümcül səhv etsə, bütün variantlardan istifadə olunacaq: “Hücum etməyi və həm də müdafiə olunmağı bilirik”. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İsrailin hərəkətlərini “özünümüdafiə” kimi qiymətləndirib. Bəzi mənbələr İsrailin İraq və Suriyanın HHM sistemlərinə də zərbələr endirdiyini və “İranı kor etdiyini” bildirir.
İsrail mətbuatının yazdığı kimi, İrana qarşı bütün hərəkətlər ABŞ administrasiyası və Pentaqon ilə müzakirə edilib və razılaşdırılıb. Hücumdan bir neçə saat əvvəl ABŞ F-16 qırıcılarının bir neçə eskadrilyasını Almaniyadakı bazalardan Yaxın Şərqə köçürüb. Rəsmi olaraq bu yolla İsrailin özünümüdafiəsinə dəstək verildiyi deyilib.
ABŞ-İsrail siyasi razılaşması, şübhəsiz ki, hərbi əməliyyatlardan əvvəl olub. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 25-i axşam saatlarında “X” sosial platformasında paylaşım edərək eyham vurub. Paylaşımda “Netanyahu öz hərbi kabineti ilə” regionda sülh və sabitliyə əngəl kimi tanınıb. Türkiyə XİN ABŞ administrasiyasının tamamilə Netanyahunun təsiri altında olduğunu qiymətləndirib.
İran prezidentinin Rusiya və Çin liderləri ilə danışıqlar apardığı Kazanda BRİKS sammitindən bir gün sonra İsrail İranı vurub. Bir sıra beynəlxalq KİV-lər həmin sammiti yeni dünya nizamının formalaşması üçün başlanğıc nöqtəsi hesab edib.
Bu mənada ABŞ-nin İsrailin İrana qarşı “ehtiyatlı zərbələri”ndə marağı tam başa düşüləndir: yəhudi dövləti 100-ə yaxın hücum təyyarəsini havaya qaldırıb, heç bir itki verməyib və “hətta Tehranın raket hücumu ilə bağlı erkən xəbərdarlıq sistemi olmadığını ortaya çıxarıb”. Aydındır, Vaşinqtondan İrana aydın şəkildə başa salırlar ki, BRİKS-ə üzvlük nə siyasi, nə də birbaşa hərbi baxımdan təhlükəsizlik təminatı deyil.
Lakin oktyabrın 26-dakı İsrailin gecə “intiqamı” ABŞ, Misir və İsrail xüsusi xidmət orqanları rəhbərlərinin Qətərdə HƏMAS-la danışıqların “gündəmini müəyyənləşdirmək” görüşündən əvvəl baş verir. Həmin görüşü təşkili üçün ən böyük səyləri məhz Vaşinqton göstərib. İrana vurulan “ehtiyat” zərbələri HƏMAS və “Hizbullah”a başa salırmı ki, sponsor ölkə “son dərəcə həssasdır”?
İsrailin hücumundan bir gün əvvəl Ağ Ev rəsmi Tehrana “cavab əməliyyatları həyata keçirməmək” barədə xəbərdarlıq etdiyini açıqlayıb. İsrailin İrana zərbəsi Yaxın Şərq dramında son aktdır, yoxsa böyük faciənin başlanğıcıdır?
Asif Cəfərov
Ordu.az