Onun çıxışı, bir sıra gürcü KİV-lərinin yazdığına görə, görünməmiş dərəcədə sərt, dözümsüz ritorikası və seçkilərdə qalib gələcəyi təqdirdə hazırkı Gürcüstan müxalifətinin mühakimə olunacağı, qanundan, siyasi sistemdən kənar kimi tanınacağı ilə bağlı açıq hədə ilə xarakterizə olunur.
İvanişvilinin sözlərinə görə, onun rəhbərlik etdiyi qüvvə Gürcüstan vətəndaşlarına real alternativ imkanı vermək niyyətindədir ki, dörd ildən sonra onlar yaxşı və əla arasında seçim edə bilsinlər. “Gürcü Arzusu”nun fəxri sədri hətta bir vaxtlar Gürcüstanın Baş naziri olmuş keçmiş partiya üzvü Giorgi Qaxariyanı da diqqətdən kənarda qoymayıb, onu ən ağır cəzaya layiq korrupsioner "vətən xaini" adlandırıb.
Həmin gün “Washington Post” qəzetində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin “Kreml kuklasının dişlərini qırmağın vaxtıdır” başlıqlı məqaləsi dərc olunub. Nəşrin hədəfi, adından da göründüyü, Saakaşvilinin təsvir etdiyi kimi, son iki ildə öz kapitalını beş milyard dollara çatdıran Bidzina İvanişvilidir.
“Bu, Gürcüstanın bütün illik ümumi nəticəsinin üçdə biridir”, - deyə Saakaşvili yazıb və nəşri bütün qüvvələrini Ukrayna istiqamətində cəmlədiyi üçün Qərbin ünvanına tənqidlə yekunlaşdırıb. Saakaşvili hesab edir ki, Gürcüstanda demokratiyanın məğlubiyyəti Qara dəniz-Xəzər regionunun, o cümlədən Ukraynanın itirilməsidir. Buna görə də o, Kremlin kuklasının dişlərini qırmağa çağırır.
İki təcrübəli siyasətçi nə qədər şəxsi və ya ideoloji fərqlərə malik olsalar da, sərt qarşılıqlı ittiham və ifadələri deyil, Gürcüstan və onun ətrafındakı vəziyyətə görə böyük məsuliyyəti rəhbər tutmalı idilər. İvanişvili ilə Saakaşvili arasındakı uzaq debat belə bir təəssürat yaradır ki, Gürcüstanda seçkidən sonra baş verəcək hadisələrin ssenarisi artıq yazılıb, rollar təyin olunub, “pərdəni bir nəfərin açması” qalır. Belə bir “vətənpərvər” həmişə hər yerdə tapılacaq.
Gürcüstanın keçmiş prezidenti ilə indiki de-fakto liderini açıq şəkildə bir-birinə müharibə elan etməyə nə vadar etdi? Sosioloji sorğular göstərir ki, “Gürcü Arzusu”nun parlamentdə çoxluq təşkil etmək şansı yoxdur. Bəs müxalifət “alyansı” birləşibmi? Bu gün keçirilən səsvermə ilə Gürcüstanda elə bir vəziyyət yarana bilər ki, seçkilər başa çatmış kimi tanınsın, lakin heç bir qüvvə icra hakimiyyətini formalaşdıra bilməsin.
İvanişvili və Saakaşvili belə son dərəcə təhlükəli inkişafın müjdəçisi kimi görünürlər. Əlbəttə, əgər bu “müharibə ritorikası”nın dərin konteksti yoxdursa...
Asif Cəfərov
Ordu.az