Oktyabrın 24-də Kazanda İlham Əliyevlə Paşinyan arasında görüş baş tutub, bundan sonra tərəflər vergülünə qədər eyni açıqlamanı yayıblar. Açıqlamanın əsas mənası belədir: Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə müzakirələri davam etdirmək tapşırılıb ki, münasibətlərin tənzimlənməsinə dair saziş ən qısa zamanda imzalana bilsin.
Proseslə bağlı hansı çətinliklərin olduğu barədə bəlkə də ətraflı danışmağa ehtiyac yoxdur. Bir hal, görünür, siqnal olacaq: Azərbaycan Prezidenti Kazandan qayıdandan sonra Ermənistanla delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiq edib. Ermənistan Baş nazirinin müavini Mher Qirqoryan jurnalistlərlə keçirdiyi brifinqdə “mötərizə”də eyham vururdu ki, Azərbaycan Prezidentin sərəncamı ilə imzalanmış sənədi ratifikasiya edə bilər. Hansı variant seçilirsə-seçilsin, əsas olan siyasi mövqedir.
Çox rəmzidir ki, BRİKS-in Azərbaycan-Ermənistan irəliləyişinə paralel olaraq Dohadan da bəzi müsbət siqnallar alınıb. Dohada ABŞ dövlət katibi Entoni Blinken Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə Qəzzada atəşkəsin yaradılması və girovların dəyişdirilməsi üzrə danışıqların bərpası məsələsini müzakirə edib.
İsrail mənbələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, Misir kəşfiyyatının yeni təyin olunmuş rəhbəri Həsən Mahmud Rəşad və MOSSAD rəhbəri David Barneanın yaxın günlərdə Dohada görüşəcəyini bildirir. İsrail Baş nazirinin ofisi bu məlumatı təsdiqləyib, lakin danışıqların təşkili ilə bağlı məsələlərin müzakirə ediləcəyini qeyd edib.
Qətərin Baş naziri isə ABŞ dövlət katibi ilə keçirdiyi mətbuat konfransında son günlər HƏMAS-ın siyasi qanadının nümayəndələri ilə bir sıra görüşlər keçirdiyini açıqlayıb. O, HƏMAS lideri Yəhya Sinvarın “zərərsizləşdirilməsi”ndən sonra Fələstin təşkilatının “kollektiv rəhbərlik” formalaşdırdığına eyham vurub. Onun qiymətləndirməsinə görə, bu, qərarların qəbulu baxımından danışıqlarda faydalı ola bilər.
HƏMAS nümayəndə heyətinin BRİKS-in Kazan sammiti ərəfəsində Moskvaya səfər etməsi son dərəcə diqqətəlayiqdir. “RİA Novosti” bildirib ki, bir sıra görüşlər təşkil olunub. Xüsusilə HƏMAS nümayəndələri Rusiya xarici işlər nazirinin müavini, prezident Vladimir Putinin Şimali Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla danışıqlar aparıblar.
HƏMAS-ın girov saxladığı şəxslərdən ikisinin Rusiya vətəndaşlığı olduğu məlum olub. Onlardan biri döyüşlər zamanı əsir götürülən İsrail ordusunun zabitidir. Digəri isə milliyyətcə ukraynalıdır, valideynləri onun üçün Rusiya vətəndaşlığını ala biliblər. HƏMAS nümayəndələri Rusiya vətəndaşlarının girov götürülməsi məsələsini prioritet məsələ kimi, lakin İsraillə ümumi razılaşma çərçivəsində həll etməyə söz veriblər.
Başa düşmək lazımdır ki, onların İsraillə danışıqlarda Rusiyanın vasitəçiliyinə ehtiyacı var. Rusiya prezidentinin Baydenin Azərbaycan və Ermənistan liderlərinə məktubuna loyal münasibəti onu Yaxın Şərqdə “kompensasiya edəcək” desək, bəlkə də mübaliğə olardı, amma siyasətdə, bir qayda olaraq, təsadüflər olmur.
Asif Cəfərov
Ordu.az