İstanbulda masada nə olacaq? İrəvan özünü necə pərdələyir?

2024/10/1729272578.jpg
Oxunub: 1227     09:32     18 Oktyabr 2024    
Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan “3+3” formatında xarici işlər nazirlərinin görüşünün oktyabrın 18-də İstanbulda baş tutacağını açıqladı.

Bu, həmin formatda üçüncü, xarici işlər nazirləri səviyyəsində ikinci görüş olacaq. Xarici işlər nazirləri ilk dəfə 2024-cü ilin əvvəlində İranda görüşüblər. Gürcüstan yenə görüşdə iştirak etməyəcək. Bu mənada, təbii ki, Gürcüstanın siyasəti ziddiyyətli təəssürat yaradır.

Tbilisi bir tərəfdən balanslaşdırılmış siyasətdən, Rusiya ilə münasibətləri tənzimləməkdən danışır, digər tərəfdən Rusiya ilə problemləri olduğu üçün “3+3” formatında keçirilən görüşlərdə iştirak etmir. Güman etmək lazımdır ki, Tbilisi parlament seçkilərində qalib gəldikdən və vəziyyəti saxladıqdan sonra “3+3” işində iştirak edəcək, hələlik isə sırf daxili siyasi reallıqlardan çıxış edərək, müxalifətə “imkan verməmək” üçün bundan çəkinir.

Ancaq, əlbəttə, bu, gürcü müxalifətinin “Gürcü Arzusu” qüvvəsinin rusiyayönlü siyasət yürütməsi ilə bağlı qiymətləndirməsini heç bir şəkildə azaltmır. “3+3”ə qayıdaraq qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl parlamentdə həmin formatda iştirakın Ermənistanın marağında olduğunu açıqlayıb. Ermənistan Xarici İşlər Nazirliyi Ararat Mirzoyanın görüşdə iştirak edəcəyini rəsmən təsdiqləyib.

Təbii ki, İrəvan xarici siyasətini regional istinadla qurmur, lakin onun “3+3” formatından imtina etməsi özünüifşa olardı. Habelə Ermənistanın bu formatdan imtina etməsi onun digər iştirakçılarının kommunikasiyasını heç bir şəkildə azaltmayacaqdı, əksinə, İrəvanın bu kommunikasiyadan irəli gələn risklərin altında əzilməsinə səbəb olacaqdı. Məhz bu səbəbdən Paşinyan formatda iştirak etmək qərarına gəlib, yəni burada Ermənistanın siyasətini regional istinadla qurmasından söhbət gedə bilməz.

Digər tərəfdən məsələ iştirak edib-etməmək deyil, məsələn, İstanbulda nazirlərin görüşünün hansı gündəmdə olacağı, hansı məsələlərin müzakirə olunacağı, tərəflərin prioritetlərinin nə olacağıdır. Əsas olan bunlardır, lakin əslində heç bir təfərrüat yoxdur. Bu arada son zamanlar regional aktorların açıqlamalarının əhəmiyyətli hissəsinin kommunikasiyalar mövzusunda olduğunu nəzərə alsaq, belə bir nəticəyə gəlmək mümkündür ki, kommunikasiya məsələsinin əsas müzakirə mövzusu ola biləcəyini deməsək də, İstanbul görüşündə buna çox diqqət yetiriləcəyini deyə bilərik.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İstanbul   3+3  


Bizi "telegram"da izləyin