Gürcüstanda parlament seçkiləri ilə bağlı qeyri-rəsmi kampaniya artıq başlayanda, o, “Abxaziyanın xarici işlər naziri” təyin edilib. Bəzi ekspert dairələrinin təəssüratlarına görə, Moskva və “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvili “konfederativ Gürcüstan” layihəsini müzakirə edirlər.
Bu məlumat Suxumidə son dərəcə kəskin reaksiya doğurur. Məlum olub ki, Moskva və Bütün Rusiyanın Patriarxı, nəhayət, Abxaziya kilsəsini Rus Pravoslav Kilsəsinin yeparxiyası kimi tanımaqdan imtina edib. Patriarx kilsə nizamına sadiqdir və Abxaziyanı Gürcü Pravoslav Kilsəsinin kanonik ərazisi kimi tanıyır.
Ötən il Şamba Gürcüstanla de-fakto ticari-iqtisadi əlaqələrin qurulması təşəbbüsü ilə çıxış edib. Rusiya mənbələrinin bildirdiyinə görə, Tbilisi “ərazi bütövlüyünün yenidən təsdiq edilməsinin ilkin şərtində israr edib və razılıq əldə olunmayıb”.
“Nezavisimaya qazeta” hesab edir ki, Rusiya Gürcüstanda keçiriləcək parlament seçkilərindən sonra üçtərəfli Rusiya-Abxaziya-Gürcüstan danışıqlarına cəhd edəcək. Şamba bu mənada Rusiya üçün məqbul danışıqçıdır. Sanki Şambanın “Tbilisi ilə də danışıqlar apara biləcəyinə” eyham vurulur. Amma bu, sadəcə olaraq bir ideyadır, özü də “Gürcü Arzusu”nun strateji fərziyyəsi üzərində qurulmuş ideyadır.
Bəs müxalifət qalib gəlsə, necə olacaq? Rusiya KİV-i qeyd edir ki, Azərbaycan tərəfindən qondarma rejimin məhv edilməsi Gürcüstan üçün şirnikləndirici ola biləcək bir presedentdir. Şamba Ukrayna qoşunlarının Kursk vilayətində irəliləməsindən bir həftə sonra təyin edilib. O, radikal-millətçi baxışları ilə tanınır.
Daha əvvəl Rusiya mətbuatında Abxaziyanın tarixi keçmişinə xüsusilə XIX əsrin ortalarında Qafqaz dağlılarını və abxazları Türkiyəyə deportasiya etmək xatirəsi baxımından toxunulub. Türkiyədə həqiqətən də abxaz-abazin icması var. İctimaiyyətə açıqlanmasa da, Türkiyə ilə Abxaziya arasında ticari-iqtisadi əlaqələr mövcuddur. Uzun müddət deportasiya edilənlərin varislərinin Abxaziyaya qaytarılması məsələsi gündəmdə idi, lakin məsələ praktiki gedişat almayıb.
Hər halda Türkiyədən Abxaziyaya kütləvi köç olmayıb. İstisna edilmir ki, Rusiya “Gürcü Arzusu” ilə “konfederativ Gürcüstan” layihəsini müzakirə etsə, o zaman Suxumi Türkiyədən “suverenlik zəmanəti almağa” çalışacaq. Əgər Moskva Tbilisinin Suxuminin “müstəqilliyini tanımalı olduğunu israr etməkdə” davam etsə, o zaman parlament seçkilərində “Gürcü Arzusu”nun qələbəsi ehtimalı xeyli azalacaq. Rusiya-Gürcüstan “bal ayı”nın sonu Cənubi Qafqazda ciddi qeyri-sabitlik təhlükəsi ilə doludur.
Bəs Suxumi Tbilisi ilə de-fakto münasibətlərə hazırlaşmaq istəyindən çox uzaqdır?
Rusiya-Gürcüstan fikir ayrılıqlarına paralel olaraq, Şamba sensasion addım atdı. O, jurnalistləri Suxumiyə brifinqə dəvət etdi və Moskvanın sentyabrın 1-dən Rusiya hökumətinin qərarı ilə “Abxaziyanın büdcə işçilərinin maaşlarının birgə maliyyələşdirilməsini” dayandırdığını bəyan etdi.
Bəzi mənbələrə görə, belə bir problem Ukraynaya qarşı müharibə başlayandan yaranıb. Suxumi “öz vəsaiti” hesabına büdcənin maliyyələşdirilməsini “85 faiz”ə çatdırmağı öhdəsinə götürüb, lakin öhdəliyi yerinə yetirməyib. Şamba onu da bildirib ki, gələn ilin əvvəlindən Abxaziya Rusiyadan aldığı elektrik enerjisinə görə “kommersiya qiymətləri ilə ödəniş etməli” olacaq.
Məlumatlı mənbələr problemin siyasi olduğunu iddia edir. Moskva “Rusiya vətəndaşlığı olan iyirmiyə yaxın müxalifətçinin ekstradisiyası”nı tələb edib. Onlar “Abxaziya abxazlar üçündür” şüarı altında Rusiya əleyhinə fəaliyyət göstərməkdə ittiham olunurlar. Moskvanın müxalif xadimlərin ekstradisiyası tələbi ilə çıxış etməsinin doğru olub-olmaması ilə bağlı suala Şamba cavab verib ki, onun “departamenti belə bir sənəd almayıb”. Bu, daha çox məlumatı təsdiqləməyə bənzəyir: aydındır ki, ekstradisiya məsələsi Xarici İşlər Nazirliyinin deyil, prokurorluğun və Daxili İşlər Nazirliyinin səlahiyyətindədir.
Ümumiyyətlə, Sergey Şambanın belə incə məsələləri ictimailəşdirməsi artıq sübut edir ki, Suxumidə “müstəqilliyin tanınması” eyforiyası öz yerini frustrasiyaya güzəştə gedir. Rusiya mətbuatı abxaz millətçiləri “Oçamçira, Tkvarçeli və Qudauta bölgələrinin sosial-iqtisadi inkişaf proqramını asılı vəziyyətdə qoymaqda” ittiham edir. Söhbət əslində müxalifətin etirazı ilə hüquqi tənzimləmə almayan Rusiya şirkətlərinin qeyd olunan ərazilərdə “10 min mənzil tikintisi biznes layihəsi”ndən gedir.
Rusiyalı ekspert Artur Atayevin fikrincə, Moskvanın bu addımlarından “Rusiyanın Abxaziyanı Gürcüstana vermək niyyətində olduğunu düşünmək olmaz”. O hesab edir ki, problem “daha effektiv əlaqələr qurmaq”dır. Məlumata görə, “Abxaziya lideri” Aslan Bjaniya avqustun 26-da Kremlə “dəvət olunub” və onu prezident aparatının rəhbərinin müavini Kozak qəbul edib. “Təcavüzkar millətçiliyi cilovlamaq” problemi irəli sürülüb.
Moskva sovet dövründən miras qalmış kurort komplekslərinin yenidən Kremlin mülkiyyəti kimi tanınmasına, habelə ruslara torpaq almaq hüququ verən qanuna qarşı çıxanları “aqressiv millətçilər” hesab edir. Şamba təyin olunanda, Rusiya mətbuatı onunla işləməyin Moskva üçün daha əlverişli olduğunu yazırdı. Şambanın Moskva ilə razılaşdırılmış açıqlamalar verməsi istisna edilmir.
Qeyd etmək çox vacibdir ki, o, Abxaziyada illər əvvəl Gürcüstanla “de-fakto münasibətlərin qurulmasının zəruriliyi” məsələsini qaldıran yeganə fiqurdur.
Asif Cəfərov
Ordu.az