Türk Dünyasının Yeni Lazer Ovçusu – Azərbaycandan “Fireforce” Lazer Silahı

2024/10/4545-1728041120.jpg
Oxunub: 2776     15:23     04 Oktyabr 2024    
Azərbaycan müdafiə sənayesində mühüm addım atdı və ilk yerli lazer silahı olan “Fireforce”u ADEX 2024 sərgisində nümayiş etdirdi.

Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış bu silah 30 kilovat lazer gücünə və 900 kiloqram çəkiyə malikdir. “Fireforce” yüngül zirehli vasitələrə quraşdırılaraq, yüksək hərəkətlilik təklif edir və müasir döyüş meydanında mühüm texnologiya kimi diqqəti cəlb edir.

“Fireforce”, xüsusilə aşağı qiymətə dəqiq müdaxilə təklif edən lazer silahı texnologiyasının ən qabaqcıl nümunələrindən biri kimi seçilir. 30 kilovatlıq lazer mənbəyi Pilotsuz Uçuş Aparatları (PUA), yüngül zirehli hədəflər və düşmənin radioelektron sistemləri kimi təhlükələrə qarşı effektiv həll yolu təklif edir.


Silah hədəfini qısa zamanda məhv etmək qabiliyyəti ilə sürətli reaksiya verir. Bundan əlavə, 900 kiloqramlıq yüngül quruluşu onu zirehli vasitələrə inteqrasiya etməyə imkan verir və bu, sahədə geniş istifadə imkanları yaradır. “Fireforce” müasir döyüş şəraitində istifadəçisinə bir çox strateji üstünlüklər təqdim edir. İlk növbədə yönləndirilmiş enerji silahı olması sursat istifadəsini lazımsız edir və əməliyyat xərclərini azaldır.

Eyni zamanda hədəfin aşkar edilməsindən məhvetməyə qədər keçən müddəti olduqca qısaldaraq, sürətli və effektiv müdaxilələr edilməsinə imkan yaradır. Radioelektron cihazlara və PUA-lara təzyiq göstərilməsi və ya onların məhv edilməsi xüsusilə hava sahəsində düşmənin üstünlüyünü qırmaqda kritik rol oynaya bilir. “Fireforce”un Azərbaycan Silahlı Qüvvələrinə verəcəyi töhfələr olduqca genişdir. Silah sərhəd təhlükəsizliyini artırmaqla yanaşı, qarşıdurma anlarında PUA-lara qarşı müdafiəni təmin etmək qabiliyyəti ilə ön plana çıxır.


Lazer silahlarının xüsusilə aşağı xərcli və davamlı olaraq istifadə edilə bilən olması geniş çərçivədə xərc baxımından sərfəli qoruma təmin edir. “Fireforce” Azərbaycanın müdafiə sənayesindəki yerli istehsal qabiliyyətini artıraraq, xaricdən asılılığı azaltma hədəfini də dəstəkləyir. “Fireforce” xüsusilə hava təhdidlərinə qarşı bir müdafiə sistemi olaraq dizayn edilsə də, yüngül zirehli vasitələrə qarşı da effektiv şəkildə tətbiq oluna bilər.

Vasitələrə inteqrasiya edilməsi sayəsində həm mobil əməliyyatlarda, həm də sabit müdafiə missiyalarında strateji rol oynaya bilir. Bu sayədə sərhəd təhlükəsizliyi, infrastruktur qoruması missiyalarını və toqquşma bölgələrində önəmli missiyaları üzərinə götürə bilir.


Azərbaycanın “Fireforce” sistemi Türkiyənin yerli lazer silahı sistemi olan ROKETSAN-ın “Alka” sistemi ilə müqayisə edildikdə, oxşar missiya təriflərinə sahib olduğu görünür. Ancaq “Alka” həm lazer, həm də elektromaqnit qarışdırma qabiliyyətlərinə malik hibrid sistem olaraq xüsusilə radioelektron mübarizə imkanları ilə seçilir.

“Alka”nın 50 kilovata qədər lazer gücü “Fireforce”un gücündən yüksək olsa da, “Fireforce”un yüngül strukturu və yığcam ölçüləri daha mobil həll təklif edir. Azərbaycanın “Fireforce” lazer silahı müdafiə texnologiyaları sahəsində yerli və milli layihələrə inamı artırır, xüsusilə bu sahədə təqdim etdiyi ucuz və yüksək effektiv həllər ilə Azərbaycan Silahlı Qüvvələri üçün mühüm güc multiplikatoru olacağı düşünülür.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fireforce   Alka   ADEX  


Bizi "telegram"da izləyin