NATO-nun yeni Baş katibi birləşdirici rol oynaya biləcək? – ANALİZ

2024/10/1728031059.jpg
Oxunub: 1904     16:29     04 Oktyabr 2024    
Artıq Mark Rutte rəsmi olaraq NATO-nun yeni Baş katibidir. NATO-da 10 ildən sonra bayraq dəyişikliyi çox kritik bir zamanda baş verdi.

Yens Stoltenberqin səlahiyyət müddətinin bir neçə dəfə uzadılmasına səbəb olan əsas problemlər Ukraynada davam edən müharibə və bu konyukturada Avropa müttəfiqləri arasında təhlükəsizlik sahəsində muxtariyyətlə bağlı narahatlıqlar olub.

ABŞ-nin keçmiş prezidenti və noyabrda keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın son aylarda Ukraynaya dəstəyi kəsəcəyi və müdafiəyə sərmayə qoymayan müttəfiqlərini müdafiə etməyəcəyi ilə bağlı açıqlamaları avropalı müttəfiqlərin narahatlığına səbəb olub.

Ukrayna məsələsinə gəldikdə isə Ruttenin əlinin güclü olduğunu düşünmək üçün əsaslar var. Çünki Rutteni NATO-nun Baş katibi postuna qoyan ən mühüm amil onun Ukrayna ilə bağlı mövqeyi olub.

2022-ci ildə başlayan müharibədə Avropanın Ukraynaya dəstəyinin hərəkətverici qüvvələrindən biri olan Rutte bu ölkəyə F-16 döyüş təyyarələri və pilot təhsili vermək üçün yaradılan beynəlxalq koalisiyaya həmsədrlik edib. Aktiv baş nazirliyinin son aylarında Rutte ifrat sağçı rəqiblərinə baxmayaraq, Ukrayna ilə 10 illik təhlükəsizlik müqaviləsi də imzalayıb.

Rutte NATO-ya rəhbərlik etməyə can atmasının səbəbi kimi Ukraynadakı müharibəni göstərib. Lakin müharibə üçüncü qışına daxil olduğu üçün daha da artacaq ehtiyacları nəzərə alsaq, iyulda Vaşinqton sammitində uzunmüddətli maliyyə öhdəliyindən yayınan müttəfiqləri Ukraynaya dəstəyi davam etdirmək üçün motivasiya etmək çətin məsələ olacaq.

Təbii ki, Kiyevə ən çox yardım edən ABŞ-dəki seçkilərdən sonra Ukrayna tənliyi ilə bağlı Rutteni hansı çətinliyin gözlədiyi bəlli olacaq. Bu məqamda Rutte mümkün Tramp dövrünün qərarlarını “idarə edə” bilən şəxs hesab edilir.

Rutte 2018-ci ildən etibarən Brüsseldə təşkil edilən bir NATO zirvəsində iplər qoparkən, Trampı Avropanın müdafiə xərclərini artırdığı yönündə inandırmasına, yenə həmin il Vaşinqton səfərində Trampın sözünü “xeyr” deyərək kəsməsinə görə “Trampa pıçıldayan adam” və “Cənab Xeyr” adlarıyla xatırlanır.

Rutte Avropa İttifaqını (Aİ) razı sala biləcəkmi?

NATO-nun diqqəti Rusiyadan gələn təhlükəyə yönəlsə də, Avropanın transatlantik əlaqələri zəiflətmək üçün atacağı addımlar gündəmdə getdikcə daha çox yer tutur. Trampın müdafiəyə sərmayə qoymayan müttəfiqlərini müdafiə etməyəcəyi ilə bağlı açıqlaması Aİ idarəçilərinin çıxışlarında “Aİ təcili olaraq strateji muxtariyyətini inkişaf etdirməli və müdafiəsinə sərmayə qoymalıdır” şəklində əksini tapıb.

Bunun konkret ifadəsi olaraq Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də yeni müddətində ilk dəfə olaraq müdafiədən məsul Komissiya üzvü təyin edəcəyini açıqlayıb. Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin (EPC) analitiki Yuray Mayçin bildirib ki, Ruttenin bacarıqlarına bu baxımdan da etibar etmək lazımdır.

Ruttenin Aİ Şurasında Aİ liderləri arasında yer alacaq ilk NATO Baş katibi olacağına diqqət çəkən Mayçin Niderland liderinin Aİ ilə əlaqələrin qurulmasında daha rahat olmasını gözlədiyini deyib: “Ümid edə bilərik ki, Rutte Aİ-ni NATO üçün təhlükə, NATO-nun roluna mane olmaq və ya müdaxilə etmək istəyən bir təşkilat kimi görməyəcək”.

Trampın seçilməsinin Avropa müttəfiqlərinin müdafiəyə daha çox pul xərcləyəcəyi anlamına gələcəyini ifadə edən Mayçin rəqibi Kamala Harrisin praqmatik yanaşması ilə Aİ ilə daha ahəngdar işləyəcəyini və bu mənada Ruttenin əllərini yüngülləşdirəcəyini qeyd edib.

Rutte kimdir?

Niderlandlı siyasətçi 1967-ci il fevralın 14-də Haaqada 7 uşaqlı ailənin ən gənc üzvü kimi anadan olub. Universitetdə oxuduğu illərdə o, sonradan rəhbərlik etdiyi Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) Gənclər Qolunun rəhbəri vəzifəsində çalışıb.

“Leiden” Universitetində Niderland tarixi üzrə ali təhsilini başa vuran Rutte 10 ilə yaxın özəl sektorda insan resursları sahəsində çalışıb. Ruttenin siyasi karyerası 2002-ci ildə başlayıb. O, 2002-2004-cü illərdə əmək və sosial məsələlər üzrə dövlət naziri, 2004-2006-cı illərdə isə təhsil, mədəniyyət və elm üzrə dövlət naziri vəzifələrində çalışıb. Rutte partiya sədri vəzifəsini 2006-cı ildə Yan Peter Balkenendedən götürüb və 2010-cu ilə qədər bu vəzifəni icra edib.

2010-cu ilin iyununda keçirilən seçkilərdən sonra o, VVD və Xristian Demokratlar Birliyindən (CDA) ibarət koalisiyaya rəhbərlik edib. Beləliklə, Ruttenin Baş nazir karyerası 2010-cu il oktyabrın 14-də başlayıb. Ruttenin başçılıq etdiyi ilk hökumət 2012-ci il aprelin 23-nə qədər vəzifədə qaldı.

2012-ci il sentyabrın 12-də keçirilən seçkilərdən sonra Rutte 2017-ci il oktyabrın 26-na qədər VVD və İşçi Partiyasından (PvdA) ibarət kabinetə rəhbərlik etdi. VVD 2017-ci il seçkilərində səs itirsə də, Rutte CDA, Demokrat 66 (D66) və Xristian Birlik Partiyasından (CU) ibarət dörd partiyalı koalisiya hökumətinə başçılıq etməyi bacardı. Bu hökumət 2021-ci il yanvarın 15-də başa çatdı.

Rutte yeni hökumət qurulana qədər 299 gün müvəqqəti Baş nazir vəzifəsində çalışıb. 2021-ci il 15-17 mart tarixlərində keçirilən ümumi seçkidə əvvəlki koalisiya ortaqları ilə yenidən razılaşan Rutte 2022-ci il yanvarın 10-da 4-cü dəfə hökuməti qurdu.

Onun qurduğu hökumətlər müxtəlif daxili problemlər üzündən yıxılsa da, Rutte Niderlandın ən uzun müddət vəzifədə olan Baş naziri oldu. Rutte 2023-cü il iyulun 7-də Niderlandda koalisiya hökumətinin immiqrasiya siyasəti ilə bağlı mübahisələrə görə dağılmasından sonra istefa verdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rutte     Analiz  


Bizi "telegram"da izləyin