Maraqlıdır ki, İsrailə qarşı raket hücumlarından bir müddət əvvəl həm əhalisinin əksəriyyətini bəluclar təşkil edən İranın cənubunda, həm də İsrailin paytaxtı Təl-Əvivin ətraf ərazilərində terror aktı baş verib. Rəsmi məlumata görə, 8 nəfər həlak olub. Tərəflərin xüsusi xidmət orqanlarının müəyyən “hazırlıq işləri” gördüyünü hesab etmək olarmı?
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yəhudi dövlətini “yalan danışmaqda” ittiham edib və İsrail ordusunun “Livanda quru əməliyyatına başlamadığını” iddia edib. İran KİV-ləri xüsusilə vurğulayır ki, İsrailə raket zərbələri endirmək əmrini ali dini lider Əli Xameneyi şəxsən verib. Son günlər mətbuatda İran elitasında “müqavimət hərəkatı”na dəstək olub-olmamaq ilə bağlı “ciddi fikir ayrılıqlarının olduğu” barədə məlumatlar yer alıb.
Bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəyan edib ki, Tehran Livana hərbi yardım göndərməyəcək, buna ehtiyac yoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Livandakı hərəkətlərinə qarşı sərt bəyanatla çıxış edərək, “livanlı qardaş və bacıları”nı bütün lazımi vasitələrlə dəstəkləyəcəklərini vəd edib. Ərdoğan deyib ki, İsrail bir gün Türkiyə torpaqlarına hücum edə bilər. O, beynəlxalq ictimaiyyəti İsrailin ambisiyalarını cilovlamağa çağırıb.
İranın İsrailə qarşı raket hücumundan saatlar keçməsinə baxmayaraq, nə ABŞ, nə NATO və Avropa İttifaqı, nə də Rusiya və Türkiyə hələ ki, rəsmi açıqlama verməyib. Bu susqunluğun səbəbi nədir? İran mənbələri bildirir ki, Tehran hücumdan bir neçə saat əvvəl Moskva və Vaşinqtona verdiyi qərar barədə məlumat verib. Belə bir təəssürat var ki, İsrailin Baş naziri Benyamin Netanyahu həqiqətən çox riskli addımlar atıb. Yaxın Şərq hətta ərəb dünyasının belə birləşmədiyi son dərəcə mürəkkəb bir bölgədir.
Hər hansı bir ölkənin hegemonluğu beynəlxalq aktorlar arasında qüvvələr balansının köklü şəkildə pozulması təhlükəsi ilə doludur ki, bu da kənardan hərbi müdaxiləyə və bir neçə maraqlı mərkəz arasında genişmiqyaslı münaqişəyə səbəb ola bilər. İsrailə raket hücumunun vaxtı, görünür, İranın regional güc statusunu müdafiə etməsi ilə hesablanıb, lakin hesablama bunun Qərbin qlobal geosiyasi maraqları ilə ziddiyyət təşkil etmədiyi bir vəziyyətdə aparılıb.
İsrailə hücum qərarının Rusiya Baş nazirinin Tehran səfərindən bir gün sonra həyata keçirilməsi çox maraqlıdır. Görünür, Moskva İran Prezidenti Məsud Pezeşkianın Nyu-Yorkdan hansı diplomatik ehtiyatla qayıtdığını anlamağa çalışıb. Belə çıxır ki, İran öz maraqlarının qorunması məsələsində “qırmızı xətlər”i keçməyin mümkün olmadığını başa salmaq üçün güc nümayişinə əl atır. Ancaq İsrailin buna cavab olaraq hansı addımları atacağını gözləmək lazımdır.
Asif Cəfərov
Ordu.az