Ermənistanda “möcüzəvi artım” necə yox oldu? – ANALİZ

2024/08/1722839200.jpg
Oxunub: 1962     10:25     19 Avqust 2024    
Ermənistanda son aylarda sənayedə qeydə alınan və bir çoxları arasında fikir ayrılığına səbəb olan zərgərlik məmulatlarının istehsalındakı artımlar tamamilə sıfıra endirilib. İl ərzində sektorda geriləmə müşahidə olunub. Ermənistanda açıqlanmış rəsmi statistikalara görə, hətta əvvəlki artımlar da “yoxa çıxıb”.

Sanki heç olmayıb. Söhbət Ermənistanda həm sənayedə, həm də ümumilikdə iqtisadiyyatda builki artımın əsasına çevrilən artımlardan gedir. Bir çox insanlar bu artımlara şübhə ilə yanaşsa da, erməni səlahiyyətlilər qızıl sənayesində inqilabi inkişafların baş verdiyini, guya sektorda belə yüksək artımların qeydə alınmasına kömək edən “yeni güclər”in işə salındığını sübut etməyə çox çalışdılar.

İndi görürük ki, nə dərəcədə belədir. Ermənistanda sosial-iqtisadi göstəricilər üzrə statistik xidmətin son nəşrində zərgərlik şöbəsində əvvəllər təqdim edilən artımlar artıq yoxdur, tamamilə aradan qalxıb. Aprel ayında zərgərlik məmulatlarının istehsalı əvvəlki illə müqayisədə hətta azalıb. Buraxılış yalnız 5,8 milyard dram təşkil edib. İlin əvvəlinin dörd ayında rəsmi statistikanın “düzəliş edilmiş və yenilənmiş” məlumatlarına əsasən, qızıl sənayesində cəmi 21,7 milyard dramlıq məhsul istehsal edilib.

Bu, Ermənistanda rəsmi statistikanın yanvar ayında əvvəlki ilin yanvar ayı ilə müqayisədə 11,3 dəfə, fevral ayında əvvəlki ilin fevral ayı ilə müqayisədə 12,2 dəfə, mart ayında isə əvvəlki ilin mart ayına nisbətən 12,1 dəfə artım qeydə aldığı zərgərlik sənayesidir. Yanvarda istehsalın həcmi demək olar 47 milyard dram, fevralda 72,1 milyard dram, martda 72,3 milyard dram olub. Aprel yenidən nəzərdən keçirmələrindən əvvəl qızıl sənayesi üzrə rəsmi statistika, birinci rübün nəticələrinə əsasən, əvvəlki illə müqayisədə 11,9 dəfə artım qeydə alıb. Üç ayda istehsal həcmi 191,4 milyard dram təşkil edib. Artıq dörd ayda, rəsmi statistikaya görə, cəmi 21,7 milyard dram təşkil edib.

Bu, məntiqdən kənardır, lakin üç aylıq göstəricidən 8,8 dəfə azdır. Ermənistanda ilin əvvəlinin ilk üç ayında istehsal həcmi 191,4 milyard, dörd ayda isə 21,7 milyard olub. Bu üç ayda qeydə alınan rəqəmdən təxminən 170 milyard azdır. Ermənistanda zərgərlik necə bir “möcüzə ilə” son zamanlara qədər dəfələrlə artımlar qeydə alırdısa, elə də eyni “möcüzə ilə” bu artımlar yoxa çıxıb.

Əvvəllər zərgərlik istehsalı kimi göstərilən 170 milyardlıq məhsul yoxa çıxıb, zərgərlik göstəricilərində yoxdur. İlk baxışdan elə görünür ki, bir səhv olub. Amma xeyr, heç bir səhv yoxdur. Ermənilər əvvəllər zərgərlik məmulatı kimi göstərdiklərini indi fərqli bir məhsul kimi göstərməyə qərar verdilər. Zərgərlikdən çıxarıblar, başqa bir məhsul adı altında köçürüblər.

Məlum qızıl hərəkətləri, yəni bir ölkədən məhsulun gətirilməsi, başqa bir ölkəyə daşınması və bunun Ermənistanın iqtisadiyyatının göstəricilərinə daxil edilməsi tam şəkildə qalıb. Sadəcə olaraq “sehr” ediblər: qızılın hərəkətini gizlətməyə çalışıblar ki, xaricdə, bəlkə də həmçinin daxildə iqtisadiyyatda nə baş verdiyini görməsinlər. Ermənistanda son zamanlar “qızıl qızdırması” deyilən məsələ çox müzakirə edilib və tənqid edilib. Bu fenomenlə bağlı xarici risklər kifayət qədər çoxdur.

Bu, yəqin ki, Paşinyan hakimiyyətini narahat edib. Belə çıxır ki, Ermənistanda qızılın dövriyyəsinin o qədər də kəskin görünməməsi üçün zərgərlik məmulatlarının istehsalı üzrə son aylarda göstərilən aktivlik süni şəkildə başqa yerə köçürülüb. Qızıl zərgərlikdən çıxarılaraq, adi metalların istehsalına daxil edilib. Bunu o qədər diqqətlə ediblər ki, heç bir göstərici digərinə uyğun gəlmir. Lakin erməni səlahiyyətlilər açıq-aşkar tələsiblər, əvvəlki göstəriciləri nəzərdən keçirməyi belə çatdırmayıblar.

Ermənistanın rəsmi statistikasına əsasən, yanvar-mart aylarında əsas metalların istehsalı 33,9 milyard dram təşkil edib. Apreldə qızıl da daxil olmaqla, daha 37 milyard dəyərində məhsul buraxılıb. Bu, dörd ayda 70,9 milyard erməni dramı deməkdir. Lakin statistikaya əsasən, əsas metalların istehsalı sahəsində yanvar-aprel aylarında 246,4 milyard dram dəyərində məhsul buraxılıb. Bu, əvvəlki illə müqayisədə 4,6 dəfə çoxdur.

Bəs Ermənistanda birinci rübdə hətta 11 faiz civarında eniş olduğu halda, bu artım bir ay ərzində haradan gəldi? Məlumata görə, apreldə 37 milyard dəyərində məhsul buraxılıb, lakin birinci rübün göstəricisi 212 milyard artıb. İndi də əsas metalların istehsalı göstəricilərinə götürüb köçürdükləri əvvəlki zərgərlik artımları hesabına artıb. Ermənilərin özləri də öz sehrləri ilə necə davranacaqlarına qərar vermirlər. Bunu izah etməyə belə cəsarət etməyiblər: necə oldu ki, aylar ərzində eyni məhsulu zərgərlik məmulatı hesab edirdilər, indi əsas metalların istehsalına çevrildi?

Təbii ki, Ermənistan ərazisindən daşınan Rusiya qızılının zərgərlik məmulatları və ya əsas metallar istehsalı altında təqdim olunmasından asılı olmayaraq, Ermənistan iqtisadiyyatının mahiyyəti dəyişmir. Bəlkə də bütün bunların məqsədi birdir: qızılın hərəkətlərini gizlətmək. Paşinyan hakimiyyətinin və hakim dairələrin maraqlarından irəli gələn bir şey...

Xatırladaq ki, “qızıl qızdırması” Paşinyan hakimiyyətinə yaxınlaşan tanınmış iş adamı Xaçatur Sukiasyanın adı ilə əlaqələndirilir. Qızılın bu hərəkətləri arasında iri, çox böyük pullar dövr edir. Bu pullar məlum və naməlum yollarla bəzi erməni oliqarxların cibinə daxil olur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Möcüzəvi-artım  


Bizi "telegram"da izləyin