“Biz irəliləyiş əldə etmişik, təfərrüatlara varmayacam. Hələlik razılaşmamız yoxdur, amma razılaşana qədər dayanmayacağıq”, - deyə Miller qeyd edib. O, dövlət katibi Blinkenin üçtərəfli görüşün əvvəlində tərəflərin uzun yol keçdiyi və irəliləyiş əldə etdiyi ilə bağlı müşahidəsini xatırladıb. Miller danışıqların vəziyyətini aşağıdakı kimi qiymətləndirib: “İnanırıq ki, sövdələşmə mümkündür, lakin tərəflər mürəkkəb seçimlər etməli, çətin kompromislərə getməlidirlər, biz onları bu son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə sövq edəcəyik”.
Ermənistanın ekspert ictimaiyyəti Ceyhun Bayramov-Ararat Mirzoyan-Entoni Blinken görüşü haqqında susur. Millerin müşahidələrinə əlavə olaraq qeyd edirlər ki, Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirib, lakin rəsmi Bakı bir neçə ay ərzində mətn üzrə razılaşmanın mümkünlüyünü deyib.
Dövlət Departamentinin rəsmi nümayəndəsinin sözlərindən belə güman etmək olar ki, Vaşinqton ABŞ-də keçiriləcək prezident seçkiləri öncəsi Ermənistan-Azərbaycan “son fikir ayrılıqları”nı aradan qaldırmağa ümid edir. Ancaq Millerin hazırkı administrasiyanı, yoxsa ümumiyyətlə ABŞ-ni nəzərdə tutduğunu birmənalı qiymətləndirmək çətindir.
Hər halda, yekun razılaşmanın əldə olunması ehtimalı, yəqin ki, “mürəkkəb qərarlar qəbul etmək və çətin kompromislərə getmək”lə əlaqədardırsa, daha az obyektiv hesab edilməlidir. Xüsusilə, Zəngəzur dəhlizi danışıqlarda müzakirə olunmasa, hansı çətin kompromisə gedilməli olacağı bəlli deyil və digər məsələlər həm sərhədlərin demarkasiyası, həm də Qərbi Azərbaycana qayıdış məsələsi Bakı üçün demək olar “qırmızı xətt”dir.
Azərbaycanın ərazi bütövlüyünün və onunla dövlətlərarası sərhədin tanınması guya İrəvan üçün “çətin qərar”dır, Ermənistan bunu prinsipial kompromis hesab edir, əvəzində yuxarıdakı qərarın ziddinə olaraq konstitusiya dəyişikliyi və Zəngəzur dəhlizi məsələsindən imtina etməyi düşünür? Habelə demarkasiya komissiyalarının əsasnaməsi ilə bağlı razılaşma razılaşdırılmış müddətdə baş tutmayıbsa və müzakirələr aparılmayıbsa, Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda hansı irəliləyişə nail olublar?
Hər halda, xarici işlər nazirləri hələ Vaşinqtona getməzdən əvvəl bir sıra bəyanatlar səsləndirsə də, bu barədə məlumat yoxdur. Ceyhun Bayramov-Ararat Mirzoyan-Entoni Blinken görüşündən sonra İranın İrəvandakı səfiri təxribatçı bəyanatla çıxış edərək, Qarabağı könüllü tərk etmiş ermənilərin hansısa “hüquqları”ndan danışıb. Bu, aydın rəsmi mövqedir, yoxsa səfirin özbaşına bəyantı idi? İran kimi bir ölkədə bunun qeyri-mümkün olduğunu yaxşı bilirik, əks halda səfir geri çağırılardı. Vaşinqton danışıqlarına Moskvadan heç bir ictimai reaksiya yoxdur.
Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində Qazaxıstan prezidenti Ermənistan-Azərbaycan danışıqları üçün platforma təmin etməyə hazır olduğunu bildirib. Amma bu kontekstdə görünən odur ki, ən önəmlisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitindən sonra verdiyi bəyanatdır. Ərdoğan bildirib ki, Ankara tezliklə son akkordu Zəngəzur dəhlizinin açılması olan Azərbaycan-Ermənistan nizamlanmasını gözləyir.
Rəsmi Bakı isə Ermənistandan daha öncə qəbul etdiyi razılaşmalara əməl etməsini gözləyir, əks halda vəziyyət olduqca gərgin mərhələyə qədəm qoyacaq.
Firuz Bağırov
Ordu.az