Bakının Pekinlə strateji tərəfdaşlığı açıq mesajdır: Zəngəzur dəhlizi məsələsində kompromis olmayacaq

2024/07/1720094516.jpg
Oxunub: 2435     21:29     04 İyul 2024    
İctimaiyyətin diqqəti əsasən Astanada Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Putin-İlham Əliyev və Putin-Ərdoğan görüşlərinə yönəlsə də, Qazaxıstanın paytaxtında bəlkə də daha vacib və ya ən azından heç də az vacib olmayan bir görüş və sənəd imzalanması baş tutdu.

İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb və iki ölkə prezidenti strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar. Bununla hər iki tərəf münasibətləri hərtərəfli dərinləşdirmək niyyətini və istəyini təsdiq edir. Əlbəttə ki, bu cür bəyannamələri ciddi dəyərləndirmək lazımdır. Bunlar sadəcə sənədlər toplusundan ibarət deyil, xüsusən də söhbət ən azından bir tərəfdə, bu halda Çinin olduğu kimi, böyük dövlətlərin olduğu hallardan gedir.

Çin və Azərbaycan arasında imzalanmış bu saziş hərtərəfli xarakter daşıyır və şübhəsiz ki, diqqətəlayiqdir. Hələlik, ilk növbədə qeyd edək ki, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın Bakıya səfərindən sonra imzalanıb. Bakıya səfərdən əvvəl O-Brayn Konqresdə keçirilən dinləmələrdə çıxış edib, Azərbaycan-Ermənistan-Türkiyə ticarət dəhlizi vasitəsilə Mərkəzi Asiyanın ehtiyatlarını Aralıq dənizinə və Avropaya çıxarmaq marağından danışıb, bunun məqsədinin Rusiya və Çindən yan keçmək olduğunu deyib. Daha sonra yayılan məlumatlardan aydın oldu ki, ABŞ burada dəhlizin xüsusi statusunu qəbul etmək niyyətindən uzaqdır.

Bu epizoddan sonra O-Brayn Bakıya səfər edir, bir neçə gündən sonra isə Bakı Çinlə, O-Brayn Konqresdə yan keçmək məqsədi haqqında danışdığı Çinlə strateji tərəfdaşlıq bəyannaməsini imzalayır. Birmənalı nəticələr çıxarmaq üçün, sözsüz ki, tezdir, lakin bu bir faktdır ki, Azərbaycan bu mənada tam müstəqil siyasət həyata keçirir, qlobal güc olsa belə, heç kimin diqtəsi ilə hərəkət etmədiyini və etməyəcəyini nümayiş etdirir.

Şübhəsiz ki, Bakı bununla Qafqazdan keçən ticarət marşrutlarına nəzarət uğrunda mübarizə aparan bütün böyük oyunçulara ciddi mesaj verir: Zəngəzur dəhlizi Azərbaycanın milli təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır və bu məsələdə heç bir tərəflə kompromisə gedilməyəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Çin   Zəngəzur-dəhlizi   ABŞ  


Bizi "telegram"da izləyin