Pezeşkian və ya Cəlilinin siyasəti İranı necə formalaşdıracaq? – ANALİZ

2024/07/1719989965.jpg
Oxunub: 1348     12:40     04 İyul 2024    
İyunun 28-də İranda keçirilən prezident seçkilərinin nəticələri siyasi spektrin iki ifrat nöqtəsində olan və ölkənin idarəçiliyi ilə bağlı tamamilə əks fikirdə olan iki adı ikinci tura çıxarıb.

İslahatçı Məsud Pezeşkian qalib gəlsə, İran daxili və xarici siyasətdə genişlənmələrə qapı aça bilər. Mühafizəkar Səid Cəlili qalib gələcəyi təqdirdə Tehranın Qərblə münasibətləri pisləşə, iqtisadi problemləri dərinləşə bilər. İranın mərhum prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından 41 gün sonra ölkədə keçirilən seçkilər nəticəsində tamamilə fərqli baxışlara malik olan Pezeşkian və Cəlilinin ikinci tura keçməsi uzun illərdən sonra seçkilərdə ən qütbləşdirici nəticə oldu.

Bu nəticə ilə prezident seçkiləri ölkə tarixində ikinci dəfə ikinci tura keçdi. İndi seçkilərdə kimin qalib gələcəyi, deyəsən, hansı namizədin seçicilərin gözləntilərini, qorxularını və ümidlərini digərinin əleyhinə istifadə etməkdə uğur qazanmasından asılıdır. İslahatçı Pezeşkian və mühafizəkar Cəlilinin siyasi tarixinə və onların seçki kampaniyalarındakı çıxışlarına nəzər saldıqda, ölkənin müxtəlif istiqamətlərə sürüklənməsi potensialının olduğunu görürük. Pezeşkian seçki kampaniyalarında və debatlarda genişlənmələri müdafiə edən diskurslar hazırlayarkən, Cəlili mövcud vəziyyəti saxlamaq niyyətində olduğu təəssüratı yaratdı.

Pezeşkian daxili və xarici siyasətdə əhəmiyyətli islahatların aparılmasını və Qərblə münasibətlərin yaxşılaşdırılmasını istəyir

Bu nöqteyi-nəzərdən Pezeşkianın seçki kampaniyası İranın daxili və xarici siyasətində mühüm dəyişiklikləri nəzərdə tutan hərtərəfli islahat proqramını ehtiva edir. Çıxışlarında daxili siyasətdə demokratiya və azadlıqların artırılmasına böyük əhəmiyyət verən Pezeşkian bu çərçivədə mətbuat azadlığının qorunub genişləndirilməsi və bu mövzuda hüquqi tənzimləmələr edilməsi lazım olduğunu bildirir.

Kampaniyaları və dövlət televiziyasında digər namizədlərlə debatları zamanı Pezeşkian fərdi hüquq və azadlıqların genişləndirilməsinin vacibliyini vurğulayır və məhkəmə sistemində islahatlar aparmaqla, ədaləti gücləndirəcəyini vəd edir.

Pezeşkian internet qadağalarını aradan qaldıracağını vəd edir

İslahatçı namizəd Pezeşkianın seçki kampaniyasında hazırkı hökumət və administrasiyaya qarşı ciddi tənqidlər səsləndirməsi diqqət çəkir. O, tez-tez vurğulayır ki, prezident olsa, internet qadağalarının əksəriyyətini aradan qaldıracaq, hicabla bağlı qadınlara təzyiqlərə son qoyacaq, hökuməti “etnik və məzhəb ayrı-seçkiliyi”ndən təmizləyəcək. Rəqibi Cəlilidən xüsusilə xarici siyasətdə çox fərqli fikirlərə malik olan Pezeşkian xarici siyasətdə təcrübəsiz olsa da, hər bir məsələni ekspertlərlə müzakirə edəcəyini, səlahiyyəti olanlara səlahiyyətlər verəcəyini bildirir.

Qərb ilə əlaqələrin yumşaldılması lazım olduğunu, xüsusilə ABŞ və Avropa ölkələri ilə daha yaxşı diplomatik əlaqələr qurulması və əməkdaşlığın artırılmasını müdafiə edən Pezeşkian tez-tez bildirir ki, sanksiyalar ləğv edilmədən və dünya ilə qarşılıqlı əlaqə olmadan iqtisadiyyatı yaxşılaşdırmaq mümkün deyil.

Quruluşa nəzarət edən mühafizəkarlarla toqquşma ola bilər

Pezeşkianın nüvə razılaşmasının memarlarından biri olan keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi öz kampaniyasına müşavir kimi daxil etməsi ölkənin indiki hakimiyyətdən fərqli olaraq, Qərblə münasibətləri prioritet hesab edən Həsən Ruhani dövrünün xarici siyasət üstünlüklərinə qayıda biləcəyinə işarə kimi şərh edilə bilər. Bu baxımdan siyasi karyerasına, inkişaf etdirdiyi diskurslara və verdiyi vədlərə nəzər salsaq, Pezeşkian vəzifəyə gələrsə, İran daxili və xarici siyasətdə genişlənmələrə qapı aça bilər.

Bütün bunlara baxmayaraq, Pezeşkianın vəzifəyə gəlməsi halında quruluşa nəzarət edən mühafizəkarların, keçmiş prezident Ruhaninin dövründə olduğu kimi, ölkənin idarə edilməsi məsələsində hökumətə müdaxilə edə biləcəyi, daxili və xarici siyasətdə atmaq istədiyi addımları əngəlləməyə çalışa biləcəyi ehtimalı da nəzərdən qaçırılmamalıdır.

Cəlili mövcud nizamın və Qərbə qarşı “müqavimət iqtisadiyyatı”nın qorunub saxlanmasına diqqət yetirir

Cəlili isə İranın radikal sayıla biləcək mühafizəkar qanadının aparıcı simalarından biri kimi seçki kampaniyasında həm daxili, həm də xarici siyasətdə sərt və qapalı mövqe nümayiş etdirir. Seçki kampaniyalarında çıxışlarına nəzər saldıqda görürük ki, Cəlili İranın mövcud nizamının qorunub saxlanmasına, xarici siyasətdə isə həm siyasi, həm də iqtisadi sahədə Qərbə qarşı müqavimətə önəm verir. Pezeşkiandan fərqli olaraq hicab, sosial azadlıqlar və internet mövzusunda sərt və mühafizəkar mövqe tutan Cəlili müzakirələrində məcburi hicab tətbiqinin davam etməsinin lazım olduğunu vurğulayır.

Cəlili internetin ciddi nəzarət altında olmasını müdafiə edir

Sosial düzənin Qərb mədəniyyətinin mənfi təsirlərinə qarşı qorunması üçün sosial və mədəni fəaliyyətlərə nəzarət edilməsini istəyən Cəlili dövlətin internetə ciddi nəzarət etməli olduğunu, hələ də işlək vəziyyətdə olan və ölkədə interneti kənar şəxslərə bağlayacaq milli internet şəbəkəsinin ən qısa zamanda aktivləşdirilməsinin lazım olduğunu bildirir.

Dövlət televiziyasında keçirilən debatlarda mühafizəkar namizəd Məhəmməd Baqer Qalibaf da daxil olmaqla, hamı internet qadağalarının vətəndaşlara və ölkəyə zərər vurduğunu, “böhran dövrləri istisna olmaqla” giriş bloklarının aradan qaldırılmasını müdafiə edərkən, Cəlilinin yalnız yerli tətbiqlərin və platformaların uğurlarından bəhs etməsi internet qadağaları ilə bağlı fikirlərinə dair ipucu verir.

İqtisadiyyata gəlincə, Cəlili 2007-ci ildə İranın ali dini lideri Ayətullah Əli Xameneyi tərəfindən sanksiyalara qarşı hazırlanmış “müqavimət iqtisadiyyatı” adlı iqtisadi modeli müdafiə edir. Bu modeldə iqtisadiyyatı neft asılılığından çıxararaq, yerli istehsalı artıraraq və özünü təmin edən iqtisadiyyat yaradaraq, ölkəyə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması hədəflənir.

Ölkədəki iqtisadi problemlərin ancaq bu modelin tətbiqi ilə həll olunacağını irəli sürən Cəlili və komandası iqtisadiyyatın sanksiyalar və dünya ilə əlaqələrlə birbaşa əlaqəli olduğunu şərh edən islahatçı qanadı “Qərbə təslim olmaqda” ittiham edir.

“Uğursuz nüvə üzrə danışıqlar aparan əsas şəxs” kimi xatırlanır

Cəlili xarici siyasətdə çox təcrübəli bir şəxsdir. 1989-cu ildən sonra uzun illər Xarici İşlər Nazirliyində çalışıb. 2005-ci ilin avqustunda Mahmud Əhmədinejad prezident seçildikdən sonra o, xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini təyin edilib. Cəlili daha sonra 2007-ci ilin oktyabrında Əhmədinejad administrasiyası dövründə Ali Milli Təhlükəsizlik Şurasının baş katibi olub. Bu dövrdə İranın Qərblə nüvə danışıqlarına Şuranın baş katibi rəhbərlik edirdi və Cəlili birdən-birə dünyanın ən böyük nüvə danışıqlarının mərkəzində özünü tapdı.

Lakin xarici siyasət sahəsində təcrübəsinə baxmayaraq, Cəlili 2007-2013-cü illərdə apardığı nüvə danışıqlarında “əsas danışıqlar aparan şəxs” rolunda uğursuzluğu ilə yadda qalıb. Xarici siyasətdə “Təhlükələri fürsətə çevirmək” devizindən istifadə edən Cəlili, bir çoxlarının fikrincə, Qərblə nüvə danışıqlarına cavabdeh olduğu 6 il ərzində fürsətləri bir-birinin ardınca “təhdidlərə” çevirib.

Cəlili dövründə ölkə ağır sanksiyalara məruz qaldı

Sərt mövqeyi Əli Əkbər Vilayəti kimi aparıcı mühafizəkarlar tərəfindən belə tənqid edilən Cəlilinin dövründə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İrana qarşı 3 qərar qəbul edib, ABŞ və Avropa Tehrana qarşı ağır sanksiyalara təşəbbüs göstərib. Cəlilinin Ruhani dövründə imzalanan nüvə sazişinə qarşı çıxması da məlumdur.

Özünün və komandasının ideyalarını “kölgə hökuməti” və ya “kölgə kabineti” adlandıran Cəlili iddia edir ki, o, xüsusilə sanksiyalara baxmayaraq, neft satışlarının artırılmasında Ruhani və Rəisi hökumətlərinə yol göstərib. Cəlilinin bu tövsiyələri Ruhani dönəmində o qədər də qarşılıq tapmasa da, onun Rəisi dövrünün “kölgə kabineti” olduğu və bu dövrdə neft satışlarının artırılmasında mühüm rol oynadığına dair şərhlər edilir.

Cəlili İranın Qərbə qarşı Şərqlə, xüsusilə Çin və Rusiya ilə münasibətlərini gücləndirməli olduğunu müdafiə edir. O, bu ölkələrlə iqtisadi, hərbi və siyasi əməkdaşlığın artırılmasının, beynəlxalq əlaqələrin Qərbdən asılı olmadan şaxələndirilməli olduğunu bildirir.

Cəlili və Pezeşkian dövrünün ssenariləri

Bütün bu məlumatlar bir araya gətirildikdə, hər nə qədər İranda son sözü söyləyən perzident olmasa da, Cəlilinin liderliyində İranın mövcud vəziyyətindən daha mühafizəkar istiqamətə doğru yönəlməsi, daxili siyasətdə sərt nəzarət siyasətlərini davam etdirməsi, hətta artırması proqnozlaşdırıla bilər.

Cəlili dövründə xarici siyasətdə Qərblə daha uzaq əlaqələr yarana bilər. Xüsusilə İranın “terrorçu” hesab etdiyi ABŞ-nin keçmiş prezidenti Donald Trampın yenidən prezident kürsüsünə qayıtması ssenarisi ilə İran və ABŞ arasında yeni gərginlik yarana bilər. Sanksiyalar davam edərsə, ölkədə iqtisadi problemlər daha da dərinləşə bilər.

Pezeşkianın rəhbərliyi ilə İranda bütün vədlərin reallaşması və ya köklü dəyişikliklər gözlənilməsə də, İran Hatəmi və Ruhani dönəmlərində olduğu kimi Qərblə münasibətlərin yaxşılaşmasına yönələ bilər. Pezeşkian seçilərsə, daxili və xarici siyasətdə ölkə administrasiyasının “qırmızı xətləri”ni keçmədən, sosial-iqtisadi sahələrdə xalqa olan təzyiqləri aradan qaldıracaq bəzi təşəbbüslərə qapı aça bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki   Qərb  


Bizi "telegram"da izləyin