Alaudinov qeyd edib ki, Ukrayna sərhədindən bir neçə kilometr aralıda yerləşən şəhər praktiki olaraq yerlə-yeksan edilib, lakin Ukrayna qüvvələri küçə döyüşləri aparırlar. Qərb mənbələri Ukraynanın Volçansk şəhərində şiddətli döyüşlərin getdiyini bildirib. “Xüsusi hərbi əməliyyat” başlayandan biz həmişə birinci eşelonda olmuşuq, heç kimin arxasında olmamışıq”, - deyə general Alaudinov qeyd edib. Buradan belə nəticəyə gəlmək olar ki, Çeçenistan xüsusi təyinatlı dəstəsi Volçanska göndərilib.
Hərbi ekspertlər bildirirlər ki, bu şəhərin ələ keçirilməsi ilə Rusiya qüvvələri “Xarkov istiqamətində köklü hücum inkişaf etdirmək” imkanı əldə edəcəklər. Ukrayna qüvvələri yeni silahlar, xüsusilə 122 və 155 mm çaplı artilleriya mərmiləri aldıqdan sonra Volçansk ətrafında vəziyyətin dəyişməsi müşahidə edilib. Məlum olduğu kimi, ABŞ əslində Kiyevə Rusiyanın dərinliklərindəki hədəfləri uzun mənzilli silahlarla vurmağa icazə verib.
Çeçen qvardiyası, əslində, Xarkov istiqamətində hücumun uğurlu olmasının şübhə altında olduğu bir vəziyyətdə cəbhənin uğurlu hissəsinə göndərilib. Lakin bu halda daxili siyasi faktor da var. “Əhməd” qoşunu həmişə Çeçenistanın lideri Kadırova tabe olub. Alaudinovun bəyanatına əsasən, o həmin qoşunun komandiri təyin edilib. Mətbuatda Kadırovun “mədəaltı vəzinin sağalmaz xəstəliyinə tutulması” və onun dəyişdirilməsi məsələsinin Moskvada müzakirə olunduğu barədə məlumatlar var.
Dövlət Dumasının Çeçenistandan olan deputatı Adəm Delimxanov və general Alaudinov ehtimal olunan namizədlər hesab edilir. Görünür, seçim sonuncunun üzərində dayanıb, lakin ona Xarkov istiqamətində vəziyyəti düzəltmək üçün çətin döyüş tapşırığı verilib. Alaudinov Daxili İşlər Nazirliyi sistemindən Müdafiə Nazirliyinin Baş İdarəsinin rəisi təyin edilib. Amma bu halda onun hərbi bacarığı, yəqin ki, çeçen qvardiyasının komandirləri arasında nüfuz faktoru qədər önəmli deyil.
Ramzan Kadırovun əslində Şimali Qafqazın “regenti” olması problemi daha da çətinləşdirir. Bundan sonra vəziyyətlə tanış olan mənbələrin dediyi kimi, Şimali Qafqaz elitasının ziddiyyətlərini idarə etmək çox çətin olacaq. Əgər “Əhməd” qoşunu Volçanskda vəziyyəti dəyişdirə bilsə, böyük ehtimalla Kadırovu Alaudinov əvəz edəcək. Görünür, müharibə həm də daxili siyasi təzyiq vasitəsi kimi əhəmiyyət kəsb edir. Moskva Kiyevdə prezident postu uğrunda rəqabəti qızışdırmağa çalışır, görünür, Ukrayna Rusiyanın cənubunda “sabitliyi pozmaq cəhdləri” ilə qarşılıq verir. Pilotsuz Uçuş Aparatları (PUA) Krasnodara çatır.
Məlumatlara görə, Rusiya Qara dəniz donanmasının bir hissəsini Abxaziyanın Oçamçira şəhərində yenidən bazalaşdırır. Bu gəmilər istənilən vaxt Ukrayna tərəfinin hədəfinə çevrilə bilər, Abxaziya isə beynəlxalq miqyasda Gürcüstanın ərazisidir. Müharibə səhnəsi Rusiyanın Qara dəniz sahillərinə və Abxaziyaya “köçərsə”, o zaman Cənubi Qafqaz faktiki olaraq müharibə zonasına çevriləcək. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmamış olduğu bir şəraitdə bu, yeni eskalasiyanın başlaması təhlükəsi ilə doludur.
Əgər Kadırov “vaxtından əvvəl getsə” və onun dəyişdirilməsi məsələsi uzanarsa, o zaman qeyri-sabitlik Şimali Qafqaza da sirayət edə bilər. Volçanskda “Əhməd” qoşunu nə edəcək, Rusiya Xarkovu ələ keçirməklə hədələyərək, Kiyevi “sülh danışıqlarına” məcbur edə biləcəkmi?
Firuz Bağırov
Ordu.az