Etirazçılar İrəvanda ciddi əhəmiyyətə malik olan magistral yolları və küçələri tamamilə bağlamağa çalışır, Ermənistan polisi isə paytaxtda etirazçıları saxlamağa başlayıb.
Mayın 4-də etiraz aksiyalarına başlayan, özünü Baqrat Srbazan (Müqəddəs Baqrat) adlandran Baqrat Qalstanyan əvvəlcə heç bir siyasi məqsədlərinin olmadığını, delimitasiya və demarkasiya prosesinin Azərbaycanın xeyrinə aparıldığını iddia edərək Ermənistanın mənafeyi naminə bu yola çıxdıqlarını bildirmişdi.
Ancaq İrəvanın mərkəzində kütlə qarşısına çıxan keşiş Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbini ortaya qoydu… Bununla da, Tavuş vilayətindən başlanan etiraz aksiyasının siyasi xarakter daşımasının və haradan qaynaqlanmasının üstünə işıq düşdü…
Baqrat Qalstanyanın şəxsiyyəti…
Ermənistan və Qərb mətbuatının araşdırmalarına görə, indiyədək, Qalstanyanın adı nə korrupsiyada, nə də siyasi fəaliyyətlə bağlı hər hansı məsələdə hallandırılmayıb. Özünün dediyinə görə, o, Böyük Britaniya və Kanadada təhsil alıb və xidmət edib. Amma kimə və necə xidmət etməsi haqda danışmayıb. Həm də ikili vətəndaşlığı var: Ermənistan və Kanada…
Bu gün bəzi siyasi dairələr Qalstanyanın Rusiyaya və Ermənistanın rusiyameylli keçmiş dövlət rəhbərlərinə bağlı olduğu haqda fikirlər səsləndirirlər. Əslində, İrəvandakı etirazlar zamanı Qalstanyanın sabiq erməni liderlərlə əlaqəli olduğunu isbatlayan çoxlu tutarlı fakt üzə çıxıb.
Erməni Apostol Kilsəsi Tavuş Yeparxiyasının rəhbərinin Rusiyaya bağlı olduğunu iddia edənlərin söykəndiyi əsas məntiqlərdən biri budur ki, Ermənistandakı din xadimlərinin yarıdan çoxu Rusiya xüsusi xidmət orqanlarının agentidir.
“Keşiş Baqrat Qalstanyan Rusiyanın ən yaxşı agentlərindən biridir...” - bunu Ermənistan Parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Qaqik Melkonyan deyib.
O bildirib ki, hazırda erməni ruhanilərdən Ermənistanı müharibəyə sürükləmək üçün “beşinci kolon” kimi istifadə olunur: “Rusiyanın Ermənistanda həmişə agentləri olub, onlar hələ də fəaldır. Kilsə KQB ilə əlaqəli olub. Xaricdəki keşişlərimizin yarıdan çoxu KQB agentləri idi. Bu barədə özləri danışırlar”, - deyə erməni deputat vurğulayıb.
Ermənistanda müdafiə nazirinin müavini olmuş general Qaqik Melkonyan hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyi ən çox Rusiyaya lazımdır ki, İrəvan Moskvanın vassalı olaraq qalsın…
Doğrudanmı, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə maraqlıdır?
Bəzi siyasi dairələr hesab edir ki, 2020-ci ildə Azərbaycan-Ermənistan müharibəsinin nəticələri rəsmi İrəvanın Moskva ilə münasibətlərinin ciddi şəkildə haçalanmasına səbəb oldu. Əslində isə hələ müharibədən əvvəl Paşinyan hökuməti ölkəsinin Qərbə inteqrasiyasını hədəfləməyə çalışdı. Tədricən Rusiyadan qopmaq siyasəti yürüdən İrəvan müharibədən sonrakı dövrdə Kremldən açıq şəkildə üz döndərməyə başladı. Bu da Rusiya və Ermənistan arasındakı siyasi-diplomatik, hətta hərbi əlaqələri sual altına atdı. Məlum olduğu kimi, Nikol Paşinyanın siyasi kursu daha çox Avropa dəyərlərinə yiyələnmək, Avropa İttifaqı ilə sıx siyasi, iqtisadi və hərbi-strateji əməkdaşlığa yönəlib. Təbii ki, bu da Kremldə Moskvanın maraqlarını tapdamaq anlamı kimi qəbul edilir.
Deməli, Rusiyanın Ermənistanda siyasi hakimiyyət dəyişikliyini istəməsi danılmazdır.
Kilsə ölkə siyasətinə nə verə biləcək?
Bir müddət əvvəl Tavuş vilayətində başlanan etiraz aksiyalarında din faktorunun əsas rol oynaması indi hamının diqqət mərkəzindədir…
Niyə Ermənistanda hakimiyyət dəyişikliyinə məhz kilsənin əli ilə nail olmağa çalışırlar?
Bu suala cavab tapmaq üçün erməni kilsəsinin keçmişinə nəzər salmaq kifayətdir.
Tarixən, erməni kilsəsi yaranandan bu yana erməni dövlətinin qurulması, böyüməsi ideyası kilsədə meydana gəlib, kilsədə inkişaf etdirilib və erməni ruhanilər tərəfindən yayılıb.
Hətta bu ideyanın reallaşdırılması üçün erməni kilsəsi nəinki qan tökməkdən, günahsız insanların qətlindən çəkinməyib, eyni zamanda bu məqsədlər üçün ermənilərin silahlandırılmasını həyata keçirib.
Dünyanın müxtəlif yerlərində meydana gəlmiş dini-ekstermist erməni təşkilatlarının çoxunu erməni kilsələri ərsəyə gətirib.
İndi analitiklər hesab edir ki, əgər Ermənistanda dindarlar dövlət idarəçiliyini ələ keçirsə, bu ölkənin hazırkı siyasi hakimiyyəti ilə Azərbaycan arasında əldə edilmiş sülh danışıqları təhlükə altına düşəcək, yaxud bu iki ölkə yenidən müharibə vəziyyətinə qayıdacaq.
Əslində, bu cür düşünənlər müəyyən mənada haqlıdır. Siyasi idarəetməyə nəzarət erməni kilsəsinin əlinə keçsə, bölgədə dağıdıcı bir mühitin formalaşması ehtimalı artacaq. Əgər erməni ruhanilər siyasi rıçaqları ələ keçirməyə müvəffəq olsa, onda, nənki Azərbaycan, hətta Gürcüstana qarşı da yeni ərazi iddiaları ortaya atılacaq, Cənubi Qafqazdakı sabitlik, hərbi-siyasi təhlükəsizlik amansız təhdidlərlə üz-üzə qalacaq.
Ermənistanın idarəçiliyi erməni kilsəsinin ixtiyarına verilərsə, sözsüz ki, dindarlar bu dəfə siyasi hakimiyyətdən çəkilməyəcək. Onlar indi də sadə erməniləri inandırmağa çalışır ki, Ermənistan dövlətinin yaradılması kimi, onun məhv olmaqdan xilası üçün yeganə nicat erməni kilsəsisinin əlindədir.
Dindarların hakimiyyətə gəlməsi Ermənistana nə vəd edir?
Təbii ki, Ermənistanda dindarların hakimiyyətə gəlməsi müasir dünyada baş verənlərlə ayaqlaşmaq istəyən bir ölkə üçün yalnız faciəyə səbəb ola bilər. İndiyədək, dinin hakim olduğu dövlətlərin hamısında din xadimləri siyasi hakimiyyəti sərkərdələrə, dövlət idarəçiliyini bilən xadimlərə ötürüb. Hətta ən qatı dindar hakimiyyətə malik İran İslam Respublikasında da hakimiyyət bölgüsü mövcuddur, bəzən formal olsa da, insanların seçki hüququ tanınır.
Erməni kilsəsinin mahiyyətində isə belə deyil: Hər şey Tanrının ixtiyarında, din xadimlərinin icraatındadır. Hətta Tanrının iradəsinə zidd olaraq qan tökmək də erməni ruhanilərə qadağan edilmir. Bunu isbat edən saysız-hesabsız fakt mövcuddur. Ən son hadisələrdə - 44 günlük müharibə dövründə erməni keşişlərin kilsə tərəfindən silahlandırılması bariz nümunə kimi təqdim edilə bilər.
Deməli, bu gün Qərb dəyərlərinə hədəflənmiş Ermənistanda siyasi hakimiyyət dindarların ixitiyarında olsa, özünü məhv olmaqdan xilas etməyə çalışan kilsə yenidən “Böyük Ermənistan” ideyasının ortaya atılmasına, dünyanın bu günkü real siyasi prosesləri ilə ziddiyət təşkil edən ruhani baxışlarını erməni cəmiyyətinə sırımağa çalışacaq.
Mümkündür ki, kilsənin hakimiyyətini dəstəkləyənlər bir müddətdən sonra onun özünə qarşı çıxsın və Ermənistanda vətəndaş müharibəsi təhlükəsi meydana gəlsin.
Digər tərəfdən, son 30 ildə Ermənistanın ayaqda qalması, onun demokratikləşməsi üçün hər cür dəstək göstərən Qərb institutlarının siyasi meydanda erməni kilsəsinin qarşısından geri çəkilməyəcəyi də məlumdur. Bu da, hələ kilsə hakimiyyətə gəlmədən bu ölkədə ictimai-siyasi mübarizənin pik həddə çata biləcəyinə dəlalət edə bilər. Söz yox ki, Paşinyanın tərəfdarları, Ermənistanın Qərbə inteqrasiyasını istəyənlər, müharibədən yorulanlar, özünü avropalı kimi görmək istəyən ermənilər erməni kilsəsinə dəstək göstərməyəcək.
Əks halda, onlar yenidən korrupsiyanın caynağında can verən, hər an müharibə təhdidi altında yaşayan Ermənistan vətəndaşı kimi ömür sürməyə məhkum ediləcəklər.
Kilsə hakimiyyətə gəldiyi zaman Cənubi Qafqazı nə gözləyir?
Birmənalı olaraq demək mümkündür ki, Ermənistanda erməni kilsəsi hakimiyyət başına gəlsə, Cənubi Qafqaz yenidən siyasi-hərbi burulğana qərq olacaq. Burada söhbət təkcə Ermənistan-Azərbaycan münasibətlərindən getmir.
Əgər keşişlər dövlət idarəçiliyinə yiyələnə bilsələr, bu gün İrəvan və Tiflis arasında yaradılan bütün siyasi, iqtisadi, diplomatik münasibətlər iflasa uğrayacaq. Çünki indiyədək tarixdə yaşanmış Ermənistan-Gürcüstan münaqişələrinin banisi məhz erməni kilsələri və bu dini ocaqlarda meydana atılan ideyalar olub.
Söz yox ki, erməni dini-ekstremist qüvvələrin, terror təşkilatlarının fəallaşması regional sabitləşməni təhlükə altına atacaq. Nəticə etibarilə bölgədə nəinki bu üç respublikanın, həm də qlobal güclərin toqquşmasının baş vermə ehtimalı artacaq. Belə olduğu halda, təkcə Ermənistanın deyil, həm də Gürcüstanın iqtisadiyyatı təhdid altına düşmüş olacaq.
Nəzərə alsaq ki, Azərbaycana birbaşa bağlı olan və dünya iqtisadiyyatına yetərincə ciddi töhvə verən beynəlxalq layihələr var ki, onların təhlükəsizliyi pozulduğu halda, regionda kifayət qədər aktual məsələlər sual qarşısında qala bilər.
Demək olar ki, bu gün erməni kilsəsinin də əsas məqsədi bundan ibarətdir ki, sözügedən layihələrin mövcudluğu təhlükə qarşısında qalsın.
Ona görə ki, bu təhdid meydana gələrsə, erməni kilsəsinin bağlı olduğu güc mərkəzləri Cənubi Qafqaz respublikalarını asanlıqla öz təsiri altına almaq imkanı qazanacaq.
Son 30 ildə yenicə müstəqil siyasət yürütməyə başlayan, dirçəlməyə çalışan Ermənistanın qarşısında bu gün ən böyük maneə elə, erməni kilsəsidir.
Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az