Gürcüstanın yeni Ukraynaya çevriləcək? – ANALİZ

2024/05/1717063451.jpg
Oxunub: 510     14:31     30 May 2024    
Gürcüstanda “xarici təsirin şəffaflığı” kimi tanınan qanun layihəsinin yüksək səsvermə göstəricisi ilə qəbul edilməsi Tbilisidə küçələrin hərəkətə gəlməsinə səbəb olub.

Sözügedən qanun qüvvəyə minərsə, Gürcüstanda yaradılan və vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar “xarici təsir agentləri” və ya “xarici dövlətin maraqlarını güdən təşkilatlar” kimi qeydiyyatdan keçməlidirlər. Qanun layihəsi qüvvəyə minərsə, belə təşkilatların qeydiyyat prosedurlarına Gürcüstanın Ədliyyə Nazirliyi nəzarət edəcək.

Qanun layihəsində belə təşkilatlara qarşı cərimələr nəzərdə tutulduğundan müxalifət iddia edir ki, bu layihə Gürcüstanda müxtəlif fikirlərin qarşısını almaq üçün təqdim edilib. Müxalifət, həmçinin bu qanun layihəsinin ölkənin Avropa İttifaqı (Aİ) ilə inteqrasiya prosesinə xələl gətirəcəyini düşünür. O da məlumdur ki, Gürcüstanda həm iqtidar partiyası, həm də müxalifət qanadı uzun müddətdir həm Aİ, həm də NATO-ya üzv olmağa can atır.

Bu səbəbdən iqtidar bu qanunun Gürcüstanın suverenliyi üçün vacib olduğunu vurğulasa da, müxalifət bu addımın ölkədə fikir və düşüncə azadlığını əhəmiyyətli dərəcədə pozacağını bildirir. Tbilisidə günlərlə etirazlara səbəb olan bu qanun layihəsi daha əvvəl 2023-cü ildə gündəmə gətirilib və reaksiyalardan sonra geri götürülüb. Gürcüstan hökumətinin qanun layihəsini niyə indi yenidən gündəmə gətirməsi və layihənin ölkəyə təsirləri kimi məsələlər müxalifətlə iqtidar arasında ciddi müzakirələrə səbəb olub.

Tbilisidəki müxalifət qanunu “rusiyayönlü” olmaqda günahlandırarkən, hökumət etirazçıların Aİ və Qərbin dəstəyi ilə küçələrə çıxmasına diqqət çəkir. Bundan əlavə, müxalifətin etirazlar zamanı Gürcüstan və Aİ bayraqları daşıması hökumətin müxalifəti Aİ-yə tərəfdar olmaqda ittiham etməsinə səbəb olur. Etirazlara gəlincə, Rusiya Tbilisidə baş verənlərdə xarici güclərin əli olduğunu vurğulayır.

“Xarici agent qanunu” tərəflər üçün nə deməkdir?

Əvvəllər müzakirə edilən, lakin ictimaiyyətin və müxalifətin reaksiyası ilə geri götürülən qanunun yenidən gündəmə gəlməsi cəmiyyətdə müəyyən fikir ayrılıqlarına səbəb olub. Gürcüstanda bir qrup bildirir ki, bu qanun ölkəni Aİ-dən uzaqlaşdırır, fikir və düşüncə azadlığına zərbə vurur. Digər tərəfdən, bu hadisələr Gürcüstanın yeni Ukrayna olub-olmayacağı sualını da ağıla gətirir.

Çünki məlumdur ki, Cənubi Qafqazda baş verən son proseslər bilavasitə qlobal proseslərlə bağlıdır. Bu baxımdan qeyd etmək lazımdır ki, Qarabağ qələbəsi, eləcə də Rusiya-Ukrayna müharibəsi Gürcüstanda gedən proseslərə təsirsiz ötüşməyib.

Digər qrup isə bu qanun layihəsinin icrası ilə Qərbin regiona təsirinin məhdudlaşdırılacağını proqnozlaşdırır. Bu səbəbdən də görünür ki, qanun layihəsi ilə bağlı olaraq Aİ və Rusiya yönümlü olmaqla, iki ayrı blok yaranıb. Bu məsələ qanun layihəsinin icrasının ölkənin Aİ-yə üzvlük və Qərbə inteqrasiya yolunda sınaq olacağı təəssüratını yaradır. Bu hadisələr fonunda Gürcüstanın da Ermənistan kimi Qərbə üz tutması Qərbin Rusiyaya qarşı atdığı mühüm addım olardı.

Digər tərəfdən, qanun layihəsinin qüvvəyə minməsi Tbilisinin regional mövqeyini daha da kritik edəcək, çünki bu, ölkəni Aİ hədəfindən uzaqlaşdıracaq. Deməli, yekunda demək olar ki, Cənubi Qafqazda kimin qalib gələcəyini, kimin uduzacağını qlobal rəqabətin gücü müəyyən edəcək.

Gürcüstan Rusiya ilə Qərb dünyası arasında yeni mübarizə meydanına çevrilirmi?

Cənubi Qafqazda qırılma xətləri bir müddətdir hərəkətdədir. Qırılma xətlərinin səfərbər edilməsində regional, eləcə də qlobal inkişaflar mühüm rol oynayır. Bu səbəbdən beynəlxalq ictimaiyyətdə Gürcüstanın yeni Ukraynaya çevrilib-çevrilməyəcəyi ilə bağlı suallar yaransa da, regionda baş verənləri əslində Cənubi Qafqazda qlobal güclərin tarixi rəqabəti kimi qiymətləndirmək olar. Digər tərəfdən, unutmaq olmaz ki, Cənubi Qafqazda baş verən proseslər Qarabağ və Zəngəzur dəhlizi ilə bağlı yeni konyukturalarla bağlıdır. Bu, Qafqaz regionunun tarixin hər bir dövründə strateji əhəmiyyətə malik olduğunu göstərir.

Bütün bu hadisələrə bütövlükdə nəzər saldıqda görmək olar ki, qlobal güclər həm zaman baxımından, həm də “xarici agent qanunu”nun məzmunu baxımından bu bölgəni yeni mübarizə meydanına çevirməyə çalışırlar. Çünki Gürcüstan tarixin bir çox dönəmlərində olduğu kimi, bu gün də həm strateji əhəmiyyətinə, həm də geosiyasi mövqeyinə görə çox kritik əhəmiyyətə malikdir. Xüsusən də Qarabağ qələbəsindən sonra Qərbin Ermənistan üzərindən Rusiyaya qarşı yeni cəbhə açmaq siyasətinin təzahürünü bu dəfə Gürcüstanda görmək mümkündür.

Bu məqamda Ermənistan üzünü Qərbə çevirdiyini açıq şəkildə bəyan etdi və Rusiyadan uzaqlaşdığını göstərdi. Lakin oxşar vəziyyətin Gürcüstanda baş verib-verməyəcəyi bir qədər şübhəlidir. 2008-ci ildə Abxaziya və Osetiya məsələlərində Gürcüstanın Rusiya ilə acı təcrübəsi masada olarkən, bu məsələdə yeni rusiyayönlü addımın atılması ölkədə gərginliyin daha da artmasına və faciəvi nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən Gürcüstanın ölkəsinin ərazi bütövlüyü məsələlərində Rusiya ilə keçmiş acı təcrübəsi hələ də yaddaşlarda təzə olarkən, ölkənin yeni böhranla üzləşməsi çətin görünür.

Digər tərəfdən, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılmasından sonra Tbilsidə baş verən ən böyük etiraz aksiyalarından biri kimi tarixə düşən aksiyalarla bağlı Qərb dünyasından yüksələn səslər, demək olar ki, prosesin ağrılı şəkildə davam edəcəyi xəbərini verir. Aralarında ABŞ və Britaniya kimi tarixi böyük güclər olaraq adlandırılan dövlətlərlə yanaşı, Aİ-in əhəmiyyətli sözçüləridən Almaniya, İtaliya və Fransanın da yer aldığı ölkələrin də qanun layihəsinin geri götürülməli olduğunu bildirməsi bu qanun layihəsinin “lakmus kağızı” kimi qlobal tərəflərin yerlərini aydınlaşdırdığını da göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya    


Bizi "telegram"da izləyin