“Kemankeş 2”: “Baykar”ın yeni silahı sələfindən nə ilə fərqlənir? (FOTOLAR)

2024/05/keman-1716277425.jpg
Oxunub: 1644     16:38     21 May 2024    
“Baykar” qanadlı raketlərinə yenisini əlavə edir: “Kemankeş 2”

“Baykar” mini ağıllı qanadlı raket “Kemankeş”in yeni variantını açıqladı və ilk sınaq görüntülərini yayımladı. Adını Türkiyə tarixindəki ustad oxatanlara verilən ad olan “Kemankeş”dən alan mini ağıllı qanadlı raket tam avtonom uçuş, yerli reaktiv mühərrik, Radioelektron Mübarizəyə (REM) qarşı dayanıqlılıq, Süni Zəka (SZ) ilə dəstəklənən optik idarəetmə kimi mühüm xüsusiyyətləri ilə diqqət çəkir.

“Baykar” “Kemankeş” raket ailəsinin ilk üzvü olan “Kemankeş 1”i ilk dəfə 2023-cü aprelin 27-də “Teknofest İstanbul”da təqdim etdi. Raketin ilk atış sınağı 2023-cü il iyunun 15-də həyata keçirilib. Təxminən bir il sonra, 2024-cü il aoprelin 16-da “Baykar” bu dəfə raket ailəsinin yeni üzvü “Kemankeş 2”ni təqdim etdi. Yayımlanan ilk sınaq görüntülərində “Kemankeş 2” pikapdan havaya qalxıb.


“Kemankeş 2”nin xüsusiyyətləri

Yerli reaktiv mühərriklə təchiz edilən “Kemankeş 2” 70 kq maksimum uçuş çəkisi və səs sürətindən 0,6 dəfə çox dalma sürəti ilə öz missiyasını yerinə yetirə bilir. 200+ əməliyyat mənzili atış Pilotsuz Uçuş Aparatlarından (PUA) icra edildiyi təqdirdə daha da artır.

SZ ilə dəstəklənən avtopilot və tuşlama dəsti ilə həm gündüz, həm də gecə öz missiyasını yerinə yetirə bilir.

200 km+ Əməliyyat Mənzili
27,000 Fut Maksimum Hündürlük
1 Saat Maksimum Uçuş Müddəti
0,5 Metr Yüksəklik
2,5 Metr Uzunluq
1,4 Metr Qanad Genişliyi
70 Kiloqram Maksimum Çəki
20 Kiloqram Faydalı Yük
+0,6 “Mach” Dalma Sürəti


“Kemankeş 1” ilə “Kemankeş 2” arasındakı fərqlər

“Kemankeş 2” “Kemankeş 1”dən çox fərqli xüsusiyyətlərə malikdir. Birinci versiya ilə müqayisədə ikinci versiya ölçü artımı, faydalı yük tutumu artımı və tuşlama dəsti kimi fərqləri ilə seçilir. Birinci versiyanın qanadlarının uzunluğu 1,25 metr və uzunluğu 1,73 metr olduğu halda, yeni sursatın qanadlarının uzunluğu 1,4 metr və uzunluğu 2,5 metrdir.

Dizayn fərqləri haqqında danışsaq, iki mühüm element fərqlənir. Birincisi, ilk versiyada burun hissəsində yerləşən və 2 oxlu stabilizasiyaya malik olan kamera yeni “Kemankeş”də yer almır. Raketin ön hissəsi bizim öyrəşdiyimiz qanadlı raketlər kimi daralan bir quruluşa malikdir. İkinci önə çıxan element isə birinci versiyada qatlana bilən quruluşda olan qanadların qatlana bilməyən sabit delta qanadları ilə əvəz edilməsidir.

Bu 2 elementdən başqa bir dəyişiklik isə raketin arxasındakı stabilizatorlardır. İlk versiyada 5 stabilizator olduğu halda, “Kemankeş 2”də 3 stabilizator var. Gövdə forması və mühərrikin hava ventilyatorları kimi digər elementlər birinci versiyaya bənzər şəkildə dizayn edilib. Uçuş xüsusiyyətlərini müqayisə etdikdə, mənzil, havada qalma müddəti və dalma sürəti kimi xüsusiyyətlərin oxşar olduğunu görürük. İlk versiyada yerli mühərrik olmadığı halda, “Kemankeş 2” yerli reaktiv mühərrikə malikdir.

Maksimum uçuş çəkilərini yeni mühərriklə müqayisə etdikdə, 40 kiloqramlıq uçuş çəki artımının olduğunu görürük. İlk versiyanın yükgötürmə qabiliyyəti 6 kiloqram olduğu halda, yeni “Kemankeş” 20 kiloqram yük daşıma qabiliyyətinə malikdir. “Kemankeş 1”in əməliyyat hündürlüyü 18.000 fut olduğu halda, “Kemankeş 2” 27.000 fut yüksəklikdə uça bilir.

PUA və digər vasitələrlə istifadə

Vasitənin havada tətbiqi ilə bağlı yeganə rəsmi məlumat onun pikapdan qalxa bilməsidir. Gələcəkdə “Baykar” istehsalı olan zərbə PUA-larına, daha sonra digər zərbə PUA-larına və lazım gələrsə döyüş təyyarələrinə inteqrasiya ediləcəyi təxmin edilir. 150 kiloqram faydalı yük daşıma qabiliyyətinə malik “Bayraktar TB-2” nəzəri olaraq 2 ədəd “Kemankeş 2” qanadlı raketi daşıya bilir. “Akıncı”ya baxdığımızda, məhdudlaşdırıcı amil faydalı yük tutumu deyil, sursat podlarının sayıdır.

“Kemankeş 2” “Akıncı”nın bütün sursat podlarına quraşdırılsa belə, uçuş heç bir faydalı yük tutumu problemi olmadan həyata keçirilə bilər. Yayımlanan sınaq görüntülərində “Kemankeş 2” pikapdan havaya qalxır. Hələ rəsmi olaraq bildirilməsə də, “Kemankeş 2”nin katapult sistemi ilə yerdən də havaya qalxa biləcəyi təxmin edilir.

Mini Ağıllı Qanadlı Raket Konsepsiyası

Mini Ağıllı Qanadlı Raket konsepsiyasını sadəcə olaraq aktiv hədəf izləmə tələb etməyən istiqamətləndirici dəstlərlə təchiz edilmiş ucuz kamikadze PUA-larının versiyası kimi təsvir etmək olar. Aşağı qiyməti ilə yerüstü hədəflər üçün sadə həll yolu olan kamikadze PUA-ları vurma dəqiqliyini yaxşılaşdıraraq, böyük və bahalı “hava-yer” raketləri yerinə sərfəli bir konsepsiya kimi görünür.


Bugünkü müharibələrin oyun dəyişdiricisi adlandırıla bilən kamikadze PUA-larına qanadlı raket yanaşması ilə istehsal edilən “Kemankeş 2” “Baykar” tərəfindən “Mini Ağıllı Qanadlı Raket” olaraq adlandırılır. Mini kamikadze PUA-ları daha sadə tuşlama sistemlərinə sahib və aktiv hədəf izləmə tələb edərkən, qanadlı raketlər kilidləndiyi andan hədəfi izləyə bilir.

“Baykar” bu iki anlayışı bir araya gətirərək, “Kemankeş 2”ni istehsal etdi. “Kemankeş 2” həm TB-2 kimi taktiki PUA-larda daşına biləcək qədər yüngül, həm də qanadlı raketlər kimi dəqiq idarəetmə və REM-ə qarşı dayanıqlılığa malik bir sursat kimi qarşımıza çıxır. “Kemankeş”dən başqa, ABŞ istehsalı olan ADM-160 və Britaniya istehsalı olan SPEAR 3 sursatları bu konsepsiyaya misal ola bilər. Çəki, mənzil və sürət dəyərləri bir qədər fərqli olsa da, döyüş meydanında istifadələri və əsas iş prinsiplərinin oxşar olduğunu söyləmək olar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kemankeş-2   Baykar   Türkiyə  


Bizi "telegram"da izləyin