Rusiyanın planı ilə Çinin “Bir Kəmər, Bir Yol” layihəsini necə uzlaşdırmaq olar? – Azərbaycan strateji rola malikdir

2024/05/1715942294.jpg
Oxunub: 616     15:23     17 May 2024    
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb. Onun xarici siyasi məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, səfər “dolu”dur.

Uşakov səfərdən öncə danışıqların gündəliyinin əsas istiqamətlərini də açıqlamışdı: “Təbii ki, Avrasiya İqtisadi Birliyi (AİB) və Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində inteqrasiya proseslərinin birləşdirilməsi mövzusu, Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərq, Mərkəzi və Şimal-Şərqi Asiyadakı vəziyyət nəzərdən keçiriləcək”. Ötən gün Rusiya prezidenti Təhlükəsizlik Şurasının onlayn iclasını keçirib və iclasın əsas məsələsi Rusiyanın yeni siyasi dövrdə postsovet məkanı ölkələri ilə münasibətləri olub.

Həmin iclasdan sonra Vladimir Putin Nikolay Patruşevi özünə köməkçi təyin edib. Rəsmi açıqlamada Patruşevin Putinə hansı sahədə kömək edəcəyi açıqlanmayıb. “Nezaviasimaya qazeta”nın mənbələrinə görə, o, Rusiya ilə MDB, eləcə də digər dost ölkələr arasında münasibətləri koordinasiya edəcək. Martın 13-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Valday” debat klubunda çıxış edib və Mərkəzi Asiya dövlətlərinin liderləri adından əmin edib: “Onlar başa düşürlər ki, regionun xammal resurslarını və kommunikasiya imkanlarını ələ keçirdikdən sonra Vaşinqton və Brüssel yerli elitaya marağını itirəcək və rəngli inqilablara start verəcək”.

Ötən il Mərkəzi Asiya ölkələrinin liderləri ABŞ prezidenti Co Baydenlə BMT Baş Assambleyasının sessiyasının “yan salonlarında” görüşüblər. Ötən ilin noyabrında Fransa prezidenti Emmanuel Makron Qazaxıstana səfər edib, bu yaxınlarda isə Böyük Britaniyanın xarici işlər naziri, keçmiş Baş nazir Devid Kemeron Astanaya idi. İlin sonuna qədər Böyük Britaniya-Mərkəzi Asiya sammitinin keçirilməsi planlaşdırılır. Rusiya prezidentinin Çinə səfərinin məqsədi birdir: postsovet ərazisinin inteqrasiyası üçün Rusiyanın planı ilə Çinin “Bir Kəmər, Bir Yol” layihəsini necə uzlaşdırmaq olar?

Eyni zamanda məsələ situasiya razılaşması kimi yox, gələcək dünya düzəninin “konstruksiya komponenti” və ya yeni geosiyasi status-kvonun “skeletini formalaşdırmaq” baxımından nəzərdən keçirilir. Əhəmiyyətli bir hal diqqət çəkir: Rusiya prezidentinin köməkçisi Si Cinpin-Vladimir Putin danışıqlarının gündəliyini açıqladığı həmin gün Çinin nümayəndə heyəti Bakıda olub və Prezident İlham Əliyevlə danışıqlar aparıb.

Azərbaycan Prezidentinin rəsmi saytından da anlaşıldığı kimi, əsas məsələ Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında inteqrasiyanın mümkünlüyü ilə bağlıdır. Üzvləri Rusiya və Çin olan BRICS-ə Azərbaycan da maraq göstərir. Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Vladimir Putin Çin liderini bu ilin oktyabrında Kazanda keçiriləcək BRICS sammitinə rəsmən dəvət edəcək. Kazan simvolik şəhərdir, belə demək mümkündürsə, Rusiya daxilində Türk Dünyasının simvolizmidir. Belə təəssürat yaranır ki, AİB ilə Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün birləşdirilməsi planında Azərbaycana da ciddi strateji rol ayrılır.

Habelə Çin lideri bu yaxınlarda Avropa turnesindən qayıdıb. Onun Yelisey sarayından Rusiya prezidentinə “çatdıracağı məsələlər olduğu” da istisna deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   Azərbaycan  


Bizi "telegram"da izləyin