Gürcüstan geosiyasi-sivilizasiya seçiminin dəqiq formalaşdırılması prosesində - BAXIŞ BUCAĞI

2024/05/1715855424.jpg
Oxunub: 296     15:32     16 May 2024    
“Bidzina İvanişvili təzyiq altında heç kimlə qarşılaşmayacaq. Bəli, müraciət olub, amma o bundan imtina edib və ona qarşı qanunsuz sanksiyalar aradan qaldırılana qədər görüşməyəcək”.

“Apsny.ge” nəşrinin məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının fəxri sədri, ölkənin faktiki lideri və Rusiya milyarderi kimi tanınan Bidzina İvanişvilinin Tbilisiyə səfər edən ABŞ dövlət katibinin müavini Ceyms O-Brayn ilə görüşüb-görüşməyəcəyi sualına cavab olaraq bildirib. O, İvanişvilinin “iki milyard dollar şəxsi sərvətini Qərbə əmanət etdiyini, bunun “qlobal müharibə” partiyasının əlinə keçdiyini” açıqlayıb və əlavə edib ki, “şantaja və faktiki sanksiyalara son qoyulsa, görüş baş tutacaq”.

Gürcüstanın Baş nazirinin bəyanatının “mismarı” onun tərəfindən verilən “qlobal müharibə partiyası” tərifidir. O kimi nəzərdə tutur? ABŞ-nin Demokratlar partiyasını, yoxsa kollektiv Qərbi? Son günlər Gürcüstanda kütləvi etiraz aksiyaları genişlənib. Buna baxmayaraq, parlament nəhayət üçüncü oxunuşda “xarici agentlər haqqında” qanunu qəbul etdi. Payızda Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Əgər “xarici agentlər haqqında” qanuna qarşı yüksək ictimai müqavimət təəssüratını rəhbər tutsaq, o zaman hakim “Gürcü Arzusu” partiyası əslində parlament seçkiləri öncəsi daxili siyasi böhran yaradır. Gürcüstanın indiki Baş naziri “qlobal müharibə partiyası” ilə “Gürcü Arzusu” arasında suayırıcı xətti çəkməsəydi, bu, “siyasi intihar” kimi olardı və məntiqli olmazdı. Bu, artıq geosiyasi-sivilizasiya seçiminin dəqiq formalaşdırılmasıdır.

Təbii ki, “Gürcü Arzusu”nun ABŞ və Avropa İttifaqı ilə “siyasi ticarət”də olduğunu və sadəcə olaraq qiyməti qaldırdığını fərz etmək olar. Bu, çox mümkündür, lakin Gürcüstanın “hərbi-siyasi çəkisi” belə mürəkkəb sövdələşmə üçün açıq şəkildə kifayət etmir. Tbilisinin hətta zahiri təzahürlərlə olsa belə, regionun “maşası rolu”nu öz üzərinə götürməsi üçün onun arxasında ciddi resurslar olmalıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Geosiyasi-sivilizasiya  


Bizi "telegram"da izləyin