Belousovun təyinatı daha genişmiqyaslı müharibədən xəbər verir? – ANALİZ

2024/05/AP241-1715759813.jpg
Oxunub: 545     13:39     15 May 2024    
Rusiyada yeni hökumətin formalaşdırılması ilə bağlı hakim ekspert rəyi var idi ki, müdafiə naziri Sergey Şoyqu vəzifəsini tərk edəcək. Əsaslandırma onun müavini Timur İvanovun saxlanması və qurumdakı korrupsiya ilə bağlı idi.

Şoyqu əslində öz vəzifəsinə yenidən təyin olunmayıb, lakin onun müavininin ifşası, hətta “RİA Novosti”nin redaksiyasının da etiraf etdiyi kimi, “hamı üçün gözlənilməz idi”. İxtisasca iqtisadçı olan Andrey Belousov müdafiə naziri təyin edilib. “RİA Novosti”nin mənbələri müəyyən ediblər ki, Belousov, doğrudur, ixtisasca iqtisadçıdır, amma iqtisadçı-kibernetikdir.

Bunu onun müdafiə naziri vəzifəsinə təyin olunması ilə bağlı Kremlin sözçüsü Dmitri Peskovun şərhi ilə əlaqələndirirlər. Peskovun şərhi isə bundan ibarətdir ki, hərbi qurum “yeniliklər və yeni ideyalar üçün tamamilə açıq olmalıdır”. Məgər Müdafiə Nazirliyində “yeniliklərin və yeni ideyaların müzakirəsi”nə Sergey Şoyqu mane olurdu? Hər halda belə başa düşülür, iqtisadçı-kibernetik Belousovun təyinatından isə belə güman etmək olar ki, ali baş komandan Putin, şərti desək, iş bölgüsü aparıb: hərbçilər qoy müharibəni davam etdirsinlər, qurumun rəhbəri isə ordunun yenilənməsi, hərbi-siyasi proqramlaşdırma məsələləri məşğul olmalıdır.

Peskov xüsusilə əlavə edib ki, Belousovun müdafiə naziri vəzifəsində ən mühüm vəzifəsi Rusiyanın iqtisadi rəqabət qabiliyyətinin təmin edilməsidir. Necə? Həm ağır müharibə aparmaq, həm silahlı qüvvələri yeniləmək, həm də ölkənin iqtisadi rəqabət qabiliyyətini təmin etmək mümkündürmü? Söhbət isə sözsüz ki, texnoloji sıçrayışı nəzərdə tutan qlobal-geosiyasi rəqabətdən gedir. Bu elə bir vəziyyətdir ki, bunu şərti olaraq Stalin tərəfindən Beriyanın qarşısına qoyulmuş əsas vəzifə - atom bombasının yaradılması ilə müqayisə etmək olar.

Hətta bəzi rusiyalı analitiklər də xəbərdarlıq edirlər ki, Ukrayna müharibəsində Rusiya hələ də marşal Jukovun məşhur strategiyası səviyyəsində qalır: “İtkilər böyükdür? Eybi yoxdur, qadınlar yenidən dünyaya gətirəcəklər”. Görünür, Vladimir Putin daha genişmiqyaslı müharibə planlaşdırır, insan resurslarına qənaət və texnoloji tarazlığın təmin edilməsi siyasətinə keçmək qərarına gəlib. Beriyanın kəşfiyyat xidmətləri parlaq işləməsəydi, sovet atom bombası yaradılmazdı.

Şoyqu, görünür, ordunu qələbə yürüşünə hazırlayıb: Ukraynaya daxil olur, bir həftə sonra Kiyev təslim olur. Müharibə üçüncü ildir ki, davam edir və sonu çox qeyri-müəyyəndir. Çox güman ki, iqtisadçı-kibernetik Belousovun təyinatı da Qərbə siqnaldır. Atom bombası yaratmaq vəzifəsini qarşısına qoyan Stalin təkcə bütün xüsusi xidmət orqanlarını deyil, həm də elmi müəssisələri Beriyanın öhdəsinə buraxdı. Yeni təyin olunan müdafiə nazirinin bu qədər geniş səlahiyyətləri olacaqmı?

Məlumat var ki, Belausovun namizədliyi “Rostex” assosiasiyasının baş direktoru Çemezovla müzakirə olunub. Mənbələrin iddia etdiyinə görə, Çemezov faktiki olaraq Ukrayna müharibəsi başlayandan Rusiyanın hərbi-sənaye kompleksinə rəhbərlik edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   MN   Belausov   Analiz  


Bizi "telegram"da izləyin