Ermənistanda baş verənlər Almatıda Mirzoyanın əlini gücləndirmək üçündür? – BAXIŞ BUCAĞI

2024/05/1715425340.jpg
Oxunub: 785     21:27     11 May 2024    
İrəvanda küçədə baş verənlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünə təsiri necə olacaq?

Bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın mövqeyini zəiflədəcək, yoxsa əksinə “gücləndirəcək”? Burada, təbii ki, tək birmənalı nəticə çıxarmaq üçün xarici sahədəki vəziyyəti, nüansları, detalları tam bilmək lazımdır. Bizim bu imkanımız yoxdur, ona görə də yalnız müşahidələri və mümkün amillərin nisbətinin tarazlığını rəhbər tuta bilərik.

Əgər Ermənistanda mövcud hakimiyyətin təməllərini sarsıdan vəziyyət yarada biləcək bir müxalifət hərəkatı yaranarsa, o zaman bu həmin hökuməti təmsil edən xarici işlər nazirinə də inamsızlıq yarada bilər. Buna görə də belə çıxır ki, küçə hərəkatı onun etimadına təsir edə bilər. Amma gəlin vəziyyətə başqa nöqteyi-nəzərdən baxaq. İctimai hərəkata rəhbərlik edən radikal erməni keşiş Baqrat Srbazan bəyan edir ki, aksiya demarkasiya və delimitasiyaya deyil, guya “bütün bunların balanssız, birtərəfli xarakterinə qarşıdır”.

Ermənistandakı radikallar yaranmış yeni mövcud vəziyyəti qəbul etmək istəmir. Belə çıxır ki, hakimiyyət dəyişikliyi halında radikalların simasında işğalçı siyasəti davam etdirən Ermənistan yenidən peyda ola bilər. Təbii ki, bu halda sülh prosesi öz yerini müharibəyə ötürəcək.

Lakin Ermənistan nə qədər regionda əvvəlki mövqeyini bərpa etməyə çalışsa, bir o qədər itirməyə məhkum olacaq. Çünki yeni müharibəyə başlamaq qərarı üçün lazımi çəkiyə malik olmayan Ermənistan bunun bədəlini daha ağır bir şəkildə ödəyə bilər. Hazırda Qafqazın sabitlik rejiminin pozulması məsələsi birmənalı olaraq xoş qarşılanmayacaq. Buna görə də Ermənistanın mövqelərinə təsir baxımından indiki mərhələdə İrəvanda baş verənlər daha çox ziyana səbəb ola bilər.

Təbii ki, Ararat Mirzoyan danışıqlarda radikalların istəklərini nümunə göstərə və İrəvanın müəyyən məsələlərə hələ də hazır olmadığını bildirə bilər. Lakin Azərbaycanı seçim qarşısında qoymaq və ya buna istiqamətlənən qondarma “imkan”lardan istifadə etmək istənilən nəticəni verməyəcək, əksinə həm İrəvanda, həm də Almatıda vəziyyəti gərginləşdirəcək. 

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almatı   Görüş  


Bizi "telegram"da izləyin