Müharibə Ukraynanın özü kimi genofondunu da məhv edir – ANALİZ

2024/05/44-1715419982.jpg
Oxunub: 1037     16:34     11 May 2024    
2022-ci ilin fevralında Rusiya və Ukrayna arasında başlayan müharibə 4 milyon yarımdan çox ukraynalının Avropa İttifaqı ölkələrinə sığınması ilə nəticələndi. Təkcə ötən ilin oktyabr ayında 51 845 nəfər ukraynalı Avropada müvəqqəti müdafiə statusu alıb. Bu rəqəmlər həmin ilin sentyabrında 31 920 nəfər, avqustda isə 41 275 nəfər təşkil edib.

Ukraynalılardan ötrü müvəqqəti müdafiə statusu almaq üçün ən populyar ölkələr Almaniya, Çexiya və Hollandiyadır. Demək olar ki, ölkəsində baş verən müharibədən yaxa qurtarmağa çalışan ukraynalılar yalnız təhlükəsizlikləri üçün deyil, həm də daha yaxşı həyat şəraiti olan ölkələri seçir. Bütün bunlara baxmayaraq, müharibənin gedişatında bu ölkədə dinc sakinlərin həlak olmasına dair informasiyalar demək olar ki, hər gün artır.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının açıqlamasına görə, iki il ərzində Ukraynada azı 10 582 nəfər dinc sakin həlak olub, 19 875 nəfər isə yaralanıb.

Ölənlərin 5017 nəfəri kişi, 3093 nəfəri qadındır. 1885 nəfərin şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün olmayıb. Hərbi əməliyyatlar ən son məlumatlara görə 600 nəfərə yaxın, daha dəqiq desək 587 uşağın ölümünə səbəb olub. 4546 nəfər kişi, 6524 nəfər qadın, 7507 nəfər şəxsiyyəti müəyyən edilməmiş şəxs, o cümlədən 1298 nəfər uşaq müharibənin qurbanı hesab edilir.

BMT-nin məlumatına görə, həyatını itirən mülki şəxslərin 91%-i artilleriya, raket və aviasiya hücumları zaman baş verən partlayışlar nəticəsində ölüb. O da qeyd edilir ki, həyatını itirənlərin və yaralananların böyük əksəriyyəti döyüş əməliyyatlarının ilk bir neçə ayında baş verən toqquşmaların qurbanı olub.

Ötən il hər ay orta hesabla 163 mülki şəxs həlak olub, 547 nəfər isə yaralanıb.

İndi həm Ukrayna rəhbərliyini, həm də sıravi ukraynalıları, eləcə də beynəlxalq humanitar təsisatları düşündürən ən mühüm amillərdən biri müharibə başlayandan sonra döyüş əməliyyatı zonalarından uşaqların Rusiyaya aparılmasıdır.

Rəsmi və qeyri rəsmi informasiyalara görə, indiyədək ruslar tərəfindən minlərlə uşaq Rusiyanın müxtəlif vilayətlərinə, həmçinin Belarusiyaya aparılıb.

BMT-nin yaydığı məlumatlara görə, Donbas, Mariupol, Xerson, Xarkov və Kiyev vilayətlərindən minlərlə uşaq Rusiyanın Başqırdıstan, Orlov, Kursk və Lipetsk vilayətlərinə daşınaraq zor gücünə övladlığa verilir, hətta onların şəxsiyyəti haqqında informasiyalar tamamilə dəyişdirilir.
Ukrayna və beynəlxaq təşkilatların hesablamalarına görə, indiyədək Rusiyaya aparılmış, yaxud müharibədən qaçmaq üçün Rusiya ərazisinə keçmiş ukraynalı uşaq və yeniyetmələrin ümumi sayı yarım milyon nəfərdən çoxdur.

Beynəlxalq aləmin bütün etirazlarına rəğmən, Rusiya tərəfi həmin uşaqların nəinki Ukraynaya qaytarılmasına maraq göstərir, əksinə, ölkənin müxtəlif əyalətlərinə aparılmış azyaşlıların və yeniyetmələrin xilas edildiyini bildirir.

Rusiya Federasiyasının bu istiqamətdəki qanunvericiliyində müvafiq dəyişiklik aparıldıqdan sonra sözügedən uşaqların rus ailələrinə övladlığa verilməsi ölkənin hüquqi aktlarına əsasən qanuni hesab edilib və rəsmi dairələr bu işdə hüquqi normativlərin tələblərinin tam yerinə yetirildiyini ifadə edirlər.

Bununla yanaşı, müharibədən xilas olmaq üçün Avropa ölkələrinə, eləcə də dünyanın müxtəlif dövlətlərinə köçən ukraynalı ailələrdə olan uşaqların sayı barədə dəqiq məlumat olmasa da, onların böyük əksəriyyətinin bir daha Ukraynaya qayıtmayacağına dair ehtimallar var. Bu isə, söz yox ki, ölkənin gələcək demoqrafik göstəricilərinə təsirsiz ötüşməyəcək.

Eyni zamanda, nəzərə alsaq ki, müharibə yaxın gələcəkdə sonlandırılmasa, ölkəni tərk edənlərin sayı getdikcə daha da çoxalacaq...

Müharibə bitdikdən sonra Ukraynanın dağıdılmış yaşayış məntəqələrinin bərpası uzun illər aparacaq. Bu müddət ərzində isə xaricə köçmüş ukraynalı ailələrdə böyüyən gənclərin başqa xalqlarla qohumluq quracağı və milli dəyişikliyə məruz qalacağı da ehtimallar sırasındadır. Bu da söz yox ki, gələcək Ukraynanın əhali sayına müəyyən qədər təsir edəcək, həm də yetişməkdə olan nəsilin genetik olaraq milli dəyərlərdən uzaqlaşmaq problemini törədəcək.

Müharibə boyunca Ukraynanın üzləşdiyi itkilərin sayına nəzər salsaq, görərik ki, döyüş əməliyyatlarında həlak olan ukraynalı hərbiçilərin sayı yetərincədir. Bu amil də bu ölkənin gələcəkdə etnik azalmaya məruz qalmasına, əhali arasında artımın aşağı düşməsinə ciddi təsir göstərəcək.

Hazırkı dövrdə müharibənin gətirdiyi problemləri dəf etməyə çalışan Ukraynanın ali orqanları ölkənin demoqrafik vəziyyətinin acınacaqlı hala düşdüyünə dair həyəcan təbili çalmağa risk etmir. Hələ ki, müharibə gedir...

Ukraynanın müdafiəsi uğrunda mübarizə aparanların sayı, müharibədən xilas olmaq üçün ölkəni tərk edənlərin sayı ilə müqayisədə demək olar ki, çox azdır.
Nəzərə alsaq ki, müharibə başlayandan indiyədək ölkədən gedənlərin sayı 5 milyona yaxınlaşır, bunun da demək olar ki, 40 faizə yaxınını gənc və orta yaş nəslinə mənsub kişilər təşkil edir, onda bu qənaətə gəlmək olar ki, bu ölkədə kosmopolit düşüncə geniş yayılıb, bu da həmin qisim insanların Ukraynaya milli-ideoloji dəyərlərlə bağlanmadığını, yalnız yaşayış yeri kimi bu ölkəni seçdiyini ifadə edir.

Ukraynalı uşaqları əhatə edən ən əsas amillərdən biri də onların təhsildən yayınmasıdır. Düzdür, deyə bilərik ki, Avropa dövlətlərinə sığınmış ukraynalı qaçqınlar arasında məktəb yaşlıların təhsilə cəlbi həmin ölkələr tərəfindən diqqətlə izlənir. Bəs Ukraynanın özündə necə? Hazırda döyüş əməliyyatı zonasında yaşayan ukraynalı ailələrin məktəb yaşlı üzvlərinin məktəbə getmək imkanı varmı? Sözsüz ki, bu ərazilərdə təhllükəsizlik baxımından təhsil olcaqlarının fəliyyəti qismən, ya da tamamilə məhdudlaşdırılıb. Buna görə də, müharibə zonasında uşaqların təhsildən kənar qalması onların gələcəyi üçün hansı fəsadları vəd edir, bunu təsəvvür etmək o qədər də çətin deyil.

Azyaşlı və yeniyetmələrlə bağlı daha bir ağrılı məsələ onların müharibədən aldığı psixoloji və mənəvi zərbələrdir. Ukraynalı uşaqların böyük bir qismi evsiz qalıb, məktəbdən kanarlaşıb, vaildeynlərinin ikisini də və yaxud birini itirib.

Bu travmalarla böyüyən ukraynalı azyaşlılar bir müddətdən sonra, daha dəqiq desək, müstəqil həyata qədəm qoyduqdan sonra cəmiyyətə uyğyunlaşma məsələsində çətinlik çəkəcək, özünü hamıdan təcrid edəcək. Belə şəraitdə böyüyən adamların bir qisminin cinayətə meylli olması hamıya bəllidir. Uşaqlığını çox ağrılı həyat tərzi ilə keçirən insanların böyük əksəriyyəti balaca yaşlarında aldığı travmaların təsirindən yaxa qurtara bilmir, böyüdükdə isə qisasçı olmağa çalışır. Onun böyüdüyü vaxta qədər isə həmin müharibə başa çatır, içindəki qisasçılıq hissini boğa bilməyən belə adamlar təmsil etdiyi cəmiyyətə qarşı çıxır, cinayətkarlığa daha çox meyl göstərir. Bu da Ukraynanın gələcəyi üçün indidən müəyyən problemlərin təməlinin qoyulmasını şərtləndirir.

Bütün bunlarla yanaşı, Rusiyaya aparılmış ukraynalı uşaqların da cinayətkar kimi yetişdirilib yenidən Ukraynaya dönməsi ehtimalı ciddi və təhlükəli versiya kimi qalır... Hansı ki, həmin uşaqları xilas etdiyini iddia kimi ortaya atan qarşı tərəf bu azyaşlıları Ukraynanın onlara sahib çıxmadığına inandıracaq, habelə öz doğmaları tərəfindən kimsəsiz buraxıldıqları təlqin ediləcək.

Bütün bu amillər gələcək üçün Ukraynanın əleyhinə yönəlik tədbirlər kimi xarakterizə edilə bilər.

Hər halda, Ukraynanın gələcək genofondu çox ağır sınaqlar qarşısındadır... Onun bu imtahandan necə çıxacağına cavab tapa bilmək isə ancaq zamandan asılıdır.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin