Ermənistanın Türk Dünyasına nə zamandan inteqrasiya olunub? – Almatı görüşü və İrəvandakı intriqadan DETALLAR

2021/08/ssa-(-1628323109.jpg
Oxunub: 691     11:58     10 May 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə Ermənistan və Azərbaycan arasında irəliləyişdən məmnun olduğunu, XİN rəhbərləri Ceyun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşündən müsbət nəticələr gözlədiyini bildirib.

Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın iddiasına görə, Qazaxıstanda keçiriləcək görüş “Ermənistanın türk dünyasına inteqrasiyası” kimi qəbul ediləcək. Görünür, erməni radikalların Günəndən başlatdığı yürüş Baqrat Qalstanyanın mayın 4-də ilkin məqsədini müəyyənləşdirdiyi çağırışlardan uzaqlaşıb.

Siyasi prosesin dinamikasının ən azından bir az başa düşülməsi üçün, yəqin ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin aprelin 14-də baş tutan İrəvana səfəri ilə başlayan hadisələrin xülasə xronologiyasını təkrarlamaq lazımdır. Beş gün sonra sərhəd təhlükəsizliyi və demarkasiyası üzrə Ermənistan-Azərbaycan komissiyalarının iclası keçirilib. Məlum olub ki, tərəflər 1991-ci il 21 dekabr tarixli Alma-Ata Bəyannaməsi əsasında Tavus-Qazax sektorunda sərhədin demarkasiyasını həyata keçirmək barədə razılığa gəliblər.

Üç gün sonra İlham Əliyev Moskvaya səfər etdi və Prezident, demək olar ki, bütün iş gününü Rusiya Prezidenti Vladimir Putinlə keçirdi. Bakıya qayıdan İlham Əliyev bəyan edib ki, Rusiya Qafqazın və daha geniş coğrafi məkanın təhlükəsizliyi üçün fundamental ölkədir və heç vaxt Qafqazı tərk etməyəcək. Aprelin son günlərində Erməni Apostol Kilsəsinin Tavus yeparxiyasının rəhbəri, radikal arxiyepiskop Baqrat Qalstanyan hərəkat təşəbbüsü ilə çıxış edib. Mayın 4-də o, yürüşlə İrəvana hərəkət etdiklərini, mayın 9-da orada olacaqlarını və hökumətdən “izah tələb edəcəklərini” açıqlayıb.

Bu gün Ermənistanda başqa şüarlar səslənir. Aksiyaya bağlı olan qanadlardan Baş nazir vəzifəsinə namizədin adları səslənir. Ən maraqlı yenilik bəlkə də planlaşdırılan mitinqdə Qarabağdan könüllü köçmüş ermənilərin iştirakı təbliğatıdır. Eyni zamanda, bu, Ermənistanda hakimiyyət dəyişikliyinin iştirakçısına çevrilmək və “Qarabağa qayıtmaq üçün qapı açmaq” həvəsləndirməsi ilə həyata keçirilir. Hansı siyasi texnologiyanın tətbiq edildiyi məsələnin əhəmiyyətsiz tərəfidir. Həm hüquq elminin, həm də siyasətin vəzifəsi istənilən vəziyyəti “bu kimə sərfəlidir?” prinsipi ilə qiymətləndirməkdir.

Əslində təqdim olunan budursa, “hakimiyyət dəyişikliyinə daha bir cəhd edəcəklər, uğursuzluğa düçar olacaqlar və evlərinə dağılacaqlar” gözləntisi əsaslı deyil. Çünki Ermənistanda vəziyyət idarə olunmasa, “sülh gündəminin klinik ölümü” qeydə alına bilər. Nəticədə bütün region ağır və son dərəcə ağır sınaqlara məruz qalacaq. Almatı görüşündə əldə olunacaq razılaşmaların ləğv edilməsi ümumilikdə regional təhlükəsizliyə zərbə endirmək demək olacaq.

Ən sonda isə Ermənistanın keçmiş xarici işlər naziri, keçmiş səfir Ara Ayvazyana demək istərdik ki, Ermənistan Türk Dünyasına KTMT və Avrasiya İqtisadi Birliyi (AİB) vasitəsilə inteqrasiya olunub. Prezident İlham Əliyevin 44 günlük müharibədən illər əvvəl səmimi şəkildə açıqladığı kimi, qeyd olunan iki strukturda Azərbaycan həmişə Ermənistandan daha çox müttəfiqlərə malik olub.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   TürkDünyası   Almatı  


Bizi "telegram"da izləyin