Ermənistanda kilsənin etiraz cəhdi münaqişənin formatını dəyişməyə hesablanıb? – ANALİZ

2024/05/789-1715251072.jpg
Oxunub: 1164     14:33     09 May 2024    
Azərbaycan və Ermənistan arasında əldə edilən razılıqdan sonra başlanmış delimitasiya və demarkasiya prosesinin Ermənistan cəmiyyətinin müəyyən bir qismi tərəfindən etirazla qarşılanması, bununla yanaşı, bu protestlərdə daha çox erməni din adamlarının adının hallanması əslində, Azərbaycan-Ermənistan danışıqlarını hərbi-siyasi, diplomatik konteksdən çıxarıb dini aspektlərə yönəltmək cəhdidir. Bu, çox güman ki, həm Qafqazda milli münaqişələrin dini xarakterli qarşıdurmalarla əvəzlənməsinə, milli-etnik ayrıseçkilik məzmunlu yeni ocaqların meydana gətirilməsinə, həm də bu gün daha çox siyasi, hərbi, iqtisadi imkanlara malik xristian dünyasının ictimai təşkilatlarının diqqətini ermənilərin üzərinə cəlb etməyə, eyni zamanda xristian dünyasından dəstək almağa hesablanıb.

Azərbaycanla delimitasiya əleyhinə Ermənistanın sərhəd kəndindən İrəvana başladılan yürüş bu ehtimalın həqiqətə yaxın olduğuna bir işarədir. Burada əsas nüans da bu yürüşə erməni keşişin başçılıq etməsidir.

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın İrəvanda kifayət qədər güclü, istər siyasi tərəfdarlarının çoxluğu, istərsə də geniş maaliyə imkanlarına malik olmaq baxımından xeyli sayda rəqibi mövcud olduğu halda, Azərbaycanla sərhəddə yerləşən bir inzibati rayonda yaradılmış “Vətən naminə Tavuş” hərəkatı Kirants (Xeyrimli) sərhəd kəndindən İrəvana yürüşə başlaması, söz yox ki, təsadüf deyil.

Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesində Almatı Bəyannaməsinin əsas götürlüdüyünü və bu bəyannamənin prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən hüquqi baza kimi qəbul edildiyini açıqlması erməni cəmiyyətində birmənalı qarşılanmır. Məhz bu amildən, yəni ermənilərin az da olsa, bir qisminin bu prinsipə qarşı çıxması Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesinə mane olanlar üçün yaxşı vasitəyə çevirilir.

Bəzi siyasi dairələr, analitik mərkəzlər, ayrı-ayrı politoloqlar hesab edir ki, bu işdə-yəni erməni din xadimlərinin etirazçılara rəhbərlik etməsində Rusiya və Fransa xüsusi xidmət orqanlarının birbaşa əli var.

Söz yox ki, bu gün dünyanın güc mərkəzlərinin, xüsusilə Qafqazda siyasi-hərbi, iqtisadi marağı olan ölkələrin kəşfiyyat, əks-kəşfiyyat orqanlarının diqqəti Ermənistandaxili proseslərə yönəlikdir və din xadimlərinin təşkil etdiyi etirazlarda müəyyən dairələrə təsir göstərir, bəlkə də yardım da edirlər.

Nəzərə alaq ki, Qriqoryan kilsəsinin Avropadakı xarici kəşfiyyat orqanları ilə əməkdaşlığına dair faktlar dəfələrlə təsdiqini tapıb. Bura xüsusilə Fransanın xüsusi xidmət orqanlarını nümunə çəkmək olar. Yaxın keçmişdən boylanan faktları yenidən diqqət mərkəzinə gətirək və açılan mənzərə bir çox qaranlıq məqama aydınlıq gətirəcək: 1988-89-cu illərdə Qarabağ iddiasına başlayan ermənilər arasında silahlı qruplaşmalar yaradılanda bu işdə təşkilatlanma xüsusilə erməni kilsəsinin vasitəçiliyi ilə aparılırdı və erməni silahlı quldur dəstələrinə xaricdən gələn ermənilər rəhbərlik edirdi. Əsasən Fransada təlim görmüş, bu ölkənin kəşfiyyat orqanlarının xətti ilə Qarabağa gəlmiş erməni terrorçular xüsusi aktivlikləri ilə seçilirdi.

44 günlük Vətən müharibəsindən sonra da Ermənistanın silahlandırılması məsələsində əsas canfəşanlıq rəsmi Paris tərəfindən nümayiş etdirilir.

Maraqlı bir sual meydana gəlir: Fransa Qafqazda nəyə nail olmaq istəyir?

Cavab çox sadədir: Rəsmi Parisin bu proseslərdə aktivlik göstərməsi onun üç istiqamətdə maraqlarını açıq şəkildə ifadə edir:

- Cənubi Qafqazda, məxsusilə Azərbaycanla siyasi, iqtisadi, mədəni və regional məsələlərdəki diplomatik əlaqələrdə yüksək nüfuza malik olan Böyük Britaniya ilə Fransanın münasibətləri heç kimə sirr deyil. Görünür ki, Paris Qafqazda Birləşmiş Krallığın da təmsil olunduğu enerji layihələrində Londondan nə isə “qoparmağa” çalışır. Bu üzdən də Azərbaycanla danışıqlar prosesini əngəlləmək, hadisələri başqa səmtə yönəltmək, bununla da bu gün icrada olan və gələcəyə hesablanmış iqtisadi, enerji layihələrini təhdid altına almağa çalışır;

- Azərbaycan-İngiltərə münasibətlərinin fonunda, Rusiya Federasiyasına qarşı nəinki Ukraynada, hətta Qafqaz siyasətində də həmrəylik nümayiş etdirən Avropa ölkələrinin biri kimi, Fransa Böyük Britaniya ilə birgə mövqe sərgiləyərək, Rusyanın Qafqazda sıxışdırılması məsələsində Avropa İttifaqının maraqlarını müdafiə etməyə çalışır və bu işdə xüsusilə Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına müdaxilə etməyə, daha konkret desək, Ermənistanın xeyrinə nələrəsə nail olmaq istəyir;

- Hazırkı Ermənistan rəhbərliyi isə daha çox Qafqazda sülhün bərqərar olmasına meyl nümayiş etdirir, Azərbaycanla düşmənçilik məsələlərinin tərəflərdən heç birinə xeyir gətirmədiyinə eyham vurur, həmçinin danışıqların vasitəçisiz aparılması məsələsində rəsmi Bakı ilə həmfikir olduğunu ortaya qoyur. Bu isə söz yox ki, Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe tutan, bununla yanaşı, Moskva ilə ən yüksək səviyyəli əlaqələrə malik olan Bakıya əks mövqe tutan rəsmi Parisin qıcıqlanması ilə nəticələnir. Buna görə də, Paris Ermənistanda baş qaldıran etiraz dalğasını dəstəkləməklə rəsmi İrəvana təzyiq göstərməyə cəhd edir. Hər iki tərəfin SSRİ dövrünün sənədlərinə - Azərbaycan SSR və Ermənistan SSR-in xəritələrinə istinad etməsi bu məsələ ətrafındakı danışıqlar prosesində dolayısı ilə Rusiyanın da iştirakını ehtimala çevirir. Digər tərəfdən, yaxın keçmişdə Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağdan çıxarılması Cənubi Qafqazda sülhün əleyhinə olan erməni diasporunun və onun havadarlarının əlində Rusiyaya qarşı təbliğat vasitəsinə çevirildi.


Bu amili ideoloji rüşeymə çevirib cücərtməyə çalışan Paris mümkündür ki, Azərbaycanla delimitasiya əleyhinə etirazları Ermənistandan Rusiya hərbi bazalarının çıxarılmasına yönəlmiş etiraz dalğasına çevirsin.

Hər halda, Ermənistandaxili proseslərin yaxın gələcəkdə məcrasının hara yönələcəyi çox şeydən xəbər verəcək.

Azərbaycanla delimitasiya əleyhinə etirazlar təşkil edən din xadimlərinin yürüşündə Rusiya Federaisyası xüsusi xidmət orqanlarının əli olduğunu ehtimal edənləri haqlı çıxaracaq bir neçə amil var ki, bunlardan biri və birincisi Moskva ilə siyasi əlaqələri tamamilə dalana dirəyən İrəvana təsir göstərmək marağının mövcudluğudur.

Əslində, motiv Azərbaycanla delimitasiya əleyhinə olsa da, etirazların genişlənərək dövlət çevirilişi səviyyəsinə qədər gəlib çıxmasına da hesablana bilər.

İndi dünyanın müxtəlif dairələrinin təsiri altında olan parçalanmış erməni cəmiyyəti əslində, birləşməyə ehtiyac duyur. Bunu çox yaxşı dərk edən maraqlı dairələr bu amildən ustalıqla istifadə etmək, öz maraqları naminə yararlanmaq istəyirlər. Buna görə də, Ermənistanda siyasi dairələr, hərbi təşkilatlar, sabiq siyasi-hərbi liderləri öz ətrafında cəmləşdirən birliklər deyil, din xadimlərinin, daha doğrusu, kilsənin əli ilə mövcud hakimiyyətə qarşı hərəkətə keçilib... Məsələyə obyektiv yanaşsaq, bu metod həm Fransa, həm də Rusiya kəşfiyyat orqanlarının iş prinsipinə daha çox oxşayır.

Düzdür, Ermənistanda revanşistlərin münbit şəraitin yetişməsini gözlədiyi faktdır. Paşinyan hökumətinin əleyhinə səfərbər olan və ölkədə ciddi dəyişikliklərin baş verməsini labüd hesab edən qüvvələr müvafiq məqamın yetişməsini səbirlə gözləyirlər... Bununla belə, erməni cəmiyyətinin böyük əksəriyyəti 44 günlük müharibədən sonra münaqişənin onlara heç bir fayda vermədiyini, bundan sonra da xeyir gətirməyəcəyini yaxşı dərk edir. Bu qisim Azərbaycana nifrətini gizlətməsə də, amma yenidən müharibəyə qayıtmaq, bunun fonunda isə iqtisadi çətinliklərin, sosial ehtiyacların məngnəsində çabalamaq istəmir. Ona görə də, Nikol Paşinyanın Azərbaycanla münasibətləri yaxşılaşdrmaq istiqmətində tutduğu mövqeni ancaq sükutla qarşılayırlar.

Paşinyanın əleyhdarları, revanşistlər və başqa-başqa dövlətlərin xüsusi xidmət orqanlarının vasitəsinə çevrilənlər isə hələ ki, mövcud vəziyyətdən çıxış yolunu axtarıb tapmağa özlərində cürət tapa bilmir. Onlar üçün mövcud olan utopik ideoloji amillər hələ də onların özlərini xarici güc mərkəzlərinin siyasi oyuncağına çevirməkdə davam edir.

Hərçənd, bu uzun müddət belə davam edəcək... Buna baxmayaraq, Cənubi Qafqazda sabitliyin əldə edilməsində maraqlı olan qüvvələrin regionda nüfuz və imkanlarının daha geniş olması belə deməyə imkan verir ki, Avropa və Asiyanın kəsişməsində yerləşən bu bölgəni növbəti faciələrdən xilas etməyə hələ ki, ümid var...

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran   Kilsə   Azərbaycan  


Bizi "telegram"da izləyin