Ermənistan “xristian dövləti” regiona təhdid, İrəvana yekun süqut vəd edir – ANALİZ

2024/05/1715158853.jpg
Oxunub: 703     15:29     08 May 2024    
Sosial şəbəkələrin erməni seqmentində Erməni Apostol Kilsəsinin Tavus yeparxiyasının rəhbərinin rəhbərlik etdiyi hərəkatla bağlı Ermənistanın “xristian dövləti” ola biləcəyi ilə bağlı fikir səsləndirilib.

Xatıqladaq ki, Qarabağda separatçılar 2017-ci ildə belə bir fikri açıq şəkildə ifadə ediblər. Qondarma qurumun “Xristian Qarabağ Respublikası” adlandırılması “təklifi” var idi. “İdeya” daha da inkişaf etdirilmədi. Ötən il Robert Köçəryan Ermənistanda nüfuzlu din xadiminin hakimiyyətə gəlməsi ehtimalından danışmışdı. Bu gün artıq bir presedent qeyd olunur: Kiprin ilk prezidenti din xadimi olub.

Amma arxiyepiskop Makariosun Kiprin ilk prezident seçkilərində iştirak etməsi və ölkə rəhbəri seçilməsi başqa məsələdir, əgər söhbət “xristian dövləti”ndən, yəni dini idarəçilikdən gedirsə, mövzu tamam başqadır. Xüsusilə Ermənistan otuz üç il ərzində dünyəvi dövlət olub, üç prezidenti olub, 2017-ci ildə konstitusiya dəyişikliyi ilə parlament idarəçiliyinə keçib.

Artıq bir neçə siyasi qüvvə Tavus yeparxiyasının liderinin rəhbərlik etdiyi hərəkata dəstək ifadə edib. Yepiskop deyib ki, patriarxın xeyir-duası olmadan o, heç bir işə başlamayacaq və heç nə etmir. Buna uyğun olaraq belə bir sual yaranır ki, hərəkat sadə bir şəkildə hakimiyyət dəyişikliyini, yoxsa Ermənistanda radikal yönümlü xristianlığın “bərqərar olması”nı hədəfləyir?

“Kritik” tərəfdar kütləsinin birləşdirilməsi və Nikol Paşinyanın istefasına nail olunması, növbədənkənar seçkilərin keçirilməsi və yeni hökumətin formalaşdırılması dünyəvi siyasi prosesdir, konstitusion hüququn reallaşmasıdır. Amma Ermənistanda hakimiyyət dəyişikliyindən sonra “xristian dövlətinin yaradılması”na təşəbbüs göstərmək nəinki konstitusiyaya ziddir, habelə region ölkələrinə təhdiddir. Çünki bu, qonşu ölkələrin ərazi bütövlüyünü təhdid edəcək yenidən konstitusiya dəyişikliyi deməkdir.

Məsələnin digər tərəfinə keçək, burada bir hal son dərəcə vacibdir. Tavus yeparxiyasının, əslində Erməni Apostol Kilsəsinin rəhbərinin rəhbərlik etdiyi hərəkat mahiyyətcə Ermənistanın indiki hakimiyyətinin geosiyasi oriyentasiyasına qarşıdır. Bəs Ermənistanın “xristian dövləti”nin istiqaməti necə olacaq? Bu gün xristian dünyası daha çox parçalanıb. Əgər əvvəllər rəqabət yalnız Vatikan və Pravoslav Kilsəsi arasında gedirdisə, Ukrayna böhranı fonunda Pravoslav Kilsəsi də rəqiblərə bölünüb. Bu, Yunan Ortodoks Patriarxı ilə Moskva və Bütün Rusiya Patriarxı arasında kəskin ziddiyyətlərlə özünü göstərir.

Ermənistanın “xristian dövləti” xristian dünyasının hansı “qanad”ını tərəfdaş seçəcək? Erməni Apostol Kilsəsi nə katolikdir, nə də pravoslavdır, artıq on beş əsrdir dini-məzhəbli avtokefal strukturdur, öz təqvimi və ritualına malikdir. Dünyəvi Ermənistanın yalnız bir seçimi var: Rusiya, yoxsa Qərb, KTMT-nin təhlükəsizlik sistemi, yoxsa diversifikasiya? Ermənistanın “xristian dövləti” əməkdaşlıq üçün ən azı üç variantla üzləşəcək: Vatikan, Yunan Ortodoks Patriarxı və Rus Pravoslav Kilsəsi.

Ermənistanın dörd qonşusundan üçü - Türkiyə, Azərbaycan və İran İslam ölkəsidir, Gürcüstan isə pravoslav xristiandır. Bu ölkələr Ermənistanın “xristian dövləti”ni necə qəbul edəcəklər? Habelə bu o halda baş verir ki, Vatikan və Rus Pravoslav Kilsəsi Yaxın Şərqdə nüfuz uğrunda şiddətli rəqibdir. Üstəlik, hər ikisi İslam dünyası ilə daha sıx əməkdaşlığa can atır. Bu baxımdan, Ermənistanın “xristian dövləti” İrəvanı nəinki daha da təcrid olunmağa, həm də çox təhlükəli dini-teoloji, tarixi-mədəni “debata” sövq edəcək, erməni xalqının mənəvi kimliyini sınaqdan keçirəcək.

Ermənistanın “xristian dövləti” ilə maraqlanan mərkəz varmı? Yoxsa sosial medianın erməni seqmentində yazılanlar Kiprin ilk prezidentinin presedentindən irəli gələn sırf şəxsi, “xoş arzular”dır?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İrəvan   Süqut  


Bizi "telegram"da izləyin