Kosaçov-Kalaşnikov cütlüyünün Bakı səfəri Ermənistanın təxribatlara hazırlığı ilə bağlıdır? – BAXIŞ BUCAĞI

2024/05/1714811444.jpg
Oxunub: 1843     17:32     04 May 2024    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib.

Moskvada demək olar bir iş günü davam edən Vladimir Putin-İlham Əliyev danışıqlarından sonra Rusiya rəsmilərinin Bakıya səfəri təəccüblü deyil. Prezidentlərin əldə etdikləri əsas razılaşmalar praktiki görünüşə gətirilir, bununla yanaşı bir sıra regional məsələlərin müzakirəsi baş tutur.

Bu baxımdan, Kosaçov-Kalaşnikov çütlüyünün sırf siyasi missiyası da ola bilər. Üstəlik, onlar iki mühüm hadisə fonunda Bakıya göndəriliblər. Birincisi, şübhəsiz ki, Almatıda Azərbaycan-Ermənistan nazirlər görüşü razılaşmasıdır, xüsusilə bununla bağlı Qazaxıstan Prezidentinin bəyanatı müəyyən dərəcədə Azərbaycan-Ermənistan tənzimləməsi və demarkasiyasının hüquqi əsasını müəyyənləşdirir, 1991-ci il dekabrın 21-də imzalanmış Alma-Ata Bəyannaməsinin tarixini vurğulayır.

İkinci hadisə Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun Bakıya səfəridir. Yeri gəlmişkən, ötən aylarda bir neçə dəfə İlham Əliyevlə həmrəylik ifadə edən, bütün “qırmızı xətlər”i keçmiş Ermənistana və onun hakimiyyətinə qarşı münasibət məsələsində Kosaçov və Kalaşnikov Bakıya hansı mesajı çatdırıb?

Almatıda artıq razılaşdırılmış Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü Moskvanı maraqlandırmır desək böyük səhv etmiş olarıq. Xüsusən Ukrayna da Almatıdakı görüşü dəstəklədiyini bildirib, ötən gün isə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi dövlət katibi Entoni Blinkenin Ermənistan-Azərbaycan böhranının həllində iştirak etdiyini açıqlayıb. Almatı görüşü razılaşmasının elan edilməsindən əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Qazaxıstana səfəri də diqqət çəkir.

Mərkəzi Asiya ölkələri münasibətlərin qarşılıqlı təhlükəsizlik təminatları əsasında tənzimlənməsinə keçiblər ki, bu da proqnozlara görə, regional inteqrasiyanın institusionallaşmasına gətirib çıxarmalıdır. Görünür, rusiyalı politoloq Tarasovun Ermənistan-Azərbaycan danışıqlarının Qərb platformasının ləğvi və postsovet ərazisinə qayıdışın Moskva üçün məqbul olması ilə bağlı müşahidəsi reallıqdan uzaqdır. Bəzi ekspertlər düşünürlər ki, Ermənistan-Azərbaycan tarixi barışığı Cənubi Qafqaz “iqtisadi və kommunikasiya konfederasiyası”na çevrilə bilər və hər iki halda Rusiyanın regional deyil, qlobal-geosiyasi maraqları sarsılır.

Digər tərəfdən, İrəvanın razılaşdırılmış görüşdən imtina etməsi bütün aspektlərdə son dərəcə fövqəladə və qalmaqallı olacaq, Paşinyan danışıqları uğursuz etmək üçün həmişə səbəb tapa bilər. Eyni zamanda, Ermənistan müdafiə nazirliyi hazırlıq planına əsasən, təlim toplanışlarının keçiriləcəyini açıqlayıb. Ermənistan və Azərbaycanın sülhə həmişəkindən daha yaxın olduğunu söyləmək və ordunu hazırlıq vəziyyətinə gətirmək bir araya sığmır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalaşnikov   Bakı   Səfər   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin